“Sərsəm iddialardan əl çəkməsələr...” - REAKSİYA

“Sərsəm iddialardan əl çəkməsələr...”
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin -USAİD Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Erin Makki Dağlıq Qarabağdakı vəziyyəti narahatedici adlandırıb. “Armenpress”in məlumatına görə, bunu Erin Makki ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

“Dağlıq Qarabağ bölgəsindəki vəziyyət ciddi narahatlıq yaratmaqda davam edir. Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağ vətəndaşları həyati əhəmiyyət kəsb edən xidmətlərdən, tibbi yardımdan və zəruri mallardan məhrumdur və ya məhdud çıxışa malikdir”, - USAİD rəhbərinin köməkçisi bildirib.

Qeyd edək ki, USAİD Azərbaycan torpaqlarının işğala məruz qaldığı dönəmlərdə bilavasitə Qarabağdakı separatçılarla işbirliyi aparıb. USAİD-in hazırkı rəhbəri Samanta Pauerin birbaşa və açıq-aşkar anti-Azərbaycan xarakterli mövqeyi, o cümlədən islamafobiya xəstəliyinə mübtəla olması faktı da bir sıra danılmaz dəlillərlə sübuta yetirilib. Yada salaq ki, o, Azərbaycan ekoloqlarının və QHT fəallarının guya Laçın yolunu “bağlamalarını” hədəfə alan ittiham xarakterli fikirlər də yazaraq, yolun açılmasını tələb etmişdi.

Samanta Pauer zaman-zaman Azərbaycana və Türkiyəyə qarşı sırf düşmənçilik mövqeyini nümayiş etdirib, həmçinin irqçi mövqeyi ilə seçilib. USAİD-in rəhbərləyi və şəxsən Samanta Paner əvvəllər də Azərbaycan xalqını təhqir və təhdid edərək sərsəm fikirlərini ictimailəşdirib.

Bir müddət əvvəl isə “İki sahil” qəzetinin baş redaktoru, YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib ki, USAİD başda olmaqla, ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Onun sözlərindən belə başa düşmək olar ki, USAİD Azərbaycanda vətəndaş cəmiyyətinin sponsoru, rəngli inqilabların hazırlanması prosesinin əsas maliyyəçilərindən biridir. Təəssüf ki, bütün bu kimi faktlar ortada ola-ola USAİD-in Azərbaycan nümayəndəliyi hələ də ölkəmizdəki mövcudluğunu qoruyub-saxlayır.

USAİD-in Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin və rəhbərinin açıqlamaları, iddiaları isə həm uydurma, həm də Azərbaycanın suveren hüquqlarına müdaxilədir.
Bəs belə bir şəraitdə, Azərbaycan USAİD-in anti-Azərbaycan mövqeyini əsas göstərib Bakıdakı nümayəndəliyini tamamilə bağlaya bilərmi?

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, birincisi, USAİD Azərbaycan və Ermənistan məsələsində neytral yanaşma nümayiş etdirməlidir: “Əgər söhbət Qarabağdan gedirsə, orada təkcə bir ovuc erməni yaşamır, ora Azərbaycan Respublikasının ərazisinin bir parçasıdır. USAİD nə isə bir kömək etmək istəyirsə, Azərbaycan dövləti ilə danışıqlar aparsın və danışıqlar apararkən, sadəcə, ermənilər üçün nə isə etməyi təklif eləməsin, eyni zamanda Qarabağdan didərgin salınmış azərbaycanlıların hüquqları ilə bağlı da tədbir görsün. Yəni onlar Qarabağdakı 25 min ermənidən ötrü bu qədər hay-küy salırlar, amma həmin ermənilərin sayından 30-40 dəfə çox məcburi köçkün azərbaycanlıların hüquqlarını görməzdən gəlirlər. USAİD məsələdə o zaman ədalətli görünəcək ki, özünü bir ovuc erməninin müdafiəçisi kimi göstərməyəcək. Yardım etmək istəyirlərsə, qanunların tələbinə uyğun şəkildə Azərbaycan dövləti ilə bu barədə danışıqlar aparmalıdırlar və rəsmi Bakının razılığını almalıdırlar. Yaxşı olar ki, USAİD təmsilçiləri təktərəfli formada özlərindən uydurma fikirlərlə erməni müdafiəçisi kimi çıxışlar eləməsinlər. Ona görə də hesab edirəm ki, Azərbaycanın müvafiq dövlət qurumları USAİD-in Bakıdakı nümayəndəliyi ilə, ümumiyyətlə, buradakı mövcudluğu ilə bağlı yeni bir mərhələyə başlamalıdır. Onlar əgər bizim ərazimizdə oturub, haqlarımızı, ərazi bütövlüyümüzü gözardı edirlərsə, təbiidir ki, Azərbaycanda fəaliyyət göstərmələri, mövcud olmaları məqsədəuyğun deyil. Üstəlik də belə bir şəraitdə ki, Azərbaycanla Ermənistan sülh müqaviləsi bağlamağa yaxınlaşır, xalqlar arasında etimadın yaranması üçün ümidlər yaranır və belə bir anda USAİD nümayəndələri pozuculuq mövqeyi ortaya qoyurlar, sərsəm bəyanatlar verirlər. Yaxşı olmazmı ki, onlar sülhə töhvə verəcək mövqe sərgiləsinlər?! Yaxşı olmazmı ki, onlar Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətində inteqrasiyası üçün təkliflər versinlər?! Əgər USAİD həqiqətən də istəyirsə həmin ermənilər orada normal, insanca, sülh şəraitində yaşasın buyursunlar buna uyğun normal təkliflərini versinlər. Yoxsa durub ermənilərin uydurduqları əsassız iddiaları özləri üçün təbliğat vasitəsi kimi istifadə edirlər. Belə bir təşkilatın Azərbaycanda mövcudluğuna ehtiyac qalmır”.

Ekspertin sözlərinə görə, o baxımdan, Azərbaycanın müvafiq dövlət qurumları artıq USAİD-in Bakıdakı təmsilçiləri ilə ciddi söhbət etməli və onlara izah etməlidirlər ki, yardım etmək istəyirlərsə, bunu Azərbaycan üzərindən etsinlər və sərsəm iddialardan çəkinsinlər. Əks halda, nümayəndəliyin mövcudluğu məsələsinə baxılacaq.
Tarix: 26-05-2023, 11:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}