Rusiya müttəfiqlərini qorumaq üçün artıq çox zəifdir: Ermənistan üçün perspektivlər çox qaranlıq görünür - "FP"



Amerikanın məşhur analitik nəşri “Foreign Policy” Azərbaycan-Ermənistan münaqişəsində son vəziyyətlə bağlı maraqlı yazı dərc edib.

Ovqat.com-un məlumatına görə, Maksimilian Hess adlı müəllifin qələmə aldığı məqalədə Rusiyanın zəifləməsi ilə Cənubi Qafqazda hakimiyyət boşluğu yarandığı, Ermənistanın özünə yeni havadarlar tapmaqda çətinlik çəkdiyi, Azərbaycanın isə yaranmış münbit şəraitdən faydalanaraq üstünlük qazandığı vurğulanır.

Yazarın fikrincə, ABŞ da bu regionda diplomatik səylərini artmasına baxmayaraq, Azərbaycandan birbaşa, ən azı açıq şəkildə geri çəkilməsini tələb etmir. «Azərbaycan yenidən hücuma keçərsə, ABŞ-ın hansı addımları atacağına da eyham vurulmayıb. Ermənistanın Konqresdə effektiv lobbisi və müttəfiqləri olduğu kimi, Azərbaycanın da var. Vaşinqtonun İrəvana hər hansı əhəmiyyətli müdafiə yardımı göstərməməsi bir yana, münaqişəyə birbaşa müdaxiləsini təsəvvür etmək də çətindir», - yazan müəllifin məqaləsini olduğu kimi dəyərli oxucularımızın diqqətinə çatdırırıq.


Sentyabrın 12-14-də iki tez-tez döyüşən tərəf arasında indiyə qədər ən qanlı döyüşlərdən birinin ardınca Ermənistan və Azərbaycan arasında son bir həftə ərzində ilkin atəşkəs əldə olunub. Lakin bu atəşkəsin davamlı olması ehtimalı azdır; Ermənistana yürüş edən Azərbaycan qüvvələri onun ərazisinin bir hissəsini, xüsusən də Cermuk şəhəri ətrafındakı yüksəklikləri ələ keçirməyə davam edir. Gələcək hücumlar barədə də şayiələr dolaşır.

Sabitliyi pozan əsas amil regiondakı hakimiyyət boşluğudur ki, bu da Azərbaycanı öz üstünlüklərini əldə etməyə cəsarətləndirib. Onun Ermənistan üzərində hərbi üstünlüyünü de-yure Azərbaycanın sərhədləri daxilində olan Dağlıq Qarabağ uğrunda 2020-ci il müharibəsi qəti şəkildə nümayiş etdirir.

Azərbaycanın Türkiyə və İsrailin dəstəyini alaraq 2020-ci ildə azandığı müharibə Ermənistanla yaxın münasibətdə olan Rusiyanın vasitəçiliyi ilə yaranan narahat atəşkəslə həll edildi. Vəziyyət mübahisəli olaraq qalsa da, görünür, Rusiya Bakını onunla razılaşmayacağı təqdirdə daha güclü müdaxilə edəcəyi ilə hədələmişdi. Bu, Rusiya ordusunun Cənubi Qafqaz regionunda mövcudluğunun Sovet İttifaqının dağılmasından bəri görünməmiş miqyasda genişlənməsi anlamına gəlirdi.


Bu razılaşma Ermənistan daxilində kütləvi etirazlara səbəb oldu. Ancaq üç il əvvəl anti-kleptokratik liberal inqilabın dəstəyi ilə hakimiyyətə gələn baş nazir Nikol Paşinyanın Moskvadan başqa müraciət edəcəyi heç kim yox idiçünki Vaşinqton və Avropa 2020-ci il döyüşlərinə son qoymaq üçün diplomatik səylərdən tamamilə kənarda dayanırdı. Paşinyan son nəticədə Rusiyaya Ermənistan daxilində hərbi mövcudluğunu genişləndirməyə, Dağlıq Qarabağdakı genişlənmiş roluna əlavə olaraq ölkədə yeni bazalar tikməyə imkan verdi.

