“DAXİLDƏ İKİ ƏSAS PROBLEMİMİZ VAR...” – “Konstitusiyada dəyişikliklərə gedilməlidir, artıq dövr bu islahatları tələb edir”

Vahid Əhmədov: “İnsanlar sərhədlərin bağlı qalmasından əziyyət çəkirlər, amma...”

“Ən çox narazılıq doğuran məsələlərdən biri pensiya yaşı ilə bağlıdır”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “AzPolitika”-ya müsahibəsində Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinin səbəbələri, bu qərarın regionda münasibətlərin gələcək perspektivlərinə təsiri, o cümlədən Zəngəzur dəhlizi, Azərbaycanla Ermənistan arasında sülh prosesi, eləcə də ölkədə gedən ictimai-siyasi proseslərlə bağlı sualları cavablandırıb.
Müsahibənin ikinci hissəsini təqdim edirik:
(Müsahibənin ilk hissəsini bu linkdən oxumaq olar)
- Vahid müəllim, 4 ildən artıqdır ki, Azərbaycanın quru sərhədləri bağlıdır. Ekspert camiyəsində bu, əsasən təhlükəsizlik problemləri ilə əsaslandırılır. Hökumətin isə rəsmi izahatı demək olar, yoxdur. Bu yaxınlarda Baş nazir Əli Əsədov parlamentdə dedi ki, qərarı özü verib, amma o da bunun səbəbini açıqlamadı. Sizin qənaətiniz nədən ibarətdir, quru sərhədlərini niyə bağlı saxlayırlar?
- İlk növbədə qeyd edək ki, insanlar bundan əziyyət çəkirlər. Mən şimal bölgəsinin millət vəkiliyəm, bu bölgə Rusiya ilə sərhəddir. Oranın camaatı mütəmadi olaraq Rusiya ilə iqtisadi əlaqələr qururdu, gediş-gəliş var idi. O cümlədən, Cənub zonasının əhalisi də İranla bu cür əlaqələr qurmuşdu. Amma əlbəttə, dövlətin təhlükəsizliyi hər şeydən öndədir. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi hələ bağlanmayıb, Qəzzada baş verən hadisələr, İran-İsrail münasibətlərində gərginlik və onun necə nəticələnəcəyi məlum deyil. Bu baxımdan, təhlükəsizliklə bağlı əsaslandırmada müəyyən mənada həqiqət var. Mən bir neçə dəfə təklif etdim ki, strateji müttəfiqimiz olan Gürcüstan ərazisindən bir dəhliz açılsın. Həmin dəhlizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunsun və insanları bir-bir yoxlamaqla gediş-gəlişi təmin edək. Bu gün bizim Rusiyada kifayət qədər əhalimiz var. Hər insanın imkanı yoxdur ki, ölkəsinə təyyarə ilə gedib-gəlsin. Düşünürəm ki, bunu etmək olar.
- Azərbaycan dünyada sərhədini bağlı saxlayan iki-üç dövlətdən biridir. Yəni, təhlükəsizlik problemləri daha böyük olan ölkələr var...
- Siyasətdə olan adamlar nələrin baş verdiyini yaxşı bilirlər. Hələ bu, məsələnin görünən tərəfidir, görünməyən tərəflər də var. Vaxtilə Rusiya ilə çox ciddi problemlər yaşayan zaman onlar Dağıstanda qoşun toplamışdılar. Digər tərəfdən, İran 44 günlük müharibədə və sonrakı dövrdə Ermənistanın yanında olub. Orada bizim 30 milyondan çox həmvətənimiz var. Faktiki olaraq onların heç bir hüququ, məktəbi, mədrəsəsi yoxdur...
- Ölkə daxilindəki vəziyyət barədə soruşmaq istərdik. Azərbaycan ötən il antiterror əməliyyatı keçirib suverenliyini təmin etdikdən sonra hökumət daxili problemlərin həllinə nə qədər istiqamətlənib? Sosial-iqtisadi məsələlərin həlli, eləcə də biznesin inkişafına maneə olan problemlərin həlli istqamətində hansı addımlar atılır?
- Bu gün dünya iqtisadiyyatının özündə problemlər yaranıb. Burada xüsusilə Rusiya-Ukrayna müharibəsinin təsiri böyükdür. Azərbaycanın Rusiya və Ukrayna ilə çox ciddi təmasları var. Biz 2024-cü ilin dövlət büdcəsində idxalın səviyyəsinin artdığını görürük. Bu, həm də xaricdən inflyasiya idxalı deməkdir. Daxildə iki əsas problemimiz var - qiymət artımı və işsizlik. Bu iki problemin həlli bizim üçün olduqca önəmlidir. Əsas bu iki məsələ üzərində dayanmaq lazımdır. Bizdə 14 iqtisadi rayon var. Mən təklif etdim ki, iş yerləri ilə bağlı 14 rayon üzrə xüsusi proqram tətbiq edək. Biz vaxtilə regionların inkişafı üzrə dörd iqtisadi inkişaf proqramı həyata keçirmişik.
