Savaş olsa, Ukraynanı Kremlə “hədiyyə” edəcəklər


Rusiyanın Ukraynaya məxsus Xarkov, Dnepr və Odessa bölgələrini işğal edəcəyi, rəsmi Kiyevin Kremllə təkbaşına buraxılacağı ehtimal olunur; ABŞ və Qərbin Rusiyaya qarşı dağıdıcı sanksiya hədələri isə blefdir, çünki Kremldə də belə embarqoların bumeranq effekti verəcəyini, dünya maliyyə-iqtisadi sistemini iflasa uğradacağını anlayırlar...

Ukrayna böhranı ətrafında yaranmış beynəlxalq gərginlik artıq həlledici mərhələyə yaxınlaşır. ABŞ və NATO-nun Rusiya ilə qarşıdurmasında qüvvələr nisbəti böyük ölçüdə dəqiqləşmək üzrədir. Və qarşıduran tərəflərdən hansının Ukrayna hərbi-siyasi poliqonundan mütləq üstünlüklə ayrılacağı yəqin ki, ən yaxın günlərdə məlum olacaq.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna böhranının qlobal savaşla nəticələnə biləcəyi də qətiyyən istisna deyil. Hazırda Rusiyanın Ukraynaya nə vaxt hərbi müdaxilə edəcəyi ilə bağlı sual beynəlxalq siyasət məkanında əsas gündəm mövzudur. Halbuki Kreml Rusiyanın belə bir niyyətinin olmadığını israrla təkrarlamaqda davam edir.
Ancaq Rusiyanın Ukrayna sərhədlərinə çoxlu sayda canlı qüvvə və hərbi texnika cəmləşdirməsi Kremlin israrlı təkziblərinə etimadı zəiflədir. Üstəlik, Rusiya Ukrayna sərhədlərinə cəmləşdirdiyi hərbi qüvvələrlə, xüsusilə də, döyüş təyyarələri ilə təlimlərə başlayıb. Və bu, Kremlin Ukraynaya qarşı savaş ssenarisini sınaqdan çıxartması kimi dəyərləndirilir.
15522306bc3db94cd75cc9849dbd0d40.jpg (64 KB)
Maraqlıdır ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləyə başlayacağı vaxtla bağlı da kifayət qədər ziddiyyətli məlumatlar və iddialar gündəmə gətirilməkdədir. ABŞ hesab edir ki, Rusiya qoşunları Ukrayna sərhədlərini fevralın əvvəllərində keçəcək. Ancaq Ukrayna hərbi dairələri Rusiyanın fevralın ikinci ongünlüyündə savaşa başlayacağını iddia edirlər. Həmin iddialara görə, Kreml fevralın 20-də savaşa başlamaq qərarı verə bilər.
Ukrayna poliqonunda savaşa bulaşmaq təhlükəsi olan dövlətlərin son davranışları da bir qədər müəammalı xarakter daşıyır. Həmin davranışlar bir tərəfdən savaşın baş vermə ehtimalının kifayət qədər yüksək olduğunu, digər tərəfdənsə, Ukraynanın bu müharibədə umduğu dəstəyi tam ala biləcəyinə şübhələri daha da artırır. Və bu ziddiyyətlər rəsmi Kiyev üçün o qədər də əlverişli təhlükəsizlik perspektivləri vəd etmir.
Məsələ ondadır ki, Avropa Birliyində avanqard mövqeyə sahib olan Almaniya-Fransa cütlüyü ABŞ və NATO-nun Rusiya ilə hərbi-siyasi qarşıdurma kampaniyasını dəstəkləmir. Almaniya ümumiyyətlə, bu qarşıdurmaya qarşı çıxmaqla yanaşı, Ukraynaya silah satmaqdan imtina edib, üstəlik bu ölkəyə hərbi texnika göndərən dünya dövlətlərinə öz hava məkanını qapadıb. Bu, ABŞ və NATO üçün Rusiya ilə qarşıdurmada böyük hərbi-siyasi itki sayıla bilər.
