“Mütləq şəkildə referendum keçirilməli, konstitusion dəyişikliklər aparılmalıdır” - ÇAĞIRIŞ


“Azərbaycan Konstitusiyasında islahatlar aparılmasına mütləq mənada ehtiyac var. Ehtiyacı şərtləndirən səbəblər onlardır ki, Azərbaycan Konstitusiyasında idarəetmənin prinsipləri fərqli şəkildə qoyulub. Azərbaycan, hətta, 2001-ci ildə Avropa Şurasına daxil olarkən üzərinə öhdəliklər götürmüşdü. Məsələn, böyük şəhər bələdiyyələrinin yaradılması bu öhdəliklərdəndir. Böyük şəhər bələdiyyə məslisləri formalaşmalıdır və bu, Konstitusiyada əksini tapmalıdır. Amma 20 ildən çox zaman keçib ki, bu öhdəlik yerinə yetirilməyib”. Dia.az xəbər verir ki, bu sözləri AYNA-ya müsahibəsində Milli Məclisin sabiq üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Konstitusiya dəyişikliyi üçün referendumun keçiriləcəyi ehtimallarını dəyərləndirən siyasətçi xatırladıb ki, 2002-ci ilin 24 avqust tarixində keçirilən referendumda siyasi partiyaların proporsional seçki sistemi ilə seçkilərdə iştirakı ləğv edilib:

- İndiki mərhələdə mojaritar seçki sistemi siyasi partiyaları idarəetmədən və siyasi institut kimi proseslərdən kənarda saxlayır. Belə olan halda QHT-lər və vətəndaş cəmiyyəti aktiv görünür ki, bu, siyasi institutların cəmiyyətdəki yerini azaldır, bəzi insanların xarici dövlətlərin və qrupların nəzarətinə keçməsi ilə nəticələnir. Ayrı-ayrı şəxslər vasitəsilə cəmiyyətdəki proseslərə təsirlər artır. Bunu mütləq siyasi institutların nəzdində etmək lazımdır. Referendumu şərtləndirəndirən vacib məsələlərdən biri də azad olunmuş ərazilərimizdə idarəetmədir. Əgər biz "Qarabağın hansısa statusu olmayacaq" deyiriksə, mütləq idarəetmənin optimal variantını tətbiq etməliyik.

- Optimal variant dedikdə, nəyi nəzərdə tutursunuz?

- İdarəetmənin optimal variantı yerli özünüidarəetməyə üstünlük verilməsidir. Məsələn, Azərbaycanın Xankəndidə, Xocalıda, Əsgəranda, Xocavənddə yaşayan erməni əhalisinin özünün idarəetmədə iştirakı təmin olunmalıdır. Bu, bələdiyyələr vasitəsilə həyata keçirilməlidir. Onlar öz yerli bələdiyyələrini seçirlər və bələdiyyə hakimiyyəti vasitəsilə də yerli problemlərini həll edirlər. İcra və qanunverici hakimiyyət isə birbaşa mərkəzə tabe olur. Prezident oraya özünün şəxsi nümayəndəsini təyin edir, məhkəmə sistemi vahid sistemlə idarə olunur. Lakin yerli əhali mütləq idarəetmədə iştirak etməlidir ki, bu, bələdiyyələrdə təmsilçilikdir. "Biz erməni əhaliyə heç nə vermirik", "biz statusu ləğv etmişik" deməklə problem həllini tapmır. Beynəlxalq aləmə bu sənədlərlə çıxmaq mümkün deyil. Ona görə də mütləq Konstitusiyada dəyişiklik edilməlidir, referendum keçirilməli və bütün bu məsələlər orada əksini tapmalıdır.

- Bəs, referenduma gediləcəkmi?

- Bu, hakimiyyətin məsələsidir. Edib-etməyəcəklərini deyə bilmərəm. Hər halda mən pozitiv dəyişikliklər gözləmirəm - referendumun keçiriləcəyinə o qədər də ümidli deyiləm. Baxmayaraq ki, 2020-ci ildən bu yana siyasi institutlarla fərqli danışıqlar aparılır, çalışılır ki, siyasi partiyalar proseslərdə iştirak etsin və hakimiyyət partiyalara fərqli yanaşmış olsun, amma bunlar o demək deyil ki, problemlər həll edilir. Hələlik həll edilmir. Məsələn, Mərkəzi Seçki Komissiyasında, yaxud Dairə Seçki Komissiyasında parlamentdən kənarda olan partiyaların iştirakı yoxdur. Partiyaların etimad komissiyalarının yaradılması istiqamətində birgə addım atılmayıb. Seçki Məcəlləsində dəyişikliklər edilmir. Yeri gəlmişkən, Ümid Partiyası Seçki Məcəlləsinə dəyişikliklər təklifi hazırlayıb. Bu günlərdə sənəd və onun şərhi cəmiyyətə təqdim ediləcək.

