Zəngəzur dəhlizi: “Ermənistana hava-su kimi lazımdır” - Deputat AÇIQLADI

Zəngəzur dəhlizi: “Ermənistana hava-su kimi lazımdır”
“44 günlük Vətən müharibəsindəki qələbəmiz suverenliyimizin tam bərpa olunmasına gətirib çıxardı”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebhe.info”-ya açıqlamasında deyib.

O vurğulayıb ki, Azərbaycan qarşısında duran ən böyük problemi öz gücü, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, zəkası, uğurlu siyasəti, xalqın birliyi və hərbçilərinin qəhrəmanlığı sayəsində həll edərək tarixi zəfər qazandı:

“Sayı kifayət qədər olan "dondurulmuş" münaqişələrin fonunda bu qələbəmiz dünyadakı nüfuzumuzun daha sürətlə artmasına səbəb oldu. Artıq yeni səhifələr açılıb və Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq üçün şərtlərini irəli sürüb. Həmin şərtlər həm iki ölkənin maraqlarına, həm də beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur.

Üstəlik, bu, bölgə dövlətləri üçün qlobal anlamda böyük iqtisadi rıçaqların işləməsinə, kommunikasiyanın açılmasına və bölgənin önəminin artmasına gətirib çıxaracaq. Yəni Azərbaycanın təklifləri çox böyük qlobal layihələrə imza atmış olacaq”.

Millət vəkili qeyd edib ki, Ermənistan rəsmiləri sülhdən danışsa da, bəyanatlarında və beynəlxalq platformalardakı çıxışlarında bunun əksini deyirlər:

“Hətta rəsmi İrəvan absurd iddialarla Azərbaycanı ittiham edir. Lakin onların hər birini Ermənistanın özünün etdiyi beynəlxalq sənədlərdə də öz təsdiqini tapıb.

Bu günə qədər olan bütün məsələlər isə Azərbaycanın maraqlarına uyğun həllini tapıb. Cənab İlham Əliyevin sayəsində bütün platformalarda Azərbaycanın təklif etdiyi məsələlər müzakirə olunub.

Əslində Nikol Paşinyan rassional siyasətçi olsaydı, bu günə qədər xalqla bu məsələni müzakirə edərək sülh müqaviləsinin imzalanması üçün əməli addımlar atardı. Amma 2024-cü ilin bu mənada fürsət olduğunu düşünürük”.

Vüqar İskəndərov bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistana hava-su kimi lazımdır:

“Əslində bu, Ermənistanın da maraqlarına uyğundur. Ona görə də İrəvan hakimiyyəti Qərbdəki himayədarlarının tapşırıqlarına, daxildəki “5-ci kolon”un təzyiqlərinə və digər dövlətlərə çalışan agentura şəbəkələrinə yox, ölkələrinin milli maraqlarına xidmət etməlidir.

İlk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Həmçinin, sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə başlamaq lazımdır. Üstəlik, Zəngəzur dəhlizinin açılması üçün də hazırda fürsət var. Ermənistanın gələcək taleyini artıq bu zamanlarda həll etməlidirlər.

Çünki dalana dirənmiş bu ölkənin gələcək perspektivləri çox dumanlı görünür. İrəvan hakimiyyəti konkret olaraq radikal addımlar atmalıdır.

Yəni revanşistləri susdurmalı, eləcə də xalqın taleyinə və öz milli maraqlarına uyğun siyasət həyata keçirməlidirlər. Bu da Zəngəzur dəhlizinin açılması və Azərbaycanın təklif etdiyi prinsipləri qəbul etməkdən keçir”.
Tarix: 9-02-2024, 23:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}