Məhərrəmlikdə 60 günlük toy yasağının səbəbi


İlahiyyatçılara görə, şənlik yasaq olmasa da, bu, bir əxlaq və qəlblə bağlı məsələdir...

Artıq bir müddətdir ki, müsəlman aləmində, o cümlədən ölkəmizdə məhərrəmlik əyyamı yaşanır. Məlum olduğu kimi, xüsusən də şiə məzhəbinin nümayəndələri Məhərrəm və Səfər ayında, yəni 60 gün ərzində matəm saxlayır, toy və mərasim keçirməkdən imtina edirlər. Bəs Məhərrəm ayı niyə 60 gün çəkir? Bu sualın cavabı bəziləri üçün məlum deyil.

Xatırladaq ki, bu ay Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biridir. Lakin Məhərrəm ayının 10-cu günü İslam tarixinə Aşura günü, İmam-Hüseyn (ə) və tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Aşuranın qırxıncı günündən sonra 10 gün də Səfər ayı üçün matəm günü hesab olunmasının da öz mənası var. Belə ki, Məhərrəm ayında müharibə etməkdən çəkinən ərəb tayfaları Səfər ayından başlayaraq öz münaqişələrinə davam edib, müharibələr üçün hazırlıqlara başlayıblar. Bəzən bu ayı nəhs ayı kimi də qəbul edirlər. Lakin dini ekspertlər qeyd edir ki, bu inancın dini əsası yoxdur. Beləliklə Məhərrəmlik ayı 60 gün çəkmiş olur.

Bəs Məhərrəmlikdə toy etmək olarmı? Bununla bağlı yeni fətvaya və yaxud qadağa ehtiyac varmı?

Qeyd edək ki, bu mövzu ətrafında hər zaman mübahisəli fikirlər səsləndirilib. Bir çox müsəlman ölkələrində, xüsusən də sünni məzhəbində olanlar məhərrəmlik yasaqlarına ciddi şəkildə əməl etmir. Azərbaycanda da sünni məzhəbinə mənsub insanların yaşadığı bölgələrdə bəzən böyük və kiçik toy məclislərinin, nişan və digər bu kimi şənliklərin keçirildiyinin şahidi oluruq. Məsələn, deyilənə görə, Qazaxın yalnız 2-3 kəndində məhərrəmlik adət-ənənələrinə əməl olunur. Burada məhərrəmlik dövründə də digər aylarda olduğu kimi, toy-nişan mərasimləri keçirilir. O cümlədən Zaqatala-Balakən, Şəki, Qusar bölgələrində məhərrəmlik yasaqlarına o qədər də əməl olunmadığı bildirilir. Lakin elə bu bölgələrdə yaşayanlar da əksər hallarda məhərrəmlik yasaqlarında əməl etməsələr də, böyük toy məclisi keçirməkdən çəkinir, bu ayda toy edilərsə, uğursuzluq olacağını düşünürlər.

Åahin HÉsÉnli ile ilgili görsel sonucu

Beləliklə, Məhərrəm ayında toy, şənlik məclislərinin keçirilməsi ilə bağlı müzakirələr yenə də aktualdır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Şahin Həsənli mövzu ilə bağlı bundan əvvəl müsahibələrinin birində qeyd etmişdi ki, Məhərrəm ayında toy, şadlıq mərasimlərinin keçirilməsi qadağa və əmr çərçivəsindən kənarda olan məsələdir: “Bu, qəlblə bağlıdır. Bu ay İmam Hüseyn əleyhissəlamın şəhid olduğu aydır. Məsumlar tərəfindən bu ayda bizə əzadarlıq və matəm əhval-ruhiyyəsində olmaq tövsiyə olunur. Şəriət nöqteyi-nəzərindən toy mərasimlərinin keçirilməsi qadağan olunmayıb. Amma bilirik ki, yaxın adamını itirən bir şəxs bayram etməz. Bu əzadarlığı xalqımız əsrlər boyu yaşadır və adətdir ki, Məhərrəm, Səfər aylarında toy edilməyib. Azərbaycanda məzhəbindən asılı olmayaraq hər kəs buna əməl edir. Ona görə də hesab edirəm ki, bu məsələ ilə bağlı əmr və qadağaların olması zəruri deyil.

Ä°lgili resim

İmam Hüseynin və Kərbəla şəhidlərinin ruhuna hörmət əlaməti olaraq vacibdir ki, bu iki ayda toy və şadlıq mərasimləri keçirilməsin".

İlahiyyatçı Emil Rahiloğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, şəriət nöqteyi-nəzərindən Məhərrəm ayında toy etmək, kəbin kəsdirmək qadağan deyil: “Onsuz da bizdə keçirilən toylar dinə əsasən qadağandır. Yəni İslam dinində spirtli içki qəbul etmək, məhrəmlərin bir-biri ilə oynaması olmaz. Bir daha qeyd edirəm ki, Məhərrəm ayında kəbin kəsdirmək şəriət nöqteyi-nəzərindən qadağan deyil. Lakin sual əsasən şənliklərlə bağlıdır. Yəni bu ayda şənlik etmək olar, ya olmaz? Əlbəttə, burada söhbət İslam dini fəlsəfəsində olan şənlikdən söhbət gedirsə, bu da qadağan deyil. Əxlaq nöqteyi-nəzərindən isə deyə bilərik ki, yaxınlarımız, qonşularımız belə dünyasını dəyişdikdə, onun ehtiramına bir müddət həssaslıq edir, toy məclisi keçirmir. Məlum olduğu kimi, bəşəriyyətin xilaskarı olan peyğəmbərin yaxınları Kərbəla düzündə vəhşicəsinə qətlə yetirilib. Beləliklə, biz peyğəmbərin ailəsinə əzadarlıq edirik və necə ki, öz yaxınlarımız üçün 1-2 ay matəm saxladığımız kimi onlar üçün də yas saxlayırıq, keçmişdə olduğu kimi, indi də ehtiram saxlayır, toy məclisi keçirmirik. Yəni bu, sadəcə bir vicdan məsələsidir. Bəzi hədislərdə qeyd olunur ki, Məhərrəm ayı gələndə imamlarımız 40 gün qara geyinib yas saxlayırlarmış. Bu gün hər kəs bu ənənəni davam etməyə çalışır. Əgər kim əməl etmirsə,  onu tənqid etməyə ehtiyac yoxdur”.

İlahiyyatçı qeyd etdi ki, İran, İraqda məhərrəmlik əsasən 40 gün çəkir: “Lakin sonrakı günlərdə, yəni 10 gün Səfər ayında da çox mühüm hadisələr baş verib. Səfər ayının 1-i Siffeyin döyüşünün başlanması, 5-i Həzrət Rüqəyyənin şəhadəti, 9-u Əmmar Yasirin Siffeyində şəhid olması, 20-si İmam Hüseynin şəhadətinin ”Ərbəin" (40 mərasimi) günüdür. Səfər ayının 28-də isə Həzrət Məhəmməd peyğəmbər (s.ə.s) və İmam Həsənin (ə) şəhadət günüdür. Bu səbəbdən də adətən Səfər ayının “Ərbəin”dən sonrakı 10 günü də matəm günləri olaraq qəbul olunur".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Tarix: 6-10-2018, 14:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}