Daha çox xəstə, daha çox pul: İcbari tibbi sığortayla bağlı CİDDİ NARAHATLIQ


Daha çox xəstə, daha çox pul: İcbari tibbi sığortayla bağlı CİDDİ NARAHATLIQ

2020-ci ildən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq və bu məqsədlə 2019-cu ildə bütün xəstəxanalar publik hüquqi şəxsə çevriləcəklər. 

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib. O qeyd edib ki, bu il bir neçə hazırlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulub: 

“2020-ci ildən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlamalıyıq. Məsələnin iki tərəfi var, sığorta haqlarının yığılması və xərclənməsi, yəni xəstəxanalara ödənilməsi. Bu gün xəstəxanalar dövlət büdcəsindən maliyyələşirlər. İcbari tibbi sığorta tətbiq edildikdə xəstəxanalar dövlət büdcəsindən deyil, Agentlikdən maliyyələşəcəklər. Xəstəxana hansı tibbi xidmətləri göstərəcəksə həmin xidmətlərin qiymətləri olacaq. Biz də bu qiymətlər əsasında sığortalı vətəndaşın əvəzinə xəstəxanaya vəsait köçürəcəyik. İlk növbədə xəstəxanalar vəsaiti qəbul etməyi bacaqmalıdırlar. Bu hüquqi məsələdir. Xəstəxanalar publik hüquqi şəxsə çevrilməlidirlər. Hazırda xəstəxanalar kənardan vəsait qəbul edə bilmirlər. Biz planlaşdırıq ki, 2019-cu ildə xəstəxanaların publik hüquqi şəxsə çevrilməsi yekunlaşsın”.

Həkim maaşları yeni qaydayla hesablanacaq 

Zaur Əliyev həmçinin bildirib ki, bir çox normativ-hüquqi aktlara əlavə və dəyişikliklər nəzərdə tutulur: 

"Həmçinin tibb işçilərinin əməkhaqları yeni qaydalar ilə hesablanacaq. Tibbi işçisinin xəstəxanada işlədiyinə görə müəyyən bir məvacibi ilə bərabər, göstərdiyi fəaliyyətə görə də qazancı olacaqdır. Yəni, həkimin yanına daha çox xəstə gəlirsə, ağır əməliyyatlar aparırsa, o həkimin əlavə qazancı olacaqdır. Bu məqsədlə də qanunda dəyişiklik olmalıdır”.

Zaur Əliyev  əlavə edib ki, ən vacib hazırlıq işlərindən biri avtomatlaşdırama ilə bağlıdır: 

“Xəstəxanaların bizə təqdim edəcəkləri reyestr üzrə ödənişlərin kağız ilə aparılması fiziki olaraq mümkünsüzdür.  Bütün xəstəxanlarda idarəçiliyin avtomatlaşdırılması proqram təminatını  tətbiq etməliyik. Artıq hazırlıq işlərinə başlamışıq. Xəstəxanlarda bütün proseslər elekton aparılacaqdır. Xəstənin qeydiyyatı, müalicəsi, bu xidmətlərə görə agentlikdən vəsaitin alınması və s. əməliyyatlar elektronlaşdırılacaq. Həkim xəstənin sağlamlıq tarixçisinə baxa biləcəkdir”. Agentliyin sədri bildirib ki, pilot rayonlarda yeni əməkhaqqı qaydalarının tətbiqi ilk öncə həkimləri narahat edib, lakin sonradan onlar bu sistemi qəbul etməyə başlayıblar. 

Mövzu ilə əlaqədar Cebhe.info-nun suallarını cavablandıran tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, hansısa həkimin daha çox xəstəyə baxmasına görə daha çox maaş alması icbari tibbi sığorta yanaşmasında kökündən yanlış fikirdir: 

“İcbari tibbi sığorta məsələsinə də yanaşma analoqu olmayan bir variantdır. Biz nə üçün dünya təcrübəsindən yararlanmamalıyıq? Niyə bu məsələ Azərbaycansayağı həll edilməlidir? Əgər hər hansısa həkimin daha çox xəstəyə baxmaq imkanı yaranırsa, bu, o deməkdir ki, qəbul şöbəsi ilə həkimlər arasında neqativ münasibət yaranacaq. Yenə əvvəlki Azərbaycansayağı anormal hadisələr baş verəcək”.

Adil Qeybulla əlavə edib ki, dünyada bu cür yanaşma yoxdur:

“Əgər dövlət möhür vurub, diplom veribsə, bunun peşəkarlığına da cavabdehdir. Ona görə də ilk növbədə peşəkar həkimlərin yetişdirilməsi əsas şərtdir. Həkim seçimi isə yalnız bu halda ola bilər ki, yüksək səviyyəli,  ixtisasa malik həkimlərin seçimində əlavə ödəniş olsun. Dünyanın hər yerində bu belədir. Amma xəstə stasionara gəlibsə, o, artıq həkim seçməli deyil. Bu, neqativ tendensiyalara gətirib çıxaracaq. Burada Amerika kəşf etmək lazım deyil. İstər Səhiyyə Nazirliyinin, istər dövlətin başqa strukturlarının bu məsələyə belə yanaşması kökündən yanlışdır. Əgər bu cür olacaqsa, icbari tibbi sığortadan müsbət nəsə gözləmirəm”.


Tarix: 7-03-2019, 15:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}