"Get-gedə erməni xalqı anlamağa başlayacaq ki, onun tək şansı Türkün qanadı altına girməkdir"


Tanınmış ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru  Qafar Çaxmaqlı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan son addımları və Paşinyanın mart ayında Antalyada keçirilməsi nəzərdə tutulan beynəlxalq forumda iştirak edəcəyini bildirməsini Moderator.az-a şərh edib:
 

"Əvvəla onu deyək ki, Ermənistanla Türkiyə arasında münasibətlərin qurulmasında heç bir şərt irəli sürülməməsi prinsipi elə ilk görüşdə pozulub. Şərt öz-özlüyündə ortadadır. Bu münasibətlərin qurulmasında hər bir ölkə qarşı tərəflə bağlı siyasətinə və ideologiyasına dəyişiklik etməlidir. Əgər hələ də Türkiyəyə qarşı ərazi iddiaları Ermənistan Konstitusiyasında aradan qalxmayıbsa, "erməni soyqırımı" ideologiyası dövlət siyasətinin tərkib hissəsi kimi qalırsa, hələ də Ermənistanın gerbində Ağrı dağı rəsmi qalırsa, əlaqələri normallaşdırmaq tədbirləri heç bir nəticə verməz. Ermənistanın da təbii ki, Türkiyədən bəzi tələbləri olacaq. İndi həm ölkə içində, həm də diasporada bunların müzakirəsi gedir. Erməni diasporunun ayrı ayrı qanadları arasında fikir ayrılıqları var, istər istəməz bu proseslərin nəticə verməsinə təsir edəcək. Belə görünür ki, həm xaricdəki erməni dini mərkəzlərinin, xüsusən Kilikiya, İstanbul Katolikosluğunun yanaşması diasporanın məsələlərə prakmatik baxışını formalaşdıracaq. Onlar danışıqların nəticə verməsi tərəfadarıdırlar və indiki durumda bu əlaqələrin qurulmasını, sərhədlərin açılmasını Ermənistanın xilası hesab edirlər. Diasporanın bəzi qanadları susqunluğunu davam etdirsə də din xadimlərinin işə qarışması onların da fikrinin əməkdaşlıqdan yana olmasına təsir edəcək. Paşinyan bunları hesablamamış deyil və Türkiyə ilə sağlam münasibətlərin yaradılması onun hakimiyyətinin uzunömürlülüyünü təmin edəcək. Ona qarşı Antalyada hər hansı təxribat və ya ermənilər tərəfindən sui-qəsd ehtimalı ola bilərmi? Məncə təhlükəzliyini öhdəsinə almış Türkiyə buna imkan verməz. Həm müstəqim mənada, həm də məcazi anlamda Paşinyanı qorumaq lazım gələcək. Həm də onu Ermənistanın bölgədə apardığı siyasətinin davamlılığını təmin etmək baxımından qorunmalıdır.  Bir sözlə, Ermənistan Türkiyə münasibətləri tarixdə heç zaman olmayan bir mərhələyə qədəm qoymuşdur. Erməni xalqı da get gedə anlamağa başlamışdır ki, onun bu regionda qalıb yaşamasının tək şansı işğalçılıq niyyətlərindən və əsassız odfialardan vaz keçib müəyyən mənada Türkün qanadı altına girməkdir.  Fərqli təqdirdə belə bir militarist dövlətin mövcudluğu sual altına düşə bilər. Əslində Türkiyə Ermənistana seçim şansı vermişdir. Baxaq, görək anlacaqlarmı?

Tarix: 27-01-2022, 16:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}