İcra Hakimiyyətlərinin ləğvini məcbur edən SƏBƏBLƏR – Onlar necə əvəzlənəcək?


4 may 2022-ci il tarixdə Ölkə Başçısının sərəncamı ilə Vahid Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edildi. Beləliklə, Azərbaycanda yeni formalaşan idarəetmə institutun daha bir seqmenti yarandı. Bununla da Ölkə Başçısının xüsusi nümayəndələrinin sayı 3 -ə çatdı.

Xüsusi nümayəndəliklər icra hakimiyyətlərindən nə ilə fərqlənir?

Bəri başdan qeyd edək ki, xüsusi nümayəndəliklərin əsasnaməsi Azərbaycan Prezidentinin 4 fevral 2021-ci il tarixli fərmanı ilə təsdiq olunub. Əsasnaməyə əsasən xüsusi nümayəndəliklərə bir sıra səlahiyyətlər verilib.

Məsələn, xüsusi nümayəndəlik müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının müvafiq ərazidə əlaqələndirilmiş fəaliyyətini təmin edir, əhalinin rifahının yaxşılaşdırılmasına nail olunması üçün müvafiq dövlət proqramlarının icrasına nəzarətdə iştirak edir, müvafiq ərazi hüdudlarında dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya istifadəyə, icarəyə verilməsinin qərar verir və s. Halbuki, bu və sadalamadığımız digər vəzifə və səlahiyyətlər mövcud olan icra strukturlarında yoxdur.

Bu isə o deməkdir ki, xüsusi nümayəndəliklər müstəqil qərarlar vermək hüququna malikdir. Bu da regionların sosial-iqtisadi inkişafına konkret töhfə verir. Eyni zamanda, sosial problemlərin həllində biləvasitə iştirak edir.

İcra Hakimiyyətləri öz ömürlərini başa vurur?

Yada salaq ki, yerli icra hakimiyyəti institutları 1991-ci ildə yaradılıb. Vəzifələrini isə bir cümlə ilə ifadə etmək olar: Bu institut Respublika Prezidentinin fərman və sərəncamlarının yerlərdə icrasına yardım göstərir. Fikir verin, sadəcə yardım göstərir. Müvaviq ərazinin iqtisadi inkişafında, hansısa sosial problemin həllində İcra Hakimiyyətləri birbaşa iştirakçı deyil. Onsuzda az səlahiyyətə malik icra hakimiyyətləri sonrakı illərdə, konkret olaraq 1999-cu ildə yerli özünüidarəetmə (bələdiyyələr) institutu yaradıldıqdan sonra ancaq seyrçi bir orqana çevrildi. Bu gün icra hakimiyyəti orqanları müvafiq ərazilərin sosial-iqtisadi inkişafında, sosial problemlərin həllində heç bir səlahiyyətə malik deyil. Hətta ixtiyari bir vətəndaşın, lap elə hansısa qazinin işlə təminatı məsələsində icra hakimiyyətləri acizdir. Bu və ya digər məsələlərdə İcra Hakimiyyətləri ən yaxşı halda təşəbbüslə çıxış edə bilərlər. Məsələn, hansısa yaşayış massivinin yol, su, işıq, qaz və digər sosial problemlərinin həllində birbaşa iştirak edə bilmir. Ən yaxşı halda təşəbbüslə çıxış edir. Və yaxud hansısa qazinin işlə təmin olunması üçün müvafiq dövlət və özəl qurumlara xahişlə müraciət edə bilər. Vəssəlam…
Nəhayət, İcra Hakimiyyətləri hətta bələdiyyələr qədər sərbəst və qərarverici deyil. Hazırda rayon icra hakimiyyəti başçılarının elə səlahiyyətləri yoxdur ki, xaricdən kimisə öz rəhbəri olduğu rayona investisiya qoymağa dəvət etsin, yaxud buna şərait yaratsın. Bu isə onu göstərir ki, yerli icra strukturları artıq öz ömürlərini başa vurur. Faydalı iş əmsalı olmayan bir quruma çevrilir.

Nəyə görə İcra Hakimiyyətlərindən bu qədər narazılq var?!

Son 2 ildə 10-a yaxın icra hakimiyyəti başçısı həbs olunub. Həbslərin səbəbi isə əsasən korrupsiya faktlarıdır. Bu da təsadüfi deyil. Çünki, ictimai faydası olmayan istənilən qurum korrupsiyalaşmaya məhkumdur. Bu gün bir çox yerli icra hakimiyyətlərinin “əsas vəzifəsi” rayonlarda özlərinə və yaxınlarına biznes qurmaq və regionlarda bələdiyyə institutlarının əvəzindən qeyri-qanuni qərarlar verməkdir.

İcra hakimiyyətləri bir çox hallarda digər dövlət qurumlarının işinə əngəl törədir. Məsələn, heç kimə sirr deyil ki, bəzi icra başçıları geniş əkin sahələrinə malikdirlər.

Əkin-biçin vaxtı zorən “aqroservislər” ilkin olaraq icra başçılarının sahələrində çalışır, sonra digər fermerlərə və yaxud kasıb-küsuba əl atır. Həmçinin suvarma suyunun paylanmasında da icra hakimiyyətləri söz sahibləridir.Bu siyahını çox uzatmaq olar. Lakin, dəyişən bir şey olmayacaq. Çünki, İcra hakimiyyətlərinin yarıtmaz fəaliyyəti hər yerdə “göz oxşayır”.

Amma qlobal dəyişikliklər artıq qapımızın kəndarındadır. Hər zaman yeniliklərə açıq olan və praqmatik siyasət yürüdən Ölkə Başçısı zamanın çağırışıyla yeni institutların yaradılmasını uğurla davam etdirir. Xüsusi nümayəndəliklərin yaradılması da bu uğurun növbəti təcəssümüdür. Ölkə Başçısının sərəncamına əsasən xüsusi nümayəndəliklər hələlik işğaldan azad olunmuş ərazilərdə yaradılır. Yəqin ki, yaxın gələcəkdə bu digər regionları da əhatə edəcək. Və çox güman ki, digər ərazilərdə xüsusi nümayəndəliklər regional xarakter daşıyacaq.

Surxay Atakişiyev, Bizim.Media
Tarix: 13-05-2022, 10:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}