Digər tərəfdən, NATO üzvü olan Xorvatiya da Rusiyanın savaşa başlayacağı təqdirdə, öz hərbi kontingentini Ukrayna ilə sərhəd regiondan geri çəkəcəyini bəyanlayıb. Bu isə o deməkdir ki, NATO ölkələri arasında da Rusiya ilə qarşıdurmaya münasibətdə parçalanma və ziddiyyətlər mövcuddur. Və belə vəziyyətdə NATO-dan verilən son açıqlamanın məzmunu da müəmmalı xarakter daşıyır.
61b122514cf3861b122514cf39163899860961b122514cf3561b122514cf36.jpg (186 KB) 
Maraqlıdır ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın savaşa başlayacağı təqdirdə, bu hərbi-siyasi alyansın Ukraynaya silahlı qüvvə göndərməyəcəyini bildirib. Rəsmi Kiyev üçün nə qədər gözlənilməz olsa da, ABŞ-ın mövqeyi də məzmunca NATO baş katibinin açıqlamasına paralellik təşkil edir. Çünki, Ağ Evdən bildiriblər ki, prezident Co Baydenin savaş halında, Ukraynaya silahlı qüvvə göndərmək niyyəti yoxdur və ümumiyyətlə, bu barədə düşünmür.
Halbuki, Rusiya ilə qarşıdurmanın əsas təşəbbüskarları, eləcə də, ssenari müəllifləri statusunu məhz ABŞ və NATO öz üzərinə çəkmişdi. Ukraynanı da bu qarşıdurmanın mərkəzinə elə ABŞ və NATO yerləşdirmişdi. İndi ABŞ və NATO-nun birdən-birə belə sürətlə geri çəkilməsi kifayət qədər suallarla yanaşı, ciddi şübhələr də doğurur. Və rəsmi Kiyevin Rusiya qarşısında hərbi dəstəksiz, həm də təkbaşına buraxılması Ukrayna üçün böyük fəlakətlə nəticələnə bilər.
Belə görünür ki, ABŞ və NATO Rusiya ilə səhnəarxası danışıqlar apararaq, artıq bəzi məsələlər üzrə anlaşıb. Qərb mətbuatının iddialarına görə, ABŞ və NATO Ukrayna, Qazaxıstan və Suriyanı Rusiyaya güzəştə gedib. Kreml bu üç ölkədə və onların yerləşdikləri regionlarda Rusiyanın maraqlarının təmin edilməsində artıq sərbəstdir. Əvəzindəsə, Kreml ABŞ və NATO-nun Şərqi Avropa ölkələrinə yerləşməsinə daha tolerant yanaşacaq. Ona görə də, ABŞ və NATO Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə, sadəcə, “passiv dəstək” mövqeyində qalmaq barədə öhdəlik götürdüyü istisna deyil.
Yəni, ABŞ və NATO Kremlin tələblərinə baxmayaraq, Rusiyaya “təhlükəsizlik təminatı” verməyəcək. Ancaq Rusiyanın həmin təminatı hərbi güc tətbiq etməklə, özünün əldə etməsinə də əngəl törədilməyəcək. Nəticədə bir tərəfdən, rəsmi Kiyev NATO-ya üzv ola bilməyəcək, digər tərəfdənsə, Rusiya savaşa başlayacağı təqdirdə, Ukrayna parçalanacaq.
zelenski-ukrayna-ordu.jpg (10 KB) 
Maraqlıdır ki, Ukraynanın hərbi-siyasi dairələrində hadisələrin belə istiqamət ala biləcəyinə ciddi yanaşırlar. Hətta Ukrayna Müdafiə Nazirliyinə yaxın dairələr Rusiyanın fevralın 20-də hücuma keçərək, ölkənin Xarkov, Dnepr və Odessa bölgələrini ələ keçirə biləcəyini vurğulayırlar. Bunun qarşılığındasa, ABŞ və Qərbin verəcəyi reaksiyanın Ukraynanın Krım yarımadası Rusiya tərəfindən ilhaq edilərkən tutduğu mövqedən qətiyyən fərqlənməyəcəyini düşünürlər.
Ona görə də, son günlər rəsmi Kiyevin Kremllə təmaslara və qarşıdurmanı siyasi-diplomatik yolla həllinə daha çox cəhd göstərməsi də qətiyyən təəccüblü deyil. Ancaq Ukrayna üçün Kremllə belə təmasları qura biləcək yalnız Türkiyənin olduğu da diqqəti çəkir. Halbuki, hazırda ABŞ və NATO ilə anlaşdığı ehtimal olunan Kremlin öz üstün mövqeyini danışıqlara başlamaqla, korlamaq istəmir. Yəni, Rusiya Ukrayna ilə danışıqlara da deyil, məhz özünə lazım olan hər şeyi zorla əldə etməyə meyilli görünür.
