"Get, hara yüksəkdir əlini ora qoy, buranın rəhbəri mənəm..." - Özbaşınalıq

 Ağdam rayonu Mahrızlı kənd sakini, Qarabağ və Əfqanıstan müharibəsi veteranı Ələkbər Mənsum oğlu Əliyev “Cümhuriyət” qəzetinə şikayət məktubu ünvanlayıb.

Şikayətçi iki müharibədə iştirak etsə də, hazırda heç bir sosial güzəştdən istifadə edə bilmir:

“Ağdamın Mahrızlı kəndində yaşayıram, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranıyam. İki müharibədə iştirak etmişəm, amma 1 qəpik pul almıram. Dərdimi kimə deməliyəm? Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin sədri Əvəz müəllim deyir ki, get, hara yüksəkdir əlini ora qoy, buranın rəhbəri mənəm. Köməkçisi də bacısı oğludur, şikayətlərə baxmırlar. Mən Azərbaycanın Milli qəhrəmanı Şirin Mirzəyevin alayında döyüşmüşəm. Sıravi əsgərdən tabor komandirinə qədər yüksəlmişəm. Mənimlə döyüşən əsgərlərin hamısı veterandır, pul alırlar, amma mən ala bilmirəm. Bu qədər haqsızlıq olmaz axı. Mən zamanında vətəni qorumuşam, indi də mənim qorumaya ehtiyacım var. Bu qədər süründürməçilik olmaz”.

Müharibə veteranı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsə də, şikayətinə baxılmayıb: “Ona görə də hər şeydən küsmüşəm. Əfqanıstan müharibəsi veteranı olduğuma görə son 2 ilə qədər pul aldım. Sonra xəstəliklə əlaqədar pensiyaya çıxdım, 60 manat təqaüd alıram. Təqaüd almağa başladığım gündən Əfqanıstan müharibəsi veteranı olduğuma görə verilən pulu kəsdilər. Hazırda nə Qarabağda, nə də Əfqanıstanda döyüşdüyümə görə pul ala bilirəm. Qarabağ veteranı olduğumla bağlı sənədimi də ala bilmirəm. Müdafiə Nazirliyinə sorğu göndərdim, cavab olaraq bildirdilər ki, Qarakəndə döyüşə getmisiniz, amma son aqibətiniz məlum deyil. Nazirlikdən kağız gəlmir ki, Qarabağ veteranı vəsiqəsini də alım. Sənədlərimin hamısı var, hərbi xidmətə girişimdən tutmuş çıxış tarixinə qədər. Amma məhəl qoyan yoxdur”. Ələkbər Əliyev sonda döyüş yoldaşlarını da xatırlayıb: “Yaqub Rzayevin (Qatır Məmməd) yanında da “quş tüfəngi” ilə döyüşmüşəm. Milli Ordu yarananda Şirin Mirzəyevin yanına getdim. Qarabağda rəhmətlik Canpoladla, Elmarla, Fred Asiflə döyüşmüşəm”.

 

Qəzet məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ilə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı sorğuya cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb:' Ələkbər Əliyevlə danışdıq. Bununla bağlı rəsmi mövqeyimiz belədir.

Ağdam rayonu, Mahrızlı kənd sakini Ələkbər Əliyev bir neçə il öncə II qrup əlillik dərəcəsi aldığı üçün ona əlilliyə görə müavinət təyin olunub. Bu səbəbdən qanunvericiliyə uyğun olaraq, müharibə veteranı kimi ona ödənilən sosial müavinət dayandırılaraq, əlilliyə görə sosial müavinətin ödənilməsinə başlanılıb. Çünki qanunla eyni şəxsə iki müavinət növü ödənilə bilməz.
Lakin bugünlərdə cənab Prezidentin imzaladığı Sərəncamla əlilliyə görə sosial müavinətin məbləği ciddi şəkildə artırılmaqla, eyni zamanda müharibə veteranları üçün

Prezidentin aylıq təqaüdü (80 manat) təsis olunub. Beləliklə, aprel ayının 1-dən etibarən Ə.Əliyevin II qrup əlilliyi olan şəxs kimi müavinəti 61 manatdan 130 manata çatdırılır, eyni zamanda müharibə veteranı kimi ona 80 manat ödəniləcək. Ümumilikdə 210 manat alacaq.

 

Bu da ona ödənilən dövlət vəsaitinin azı 3 dəfədən də çox artması deməkdir. Həmin ödənişlə yanaşı Ə.Əliyevin özünün bildirdiyinə görə, özü və yoldaşı, həmçinin 2 uşağı hər biri məcburi köçkün kimi aylıq sosial müavinət alır. Həmin müavinətin də məbləği 50 faiz artırılaraq 60 manata çatdırılıb. Göründüyü kimi, vətəndaşın özünə və ailəsinə dövlət tərəfindən lazımi maddi dəstək göstərilir. Bu dəstək daim artır.

Bununla bağlı Ə.Əliyevə də telefonla məlumat verilib və o, bundan razılığını ifadə edərək, dövlət başçısına minnətdarlığını bildirib.

Eyni zamanda Ə.Əliyev özünüməşğulluq proqramına cəlb olunmaq üçün növbədədir. Cari il ərzində öz kiçik təsərrüfatını yaratmaq üçün ona aktivlər veriləcək".
 
Tarix: 11-03-2019, 08:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}