ABŞ İranı təhdid etdi: “Belə davam edərsə, məsələsinə baxacağıq”


 
 
ABŞ Tehranın BAEA mütəxəssislərinin Kerec şəhərindəki Sentrifuqa Texnologiyaları Şirkətinin kompleksinə girməsinə icazə verməməsini sərt şəkildə qınayıb.
 
Ovqat.com-un məlumatına görə, BAEA-nın İdarə Heyətinin iclasında çıxış edən ABŞ nümayəndəsi Luis Bono Tehranı beynəlxalq nümayəndələrin sentrifuqa kompeksinə girmələrinə şərait yaratmağa çağırıb.
 
"İranı daha çox gecikmədən kompleksə girməyə icazə verməyə çağırırıq. Bu addım atılmasa, yaxın günlərdə BAEA-nın İdarə Heyətinin digər üzvləri ilə adekvat cavab mövzusunda geniş məsləhətləşmələr aparacağıq”, - ABŞ yetkilisi belə deyib.


 
Qeyd edək ki, BAEA-nın bugünkü açıqlamasında İranın iki həftə əvvəl imzalanan müqaviləyə uyğun olaraq, nüvə obyektlərinə kameraların girişinə icazə verən şərtlərə tam əməl etmədiyi vurğulanmışdı.
 
İran ilə BAEA arasında sentyabrın 12-də əldə olunan razılığa əsasən, qurumun mütəxəssisləri nüvə obyektlərinin təhlükəsizlik kameralarına yeni yaddaş kartları yerləşdirə və şəkil çəkə bilərlər. BAEA bu məqsədlə İrana göndərdiyi mütəxəssislərin Kerec şəhərində yerləşən Sentrifuqa Texnologiyaları Şirkəti kompleksində sentrifuqa komponentləri istehsal edən bir montaj obyektini incələmələrinə və təhlükəsizlik kameralarındakı yaddaş kartlarını dəyişdirmələrinə icazə verilmədiyini açıqlamışdı.


 
İranın Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisindəki daimi nümayəndəsi səfir Kazım Qəribabadi isə BAEA-nın bəyanatına cavab verərək bildirmişdi ki, bağlanan sazişdə Sentrifuqa Texnologiya Şirkəti kompleksindəki montaj obyektinin incələnməsi barədə hər hansı maddə yoxdur.
 
Qəribabadinin fikrincə, bu səbəbdən də BAEA-nın 26 sentyabr hesabatı qeyri-dəqiqdir və razılaşdırılmış şərtləri aşır: “İranın monitorinq avadanlığı ilə bağlı verilən qərar hüquqi yox, yalnız siyasi mülahizələrə əsaslanır. "
 
Xatırladaq ki, sözügedən sentrifuqaların montaj binası ötən iyun ayında hücuma məruz almış, İran bunu İsrailin təxribat cəhdi kimi qiymətləndirmişdi. Qaribabadi açıqlamasında son bir il ərzində İranın nüvə obyektlərinə edilən üç terror hücumundan sonra BAEA-nın bu təcavüzü hələ də pisləməməsinin təəssüf doğurduğunu vurğulamışdı



Tarix: 28-09-2021, 09:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}