Təbii ki, bütün bunlardan müəyyən nəticələr çıxartmaq olar. Belə anlaşılır ki, ABŞ və NATO Rusiya ilə hərbi toqquşmalara hazır deyil və buna hazırda cəsarəti çatmır. Bu səbəbdən də, Kremllə anlaşaraq, Ukraynanı Rusiyaya qurban verir. Hazırda ABŞ və Qərbin Rusiyanı daha dağıdıcı sanksiyalarla hədələməsi isə əsl reallıqda sadəcə, blefdən başqa bir şey deyil.
Məsələ ondadır ki, ABŞ və Qərb Rusiyanı yeni maliyyə-iqtisadi qorxutmağa çalışır. Bəzi məlumatlara görə, həmin sanksiyaların sırasına Rusiyanın beynəlxalq maliyyə-iqtisadi əməliyyatlarını bloklamaq, ixrac-idxal prosesini dayandırmaq, bankların çökdürülməsi, dollarla xarici ticari ödənişlərin aparılmasına qadağaların qoyulması və s. bu kimi addımlar daxildir. Yəni, ABŞ və Qərb əslində, müəyyən mənada, Rusiyanı beynəlxalq maliyyə-iqtisadi sistemdən kənarlaşdırmaqla hədələyir.
putin-bayden-kollaj.jpg (808 KB) 
Ancaq artıq məlum olur ki, ABŞ və Qərb öz hədələrini reallaşdırmaq imkanlarına malik deyil. Rusiyanın beynəlxalq maliyyə-iqtisadi sistemdən qoparılması bu nəhəng ölkəni həqiqən də çökdürə bilər. Halbuki bu addımın bumeranq effekti yarada biləcəyi də qətiyyən diqqətdən qaçırılmamalıdır. Çünki, Rusiyanın bu yolla çökdürülməsi bütün dünya ölkələrinə sarsıdıcı maliyyə-iqtisadi zərbələr vura bilər. Və həmin sarsıdıcı zərbələrin törədə biləcəyi nəticələr Rusiyanın üzləşdiyi dağıdıcı durumdan elə də ciddi şəkildə fərqlənməz.
Məsələn, Rusiyanın əsas ixrac sahəsi neft-qaz sektoru ilə bağlıdır. Əgər, Rusiyanın enerji resurslarının dünya bazarına çıxarılmasına qadağa qoyularsa, bu, dünyada neft və təbii qaz böhranı yarada bilər. Xüsusilə də, Avropa Birlıyi ölkələri əsas təbii qaz qaynağını itirmiş olar. Bu isə Avropa Birliyi məkanında kütləvi iğtişaşlar və xaos təhlükəsi deməkdir. Davamındasa, belə vəziyyət həm də Avropa Birliyi ölkələri ilə ABŞ arasında kəskin ziddiyyətlər, hətta qarşıdurma yarada bilər.
Belə misalları artırmaq da olar. Hər halda, Kreml də Rusiyanın dünya maliyyə-iqtisadi məkanında olduqca ciddi paya sahib olduğunu bilməmiş deyil. Ona görə də, Rusiya dairələri ABŞ və Qərbin sanksiya xəbərdarlığına həm əhəmiyyət vermir, həm də geri çəkilməyə ehtiyac duymur. Və öz aqressiv mövqeyində maksimum səviyyədə israrlı davranır.
Belə görünür ki, ABŞ və NATO bu dəfə Rusiya qarşısında tam geri çəkilməsə də, Kremlə kifayət qədər ciddi güzəştlər etmək məcburiyyətində qalıb. Xüsusilə də, Rusiyanın önünə çıxartdığı Ukraynanı Kremlə qurban verib. Və bu baxımdan, Rusiyanın öz beytnəlxalq rəqibləri ilə qarşıdurmadan bu dəfə də itkisiz çıxa biləcəyini düşünmək olar.
Elçin XALİDBƏYLİ
Müsavat.com
Tarix: 26-01-2022, 22:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}