Rusiyanın “qorxulu röyası”: “Türk NATO-su” qurulur


Rusiyanın “qorxulu röyası”: “Türk NATO-su” qurulur

Son zamanlarda türk dövlətlərinin yeni bir hərbi ittifaq qura biləcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Xüsusilə, Vətən müharibəsindən sonra bu, daha da aktual olan bir mövzuya çevrildi. Regionda yaranan yeni reallıqlar türk dövlətlərinin uzun illərdir xəyalı olan prosesi icra etməyə rəvac verdi. 
Hətta son aylarda türk dövlətlərinin rəhbərlərinin qarşılıqlı şəkildə səfərlər etməsi və mühüm strateji müqavilələr imzalaması da diqqət çəkən əsas məqamlardır. Yəni türkdilli dövlətlərin yaxınlaşması yeni bir ittifaqın yarana biləcəyi ilə bağlı fikirlərin gündəmə gəlməsinə səbəb olur.
Maraqlıdır, Türkiyənin lokomotivi olduğu “Türk NATO-su”  yarana bilər?
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, gələcək perspektivdə belə bir arzu və istək var:

“Bunun necə həyata keçiriləcəyini isə zaman göstərəcək. Hesab edirəm ki, bu, lazım və labüddür. Çünki indi dünyada baş verən proseslər fonunda türkdilli dövlətlərinin özünün də bir hərbi ittifaqı olmalıdır.
Bununla da, həmin dövlətlər bir-biri ilə həm təcrübə mübadiləsi edə, həm də təlimlər keçirə bilərlər. Həmçinin, yara biləcək təhdidləri və təhlükələri aradan qaldırmaq üçün bir-birlərinə birbaşa dəstək ola bilərlər. Dünyada baş verən proseslər bu haqda fikirləşməyin zamanının çoxdan yetişdiyini diqtə edir.
Rusiyanın Ukraynaya müdaxiləsi, o cümlədən Əfqanıstanda, Suriyada və digər bölgələrdə baş verən hadisələr belə bir ittifaqın yaranmasını zəruri edir. Şəxsən mən bunun tərəfdarıyam. İnanıram ki, kimin nə deməsindən asılı olmayaraq, bu məsələ də mütləq reallaşacaq”.
Ekspert hesab edir ki, Türkiyənin NATO üzvü olması yeni ittifaqın yaranmasına problem yaratmayacaq:
“Qardaş Türkiyə NATO üzvüdür, amma bu bizə birlikdə təlimlər keçirməyə qətiyyən mane olmur. O nöqteyi-nəzərdən, bu məsələlərdə o qədər böyük bir problem görməməliyik.Çünki bu, daha çox texniki xarakter daşıyır. Gələcəkdə bu istiqamətdə güclü iş aparmaq olar və nəticə də özünü çox gözlətməz. Ümumiyyətlə, həyatda heç nə ömürlük deyil və hər şey nisbidir. Bəlkə də elə bir ittifaq yaranacaq ki, Türkiyənin NATO-ya ehtiyacı qalmayacaq.
Fikrimcə, həmin blok öz qarşısına yalnız müdafiə xarakterli məsələləri qoyacaq. Yəni planda NATO ilə hər hansı bir formada mübarizə aparmaq yoxdur. Hətta NATO da birdən-birə yaranmadı və zamanla özünü doğrultdu. Reallıq ondan ibarətdir ki, bu gün əksər ölkərlər öz təhlükəsizliyini qorumaq üçün etibarlı bir çətir axtarırlar. Niyə də türkdilli dövlətlərin öz ordusu olmasın? Bunu gələcəkdə zamanın və şəraitin yetişdirəcəyini düşünürəm”. 
Tarix: 24-06-2022, 23:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}