Rusiya isə hazırda bu mövcudluğunu davam etdirmək iqtidarında deyil və Ermənistan bunun ağır nəticələrini yaşayır. 

Rusiyanın vasitəçiliyi ilə əldə edilən razılaşma bölgənin əsas problemini həll etməyə hesablanmışdı. Əvəzində isə Dağlıq Qarabağ problemini həll etmədən daha çox ərazi mübahisələrinə yol açdı. Atəşkəsdən sonra yürüdülən diplomatiya hər iki tərəfin narahatlığını aradan qaldıra bilmədi. Bu arada hər iki tərəfin əsas silah təchizatçısı olan Kreml də Azərbaycana daha ağır silahlar satmaq təklifini davam etdirdi. Avqustun sonunda Azərbaycan Ermənistan qarşısında konkret tələblər qoyaraq, öz qüvvələrini Laçın şəhərini (ermənicə Berdzor kimi tanınır) ələ keçirmək üçün göndərməklə faktiki Rusiyanın acizliyini ortaya qoydu.


O vaxta qədər daha aydın görünürdü ki, Kreml fevral ayında başladığı Ukrayna müharibəsində öz hədəflərini həddən artıq genişləndirib, Rusiyanın hər yerindən hərbi personal və texnikanı, eləcə də Tacikistan və Suriya kimi xarici ölkələrdəki qüvvələrini bu müharibəyə cəlb etmək məcburiyyətində qalıb. Kiyev iddia edir ki, Moskva ən böyük xarici bazalarından biri olan Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasından da Ukraynaya əsgər göndərib.

Rusiyadan dəstəyi azalan İrəvan başqa variantları nəzərdən keçirməyə başladı, lakin Qərbin bu məsələyə marağı məhdud idi. Vaşinqton yeni diplomatik yollara açıq olduğunu, lakin onları izləmək üçün çox az səylər göstərə biləcəyini söylədi. Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyul ayında Bakıya səfər edərək, Azərbaycan qazının tədarükünü ikiqat artırmağa əsaslanan yeni tərəfdaşlıq sənədi imzalandı. Rusiya-Ukrayna müharibəsi səbəbindən yaranan yanacaq qıtlığı avropalı diplomatların da əl-qolunu bağlayıb. Əlavə qaz tədarükü ilə bağlı planın həyata keçirilməsi mümkün olmaya bilər, lakin Avropanın alternativ enerji müttəfiqlərinə böyük ehtiyacı var. Görünür, Brüssel hesab edir ki, nəhayətində Bakı ilə fikir ayrılığına düşməyə dəyməz.


Təəccüblü deyil ki, İrəvan qonşu İran da daxil olmaqla başqa alternativlər axtarır. İrəvanın Tehranla iqtisadi əlaqələri var və İranda da böyük etnik erməni əhalisi yaşayır. İran həm də Azərbaycanla tez-tez gərginlik yaşayır, ilk növbədə azərbaycanlı irredentizmi məsələsi (Vahid Azərbaycan ideyası nəzərdə tutulur - H.O.)  ilə bağlı. Avqust ayında Ermənistan Azərbaycanı çəkindirmək ümidi ilə İranla Ermənistanın Sünik (Zəngəzur) rayonunun sərhədyanı Qafan kəndində konsulluq yaratmağa razılaşdıAzərbaycan dilində Zəngəzur kimi adlanan Sünik Bakının Naxçıvana quru dəhlizinin yaradılmasını hədəflədiyi ərazidir. Lakin İranın birbaşa müdaxiləsi ehtimalı çox azdır və Tehran başqa yerlərdə demək olar ki, effektiv təhlükəsizlik təminatçısı olmayıb.

