ZELENSKİ-ZALUJNI “BÖHRANI”NIN GÖRÜNMƏYƏN TƏRƏFİ... – Baş komandanın istefaya göndərilməsində ABŞ-dəki proseslərin rolu nə qədərdir?


Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı arasında yaranmış ziddiyyətə sakit tərzdə son qoyuldu. Onların arasında keçirilən görüşdən sonra Baş komandan istefaya göndərildi və onun yerinə general-polkovnik Aleksandr Sırski təyin olundu.
İlk baxışdan bəlkə qəribə səslənsə də, bu münaqişənin əsl səbəbi çox ehtimal ki, Amerika Birləşmiş Ştatlarında iki partiya arasında gedən dramatik çəkişmədir. ABŞ-də respublikaçılar ilə demokratların mübarizəsi prezidentliyə namizədlər arasında və Konqresin hər iki palatasında öz gərgin atmosferini saxlayır. ABŞ Senatında Ukraynaya, İsrailə, Tayvana yardım edilməsi və miqrasiya islahatı ilə bağlı təklif olunmuş qanun layihəsi müzakirə olunur. Bununla yanaşı, Senatda demokratların “B” planı nəzərdən keçiriləcək. Demokrat senatorların bu dəfəki məqsədi miqrasiya məsələsini layihədən çıxarmaq və yalnız Ukrayna, İsrail və Tayvana göstəriləcək yardımla bağlı təklifi səsə qoymaqdır.
ABŞ Prezidenti Cozef Bayden hələ bir neçə gün bundan əvvəl öncəki layihənin respublikaçılar tərəfindən əngəllənəcəyini bildirmişdi. O, səbəb kimi Trampı göstərib və deyib ki, bu qanunun qəbulu eks-prezidentin işinə yaramır. Demokratlar hesab edirlər ki, Tramp qarşıdakı seçkilərdə miqrasiya məsələsini önə çəkməklə geniş xalq kütləsinin dəstəyini qazanmağı planlayır.
ABŞ-dəki hadisələri diqqətlə izləyən Ukrayna Prezidenti ordu komandanı Viktor Zalujnını istefaya göndərəcəyini bəyan etmişdi. Onun bu qərarı təkcə birbaşa döyüş meydanında baş verənlərlə əlaqədar deyil. Ortada dərin siyasi məsələlər var. Zelenski bu bəyanatı ilə ABŞ respublikaçılarına və Donald Trampa münasibətinin müsbət olduğunu çatdırmağa çalışıb. Zelenski bilir ki, Ağ Ev adiministrasiyası Zalujnını dəstəkləyir, ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müavini Viktoria Nulandın Kiyevə gəlməsi və Zelenskini fikrindən daşındırmağa cəhd göstərməsi Amerikanın Ukrayna üzərində böyük təsir gücünə malik olmasını bir daha təsdiqləyir. Zelenski həm Ağ Ev administrasiyasına, həm də Ukrayna hərbi komandanlığına qəyiyyətli addımlar atmaq qabiliyyətinə malik lider olduğu barədə mesaj verdi. Zelenski ilə Zalujnı arasındakı görüşdən sonra ordu rəhbərinin nikbin əhval-ruhiyyədə olması və strateji dəyişkliyin zəruriliyi barədə fikirlər səsləndirməsi onların hər ikisinin də öz məsuliyyətlərini dərk etməsindən xəbər verir.
Ümumiyyətlə, döyüş meydanında vəziyyətin nə dərəcə mürəkkəb olmasını söyləmək çətindir. Çünki bütün təhlillər yalnız verilən natamam informasiyalar əsasında aparılır. Ancaq Ukraynadakı siyasi rəhbərlik ilə hərbi elita arasında ciddi fikir ayrılığı beynəlxalq KİV-lərin başlıca mövzusuna çevrilmişdi. İctimai-siyasi xarakterinə görə Ukrayna Rusiyadan fərqli ölkədir və müstəqillik qazanandan indiyədək orada təkhakimiyyətlik hökm sürməyib. Siyasi arenada müxtəlif maraq dairələri arasında həmişə aktiv mübarizə gedib. 2014-cü ilədək Ukraynada faktiki olaraq yüksək döyüş qabiliyyətli ordu olmayıb və elə bu səbəbdən də ruslar Krımı və Donbasın bir hissəsini tez bir zamanda işğal edə bilmişdilər. Həmin dövrlərdə ukraynalılar könüllü batalyonlar yaratmışdılar və silahlı şəxslər döyüş bölgəsini tez-tez tərk edərək Kiyevə gəlib Prezident binasının qarşısında ultimativ tələblər irəli sürürdülər. Vəziyyətin nəzarətdən çıxacağını hiss edən Pyotr Poroşenko Minsk razılaşmasına getməyə məcbur qalmış və sonradan bu batalyonların əksəriyyətini ləğv etmişdi.
İndi Ukraynada baş verənlər Mao Tzedunun “Tüfəng hakimiyyət yaradır” fikrini dolayı yolla təsdiqləyir. Elə Yevgeni Priqojinin də Vladimir Putinlə ultimatum dili ilə danışması silahın yaratdığı “əlverişli vəziyyət”in təsirindən doğmuşdu...
Təbii ki, Zelenski ilə Zalujnı arasındakı çəkişmənin böyüməsi Ukraynanın müdafiə imkanlarına və əsgərlərin döyüş ruhuna mənfi təsir göstərirdi. Məsələ təkcə Zalujnı iləmi bağlıdır? Yəni, Zelenskini nə narahat edir? Onun məqsədi nədir?
Zelenskinin tərəfdarları deyirlər ki, Zalujnı bu iki il ərzində çoxsaylı səhvlərə yol verib və ən əsası da müharibənin əvvəlində Rusiya ordusu Krımdan demək olar ki, maneəsiz şəkildə Xersona qədər irəliləyə bilib. Lakin bunlar indiki vəziyyətdə ciddi arqument deyil.