- 80 milyarda qədər də vəsait xərclənib...
- Bəli. Kifayət qədər işlər, infrastruktur layihələri var idi. Amma konkret iş yerlərinin açılmasına nail ola bilməmişik. Mən burada Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərləri yox, regionları və rayonları nəzərdə tuturam. İnsanların iş yeri olsa, nə Bakıya nə də digər şəhərlərə axın etməzlər. Qiymət artımına gəlincə, bunun özü iki yerə bölünür - obyektiv və süni qiymət artımı. Bizdə süni qiymət artımı kifayət qədər çoxdur. Ərzaq, qeyri-ərzaq məhsullarında, dərman preparatlarında süni artım var. Biz bu məsələləri mütəmadi olaraq Milli Məclisdə də qaldırırıq. Bu yaxınlarda dərmanların qiyməti ilə əlaqədar müəyyən qərarlar qəbul etmişik. Biz çalışmalıyıq ki, xaricdən idxal olunan məhsulların müəyyən hissəsini Azərbaycanda istehsal edək. İdxal artdıqca inflyasiya da artır və nəticədə qiymət artımı baş verir. Çünki həmin dövlətlərdə də bu proses gedir. Bu yaxınlarda Baş nazirin hesabatında da bu məsələlərə toxunulub.
- Sizin təkliflər nə dərəcədə nəzərə alınır?
- Nəzərə alınması üçün işləmək, işləmək, yenə də işləmək lazımdır. İş yerləri açmaq lazımdır, sonra süni qiymət artımının qarşısını almalıyıq. Artıq Rəqabət Məcəlləsi qəbul olunub, müəyyən normativ sənədlər hazırlanır. Bazarda azad rəqabət olmalı, monopoliyanın qarşısı alınmalıdır. Hazırda Antiinhisar Xidməti regionlarda müəyyən qədər qiymət artımının qarşısını alır. Amma bütün sahələri yoxlamaq qeyri-mümkündür.
- Dünya Bankının bu yaxınlarda yeni hesabatı yayımlandı. Həmin hesabatda Azərbaycan biznesin üzləşdiyi problemlərə görə 36 ölkə arasında 33-cü sırada qərarlaşıb. Qonşu ölkələrdən Gürcüstan 13, Türkiyə 17, Ermənistan isə 19-cu sırada yer alıb. Bunun da səbəbi sizin də zaman-zaman Milli Məclisdə qaldırdığınız Rəqabət Məcəlləsinin uzun illər qəbul olunmaması ilə bağlanılır...
- Ümumiyyətlə, bizdə sahibkarlıq sahəsində ciddi problemlər var. Elə Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında da mütəmadi bu məsələlərə toxunuruq. Biz Rəqabət Məcəlləsinin qəbul edilməsini uzun müddətdir istəyirdik. Nəhayət, qəbul olundu. Düzdür, biz istədiyimiz kimi qəbul olunmasa da, başlanğıc üçün normaldır. Biz indi yaxın illər ərzində bu məcəllənin özünü necə doğrultduğunu nəzərdən keçərəcəyik, monitorinqlər aparılacaq. Əvvəllər ən çox problemlər vergi sistemində yaşanırdı. Sonradan bu sahədə ciddi islahatlar aparıldı.
- Amma yenə də vergi dərəcələri çox yüksəkdir...
- Bəli, çünki dövlət büdcəsinin əsas hissəsini vergilər və neft-qaz satışından daxilolmalar təşkil edir. Hazırda əsas məqsəd qeyri-neft sektorunun inkişafıdır. Neft-qazdan yavaş-yavaş yaşıl enerjiyə keçirlər. Azərbaycan da burada əsas dövlətlərdən biri kimi fəaliyyət göstərir. Biz COP-29-u da misal çək bilərik. Qeyri-neft sektorunun inkişafı bizim üçün önəmlidir. Burada tək sənayedən söhbət getmir. Kənd təsərrüfatı və turizm kimi sahələri də inkişaf etdirməliyik. İndi işğaldan azad olunan Qarabağ bölgəsində bunun üçün geniş imkanlar var. Vaxtilə orada sözügedən sahələrin hamısı mövcud idi. İndi daha da genişləndirilir. Bununla bağlı indiyə qədər təxminən 12 milyard manata yaxın vəsait xərcləmişik. Bu ilin büdcəsindən də dörd milyard manat ayrılıb. Bu zonanın istifadəyə verilməsi Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək.