12-14 sentyabr döyüşlərindən sonra Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək onu qorumaq üçün birbaşa müdaxilə tələb edib. Paşinyan dəstəyi gücləndirmək məqsədilə bu ilin yanvarında Qazaxıstanda kütləvi iğtişaşlardan sonra Rusiyanın KTMT-dən müdaxilə üçün vektor kimi istifadəsini dəstəkləmişdi. Lakin təşkilatın Rusiyadan fərqli, müstəqil mövqeyi yoxdur. Ukraynada rus ordusunun vəziyyətinin pisləşməsi fonunda Rusiya prezidenti Vladimir Putin Cənubi Qafqaz regionuna diqqət ayırmaqda maraqlı olmadı. KTMT 2020-ci ildəki gərginlikdə Ermənistanın düzgün döyüş aparmadığı münaqişədə iştirak etməməsini bəhanə gətirdiyi kimi, bu dəfə də işə qarışmaqdan tamamilə imtina etdi. Beləcə təşkilatın kağızdan pələng olduğu ortaya çıxdı.


Bununla belə, Vaşinqton sentyabrın 14-də atəşkəs əldə etmək üçün vasitəçilik təşəbbüsü göstərdi. Bu, ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə səylərini artırmasına səbəb oldu. Sentyabrın 18-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana səfərə gəldi və Bakının hücumlarını beynəlxalq hüquqa əsasən qanunsuz olduğunu vurğuladı. Azərbaycan buna mənfi reaksiya versə də, ertəsi gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclası ərəfəsində ABŞ dövlət katibi Antoni Blinken iki ölkənin xarici işlər nazirləri arasında müzakirəyə vasitəçilik etdi. Lakin yenə heç bir irəliləyiş elan olunmadı.

Diplomatik səylərini artmasına baxmayaraq, Birləşmiş Ştatlar Azərbaycandan birbaşa, ən azı açıq şəkildə geri çəkilməsini tələb etməyib. Azərbaycan yenidən hücuma keçərsə, hansı addımları atacağına da eyham vurulmayıb. Ermənistanın Konqresdə effektiv lobbisi və müttəfiqləri olduğu kimi, Azərbaycanın da var. Vaşinqtonun İrəvana hər hansı əhəmiyyətli müdafiə yardımı göstərməməsi bir yana, münaqişəyə birbaşa müdaxiləsini təsəvvür etmək də çətindir.


Qeyd edək ki, Azərbaycan artıq tərəfdaşlarının mövqeyindən asılı olmayaraq hərəkət etməyə hazır görünürSon hücum 2020-ci il müharibəsini müşayiət edən Türkiyənin açıq dəstəyi olmadan həyata keçirildi. Əslində, Ermənistan və Türkiyə əvvəlki aylarda uzun müddətdir davam edən gərginlikləri ilə bağlı nadir diplomatik irəliləyişlər əldə etmişdilər, fevralda birbaşa uçuşlar bərpa olunmuş və uzun müddətdir bağlanmış sərhədləri ilə bağlı danışıqlar iyulda irəliləyirdi. Bununla belə, Ankara açıq şəkildə Bakının hərəkətlərinə qarşı çıxmadı və Türkiyənin də Azərbaycana bağlı Naxçıvana quru dəhlizinin təmin edilməsində marağı var ki, bu da materik Azərbaycan və Türkiyə arasında birbaşa qurudan çıxışla nəticələnəcək.

Bakı cəsarətli görünür, Ermənistan üzərində açıq-aşkar hərbi üstünlüyünə əmindir. Rusiyanın özünün yaratdığı bəlalar və şəxsi mənafeyinə əsaslanan xarici siyasəti nəticəsində meydana gələn regional hakimiyyət boşluğunun cazibə qüvvəsi o qədər güclüdür ki, qara dəliyə çevrilmək riski daşıyır; onun içinə düşən hər şey əzilir. 

Böhran beynəlxalq gündəmdə çox irəli getmədikcə – ABŞ, Aİ və Türkiyə Azərbaycanı həvəsdən salmaq üçün birgə işləyə bilməyəcəklər – Ermənistan üçün perspektivlər çox qaranlıq görünür.

Tərcümə Ovqat.com-a aiddir



Tarix: 23-09-2022, 07:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}