Azərbaycan əcnəbilərin uşaqlarına vətəndaşlıq vermədiyinə görə cərimələndi


Azərbaycan əcnəbilərin uşaqlarına vətəndaşlıq vermədiyinə görə cərimələndiAvropa İnsan Haqları Məhkəməsi

Yanvarın 13-də Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı şikayətlər üzrə daha altı qərarı açıqlanıb. Bu 6 qərar üzrə şikayətçilərə ümumilikdə 126 min avrodan çox kompensasiya ödənilməlidir.

Bizimyol.info xəbər verir ki, qərarlardan biri əcnəbilərin şikayətləri əsasında çıxarılıb. Onların sayı ümumilikdə 7 nəfərdir - Səid Haşemi, Məhəmməd Ehsani, Ruhullah Rüstəmi, Şaimə Əliközie, Nafiza Əhmədzadə, Eyaz Qureşi və Məhəmməd Heydəri. Bu şəxslər göstəriblər ki, Azərbaycanda olduqları dövrdə uşaqları dünyaya gəlsə də, həmin uşaqlara bu ölkənin vətəndaşlığı verilməyib. Söhbət ümumilikdə 15 uşaqdan gedir. Uşaqların hər iki valideyni əcnəbidir.
Əcnəbi şikayətçilər Avropa Məhkəməsinə şikayətlərində bildiriblər ki, uşaqlara vətəndaşlıq verilməməsi Azərbaycanın qoşulduğu İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə Dair Avropa Konvensiyasının 8-ci (şəxsi həyata hörmət hüququ) maddəsinin pozulmasıdır. Avropa Məhkəməsi də bu pozuntunu tanıyıb və qəbul etdiyi qərarla Azərbaycanın üzərinə əcnəbi şikayətçilərin hər birinə 2100 avro kompensasiya ödəmək öhdəliyi qoyub.
Avropa Məhkəməsində əcnəbi ərizəçilərin hüquqlarını müdafiə edən hüquqşünaslardan Asima Nəsirli bildirib ki, 2014-cü ildə vətəndaşlıqla bağlı qanunvericiliyə dəyişiklik edilib. Amma yeni dəyişikliklər əvvəlki münasibətlərə də tətbiq olunub: “Yəni dəyişikliklərdən əvvəl doğulmuş həmin uşaqların da vətəndaşlığı tanınmayıb, onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilib. Avropa Məhkəməsi də qərarında qeyd edib ki, yerli məhkəmələrin bu işlərlə bağlı şərhi Azərbaycanın vətəndaşlıq qanununun mənasına ziddir. Həmin uşaqlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsindən imtina olunması Avropa Konvensiyasının 8-ci maddəsilə qorunan şəxsi həyata hörmət hüququnun pozuntusudur”.
Yanvarın 13-də Avropa Məhkəməsində verilən qərarlardan biri də Ümid partiyasının sədri İqbal Ağazadənin şikayətilə bağlıdır. Qərara əsasən, partiya sədrinin ərizəsi baxılacaq işlərin siyahısından çıxarılıb. Çünki onun özü şikayətini geri götürüb.
Ərizənin mahiyyətinə gəlincə, İqbal Ağazadə 2015-ci ildə keçirilmiş parlament seçkilərində baş verənlərdən şikayətçi olmuşdu.
Daha bir qərar isə Qan Turalı kimi tanınan yazar Tural Cəfərovun şikayəti üzrə açıqlanıb. Bu işdə Azərbaycan hökumətilə şikayətçi tərəf anlaşıb. Dostcasına anlaşmaya əsasən, hökumət yazara 8300 avro təzminat ödəməyi öhdəsinə götürüb.
Bu şikayət isə Tural Cəfərovun şəxsi həyatına aid görüntülərin gizli çəkilməsi və yayılmasıyla əlaqədar idi.
Tarix: 14-01-2022, 09:26




Xəbər lenti