Onu da deyək ki Zalujnı təkcə hərbçilər arasında yox, həmçinin ictimai rəydə də rəğbətlə qarşılanır. Bu da öz növbəsində Ukrayna Prezidentinin ictimai nüfuzuna və səlahiyyət imkanlarına mənfi təsir göstərir. Beləlkilə, Rusiya ilə müharibəyə qədər Ukraynada siyasi qüvvələr arasında mübarizəyə, fikir ayrılığına rast gəlinirdisə, bu dəfə səhnədə yeni bir qüvvə peyda olub və hərbi elita formalaşmağa başlayıb. Zalujnı da öz növbəsində ötən il Böyük Britaniyanın “The Economist” jurnalına yazdığı məqaləsində Ukrayna ordusunun qarşılaşdığı problemlərdən, döyüşlərin xarakterindən və gələcək perspektivləri necə görməsindən bəhs etmişdi.
Ukrayna Prezidentinin Rusiya qarşısında ölkəsinin müdafiəsini təmin etmək üçün iki ildir ki, üzünü tutacaq yeganə instansiya Qərb olub. Qərb isə əsas etibarı ilə iki böyük güc mərkəzinə ayrılır - ABŞ və Avropa. ABŞ son dönəmlər özünü tədricən bu işdən kənara çəkir. Daha doğrusu, iki partiya arasında daxili çəkişmə Ukraynanın maraqlarına ciddi zərbə vurur. Beynəlxalq KİV-lərdə gedən analitik yazılarda Trampın və respublikaçıların bütün addımlarının başlıca məqsədinin yalnız seçkilərdə qalib gəlməyə hesablandığına diqqət ayrılır. Amma məsələni təkcə partiyaların seçki strategiyasına bağlamaq siyasi cəhətdən sadəlövhlük olardı. Bu deyilənlərdə həqiqət payı var, amma arxada geostrateji planların olmasını da hesabdan silməməliyik.

Zelenski hakimiyyətdə olduğu müddətdə siyasi cəhətdən yaxşı təcrübə toplayıb və Qərb siyasətçilərini, onların maraqlarını da müəyyən qədər öyrənə bilib. Hazırda ABŞ-də hakimiyyət uğrunda iki partiya arasında ciddi mübarizə gedir. Respublikaçılar bəyan edirlər ki, ABŞ-nin Ukraynaya göstərdiyi yardımlar vətəndaşlardan toplanan vergilər hesabına həyata keçirilir və həm də Ukraynadakı müharibə Amerika iqtisadiyyatına yükdür. Seçicilərə ünvanlanmış bu cür sözlər heç şübhəsiz ki, respublikaçıların və Donald Trampın reytinqini yüksəldir. Digər tərəfdən, respublikaçılar təcrid siyasətinə üstünlük verməyin ABŞ üçün faydalı olacağını bildirirlər. Ona görə də elə təsəvvür yaradılır ki, sanki ABŞ-dəkı iqtisadi problemlərin kökündə Ukraynaya yollanılan yardımlar durur. Elə bu səbəbdən də Ukraynaya ayrılacaq 61,4 milyard dollar dəyərindəki köməyin hüquqi qüvvəyə minməsi qanunverici orqanlarda əngəllənir.
Zelenski bəlkə də düşünür ki, əgər Bayden administrasiyasından artıq heç bir haray yoxdursa və ya onun yenidən seçilməsi ehtimalı azdırsa, onda ABŞ-də Prezident seçilə biləcək digər namizədlə - Donald Trampla isti münasibətlər yaratmaq faydalı olar. Zelenski Trampın müharibəni 24 saat ərzində sona çatdıracağı fikrinə münasibət bildirərkən deyib ki, əgər bu baş verərsə, o, özünü ən xoşbəxt prezident hesab edər. Yəni, Ukrayna Prezidenti Amerikadakı iki qüvvə arasında manevr etmək yolunu tutmaqla yardımların davam etdirilməsinə çalışır.
Vaqif Nəsibov
“AzPolitika.info”
Tarix: 10-02-2024, 10:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}