- Dediniz ki, referenduma gediləcəyinə ümidli deyilsiniz. İndiki halda hökumət üçün referendumdan başqa yol varmı?

- Hakimiyyətin başqa yolunun olub-olmamasını şərtləndirən ictimai rəy və beynəlxalq təşkilatlarla münasibətlərdir. Beynəlxalq münasibətlər dünyada və regionda baş verən proseslər fonunda daha çox iqtisadi münasibətlər sistemi üzərində köklənib. Beynəlxalq təşkilatlardan siyasi islahatlar və siyasi sistemin içərisində dəyişikliklər tələbi varmı, bizə məlum deyil. Hələ ki, bu barədə ayrı-ayrı təşkilatlar və dövlətlər öz fikirlərini bəyan etməyib. Daxildə isə ictimai basqı və tələb istənilən səviyyədə deyil. Ona görə də "hakimiyyətin başqa yolu varmı?" sualına cavab verməkdə tərəddüd edirəm. Hakimiyyət hazırda olduğu kimi idarəetməni davam etdirə bilər.

- Konstitusiya dəyişikliyindən danışarkən belə təkliflər edilir ki, Azərbaycanda rayonlar ləğv edilməli, vilayət tipli inzibati ərazilərə bölünməlidir. Sizcə, buna ehtiyac varmı?

- Kökündən yanlış yanaşmadır. Azərbaycanın vilayətlərə bölünməsi bir neçə ciddi problem yarada bilər. Əvvəla, qonşu dövlətlərin Azərbaycan daxilində etnik konfliktlər vasitəsilə ictimai-siyasi vəziyyəti gərginləşdirmək, ölkəni parçalamaq niyyətləri danılmazdır. Həm Rusiyanın, həm İranın, həm də başqa dövlətlərin bu istiqamətdə fəaliyyətləri var. Yeri gəlmişkən, Qərb dairələrinin milli və dini zəmində hər hansı diskriminasiya ilə bağlı işarələrinə rast gəlinir. Bu gün Azərbaycanda heç kimin haqqı milli azlıq və ya milli çoxluq olduğuna görə pozulmur. Hüquqlar pozulursa, burada milli kimliyə baxılmır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın bir neçə bölgəsində kompakt şəkildə milli azlıqlar yaşayır. Baxmayaraq ki, o milli azlıqlar dövlət maraqları məsələsində hamımızla birlikdədir, amma içlərində separatçılar da yox deyil. Onlardan da xarici qüvvələr maraqları naminə istifadə etməyə çalışır. Təsəvvür edin, ölkə vilayətlərə bölünərsə, nələr baş verə bilər. Ciddi problemlər, qarşısıalınmaz proseslər baş verə bilər.

İkincisi, Azərbaycan vilayətlərə bölünərsə, sonrakı mərhələdə ölkənin federallaşması məsələsi qaldırıla bilər. Bu, çox ciddi problemdir və Qarabağ məsələsində də bizim ziyanımızadır. Azərbaycan Konstitusiyasında təsbit olunub ki, bu dövlət unitardır. Unitar olduğuna görə də Azərbaycanda vilayət statuslu, yaxud da muxtar statuslu subyektlər olmamalıdır. Vilayət statuslu ərazi vahidləri olarsa, hökmən onların qanunverici hakimiyyətə yaxın hakimiyyətləri, məclisləri formalaşa bilər ki, bu, son dərəcə ziyanlıdır.

- Bir də Naxçıvan Muxtar Respublikasının statusunun ləğvi gündəmə gətirilir...

- Naxçıvanın statusu ilə bağlı Ümid Partiyası olaraq bir neçə ay əvvəl Konstitusiya dəyişikliyi ilə əlaqədar hökumətə təklif vermişdik. Orada yalnız bir maddənin formasının dəyişdirilməsini istəmişik. Konstitusiyada yazılıb ki, "Naxçıvan MR Azərbaycanın tərkibində müstəqil dövlətdir". Hesab edirəm ki, həmin maddə dəyişilməli və "Naxçıvan MR Azərbaycanın ayrılmaz tərkib hissəsidir" yazılmalıdır. Lakin Naxçıvanın muxtar respublika kimi idarəetmə forması saxlanılmalıdır. Çünki Naxçıvan Azərbaycanın digər rayon və bölgələrindən fərqli olaraq yarımanklav vəziyyətdədir. Hələ ki, Naxçıvanla quru əlaqəmiz yoxdur və bu əlaqəni pərpa edə bilməmişik. Bu səbəbdən də Naxçıvanın əlahiddə statusu saxlanılmalıdır ki, qərarlar mərkəzdən gələnə qədər yerli qərarlarla bölgəni idarə etmək mümkün olsun. Ən optimal variant Naxçıvanın statusunun saxlanmasıdır.


Tarix: 3-08-2022, 14:29




Xəbər lenti

{sape_links}{sape_article}