Türkiyə İran-İsrail toqquşmasının mərkəzində: İstanbulda nə baş verir?..

Türkiyə İran-İsrail toqquşmasının mərkəzində: İstanbulda nə baş verir?..İsak Herzog və Rəcəb Tayyib Ərdoğan

İranın Xarici İşlər Nazirliyi İsrailin İstanbulda israillilərə qarşı terror aktlarının qarşısının alınması ilə bağlı ittihamlarını rədd edib.

Nazirliyin Tvitter hesabında paylaşılan mesajda “cəfəngiyyat” olaraq xarakterizə edilən bu iddiaların Türkiyə-İran münasibətlərinə xələl gətirmək məqsədi daşıdığı qeyd edilib.
Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hətibzadə İsrailin iddialarını “iki müsəlman ölkəsi arasında münasibətləri pozmağa yönəlmiş əvvəlcədən düşünülmüş ssenari” kimi qiymətləndirib.
Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Korpusunun yüksək səviyyəli adlarından olan polkovnik Həsən Seyid Xodainin ötən ay evinin qarşısında silahlı hücum nəticəsində həlak olmasından sonra İsrail rəhbərliyi İranın mümkün hücumlarına görə vətəndaşlarına Türkiyəyə getməmələri barədə xəbərdarlıq edib. İsrailin xarici işlər naziri Yair Lapid “israilliləri lazım olmadıqca İstanbul və Türkiyəyə getməməyə çağırırıq. İstanbuldasınızsa, dərhal İsrailə qayıdın, İstanbula uçuş planınız varsa, onu ləğv edin”,- deyə bildirib.
Onu da əlavə edək ki, dünən Ankaraya səfəri zamanı Lapid terror aktlarının qarşısının alınmasında göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.
Digər tərəfdən, İstanbulda İsrail vətəndaşlarına qarşı sui-qəsddə əli olduğu güman edilən şübhəlilərə qarşı əməliyyat keçirildiyi bildirilib.
Bu arada İstanbulla bağlı hücum planlarının arxasında duran adın olduğu iddia edilən İran İnqilabı Keşikçiləri Korpusunun zabiti Hüseyin Taeb dünən vəzifəsindən uzaqlaşdırılıb.
İsrail isə əksinə, hesab edir ki, Türkiyə-İsrail yaxınlaşması İranı narahat edir və o üzdən iki ölkə arasında münasibətləri gərginləşdirmək üçün Türkiyə ərazisində İsrail vətəndaşlarını hədəfə almağı planlaşdırır.
Xatırladaq ki, son aylar ərzində Türkiyə və İsrail arasında 15 ildir davam edən diplomatik gərginlik yumşalmağa başlayıb. İsrailin prezidenti İsak Herzog Ankara səfər edib, ardınca Türkiyə xarici işlər naziri Mevlüd Çavuşoğlu İsrailə səfər edib və bu günlərdə Yair Lapid Ankaraya baş çəkib. Bəzi ekspertlər bu yaxınlaşmanın İrana qarşı çevrilə biləcəyini desə də, hazırda Türkiyə bütün qonşularla, o cümlədən İranla münasibətləri yaxşılaşdırmaq kursu götürüb.
Bu arada Səudiyyə Ərəbistanı ilə münasibətlər də yumşalmağa başlayıb. Yaxın günlərdə kral Salmanın Ankaraya səfəri gözlənilir, ardınca Səudiyyə biznesmenlərinin Türkiyəyə sərmayələr yatırması gözlənilir.
Tarix: 24-06-2022, 15:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}