ABŞ-ın “demokratiya sammiti” adı altında güc nümayişi- Qərbin niyyəti nədir?


 
Martın 30-da ABŞ-ın təşkilatçılığı ilə 2-ci Demokratiya sammiti keçiriləcək.
Qəribədir ki, adında demokratiya olan sammitin dəvətliləri yenə də Qərbin özünəməxsus oyunları əsasında seçilib.
Konkret olaraq Cənubi Qafqazı götürsək, burada bütün insan hüquq və azadlıqları pozulan, demokratiyadan əsər-əlamət olmayan Ermənistan demokratik ölkə hesab olunur. 2100-dən çox etirazçının saxlanıldığı, etiraz aksiyalarının qəddarlıqla dağıdıldığı Ermənistan demokratik ölkə kimi ABŞ-ın “Demokratiya sammiti”nə dəvət alıb.
Yaxud da Gürcüstanda hökuməti deyil, (konstitusion quruluşa görə, lider baş nazir İrakli Qaribaşvilidir) prezident Salome Zurabişvilini “Demokratiya sammiti”nə dəvət ediblər. Məlumdur ki, ABŞ bu hökumətin siyasətindən razı deyil və konkret olaraq da məqsəd və niyyətlərini gizlətmədən bu cür addım atır.
Ona görə də keçiriləcək sammitin demokratiyaya necə xidmət etməsi artıq indidən məlumdur. O da məlumdur ki, ABŞ demokratiya adı altında tarix boyu hansı dövlətə nüfuz edibsə, orada daşı daş üstündə qoymayıb. Ən gözəl nümunə elə İraqdır…
Ermənistanda aksiyalar zamanı polisin həm etirazçılara, həm də KİV nümayəndələrinə qarşı sərt davranışı sosial şəbəkələrdə, internet platformalarında geniş formada işıqlandırılıb. Ölkənin siyasi partiyalarının və məhkəmə orqanlarının nümayəndələri təqiblərə və həbslərə məruz qalıblar.
 Sözsüz ki, bunu ABŞ-da da görüblər. Bu azmış kimi tədbirin əsas təşkilatçısı USAİD və onun ermənipərəst rəhbəri Samanta Poverdir.

Yada salaq ki, Bayden prezident seçildikdən sonra ardıcıl olaraq administrasiyasına qatı ermənipərəst olan şəxsləri gətirdi.  Co Baydenin ən yaxın və etibarlı adamı sayılan, eləcə də, onunla eyni millətin (irland) nümayəndəsi olan bu xanım da onlardan biridir və Sorosla da sıx əməkdaşlığı olub. Onun tərcümeyi-halına baxanda məlum olur ki, məhz Corc Sorosa məxsus Açıq Cəmiyyət İnstitutunun maliyyələşdirdiyi səfərlər hesabına bu xanım karyerasında xeyli irəliləyib.
Samanta mütəmadi qaydada qondarma erməni soyqırımı məsələlərini dəstəkləyib.
İndi Samanta kimi ermənipərəstin təşkil etdiyi sammitdən Azərbaycana, Türkiyəyə fayda dəyərmi?
Onu da qeyd edək ki, təşkilatçılar arasında Azərbaycanda “inqilab” arzusunda olan NED də var.
Bayden administrasiyası sammitə dəvət etdiyi dünya liderlərinin sayını  bu il 120-yə çatdırılıb. Onların arasında Bosniya və Hersoqovina, Qambiya, Honduras, Kot-D’ivuar, Lixtenşteyn, Mavritaniya, Mozambik və Tanzaniya kimi ölkələr var. Maraqlıdır ki, Türkiyə sammitə dəvət almayıb. Mozambik, Tanzaniya, Qonduras, Qambiya “demokratiya saabiti”ndə iştirak kriteriyasına cavab verir, Türkiyə yox? Sözsüz ki, bu yolla ABŞ Türkiyədəki seçkilərə də təsir göstərmək istəyir.

Eyni zamanda Qərbin etibarlı tərəfdaş adlandırdığı, terrorizmə qarşı bütün layihələrdə iştirak edən, Cənubi Qafqazda öz sözünü deyən güclü dövlət Azərbaycanı da bu tədbirə dəvət etməyiblər.
Durumu dəyərləndirən ekspertlər hesab edirlər ki, seçim zamanı kriteriya kimi demokratiya yox, konyunktura, siyasi məqsədəuyğunluq əsas götürülüb, müstəqil siyasət yürüdən dövlətlər dəvətdən kənarda qalıblar.
ABŞ-ın əsl istəyi təsir dairəsini genişləndirmək, öz əlini o qitədən bu qitəyə uzadaraq proseslərə müdaxilə etməkdir. Yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ-ın “xoş niyyətlə” müdaxilə etdiyi ölkələrin indiki durumu isə hər kəsə məlumdur. Əslində, Aİ üzvü olan Macarıstanın, NATO üzrə müttəfiq Türkiyənin sammitə dəvət almaması  sammitin necə qeyri-ciddi olmasını da göstərən faktordur.
 
Musavat.com
Tarix: 24-03-2023, 23:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}