- Rəqabət Məcəlləsi kifayət qədər gec qəbul olundu. Bu gün əksər ekspertlərin fikrincə, Azərbaycanda inhisarçılıq həm biznesin durumunu, həm də əhalinin sosial vəziyyətini gərginləşdirir. Bu sahədə real islahatların olacağına ümid etməyə dəyərmi?
- Biz prezident seçkilərindən sonra bu islahatların olacağını gözləyirdik. Çünki elə məsələlər var ki, həm Konstitusiyada müəyyən dəyişikliklərə gedilməlidir, həm də artıq dövr bu islahatları tələb edir. Məsələn, icra hakimiyyəti orqanları və prezidentin səlahiyyətli nümayəndəliyi məsələsi. Cənab Prezident də çıxışlarında qeyd edib ki, artıq xüsusi nümayəndəliklər özünü doğruldub. Yəqin ki, bu məsələyə baxılacaq. Bundan əlavə, Nazirlər Kabineti və vitse-prezidentlik institutunun fəaliyyətində paralellik var. Buna da baxılmalıdır. O cümlədən Milli Məclisin tərkibinin genişləndirilməsinə ehtiyac var. Bu cür islahatların aparılması, əlbəttə, çətin və ağır məsələlərdir. Bu islahatlar getməlidir ki, Azərbaycanda iqtisadi inkişafa nail ola bilək.
- Dövlət Statistika Komitəsi bildirir ki, ölkədə keçən il 60 min insan dünyasını dəyişib. Kişilərin 48 faizi 65 yaşına çatmadan vəfat edir. Azərbaycanda pensiya yaşı 65 yaşdır və orta ömürlə müqayisədə kifayət qədər yüksək hesab olunur. Bu gün insanların ünvanlı sosial yardıma, dövlətin digər sosial layihələrinə çıxış imkanları ilə bağlı müəyyən problemlər var. Bu problemlərin həllini necə görürsünüz?
- Mən hər ay Qubada qəbul keçirirəm. Ən çox narazılıq doğuran məsələlərdən biri də pensiya yaşı ilə bağlıdır. Hamı istəyir ki, 70-75 yaşına kimi işləsin. Bununla bərabər orta ömürlə müqayisədə pensiya yaşının yüksək olması ilə bağlı da şikayətlər çoxdur. Son dövrlər artan xəstəliklər, epidemiyalar səbəbindən insanların böyük əksəriyyəti pensiya yaşına çata bilmədən vəfat edir. Digər tərəfdən, insanlar sosial sığorta haqları ödəyirlər və bu zaman hesablarına kifayət qədər vəsait yığılır. Amma vətəndaş rəhmətə gedəndən sonra o vəsait heç kimə verilmir. Həmin adamın özü o vəsaiti götürmək imkanına malik olmalıdır. Rəhmətə gedəndən sonra onun varisi, həyat yoldaşı bu vəsaitdən istifadə etməlidir. Çünki onun şəxsi vəsaitidir, əməyinin hesabına ora toplanıb. Bu məsələ ilə bağlı mütəmadi olaraq millət vəkilləri ilə müzakirələr aparırıq.
- Eyni zamanda vətəndaşların əlilliyini əsaslandırması ilə bağlı ciddi problemləri var...
- Tibbi Sosial Ekspert Komissiyaları Əhalinin Sosial Müdafisəsi Nazirliyinə verilib. Mənə elə gəlir ki, orada bu məsələlər müsbət həll olunacaq.
- Ölkədə Konstitusiya dəyişikliyi, növbədənkənar parlament seçkisi gözlənilirmi?
- Parlament seçkisi olmalıdır. Azərbaycan 32 ildir müstəqil dövlətdir. İlk dəfə olaraq prezident seçkiləri ərazi bütövlüyü çərçivəsində keçirildi. Bu, böyük məsələdir. Prezident seçkilərindən sonra parlament seçkiləri də keçirilməli, onun tərkibi, millət vəkillərinin sayı müəyyən olunmalıdır. Əhali sayı 7 milyon olanda da 125 millət vəkilimiz var idi, 11 milyona çatırıq, indi də...
- Bəs növbəti seçkilərdə yenidən deputatlığa namizəd olacaqsınızmı?
- Mən dövlətə, millətə işləyən millət vəkili olmuşam. Buna tələbat olacaqsa, hazıram.
Tarix: 23-04-2024, 22:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}