3 manat pul, 1 kəllə qənd, 1 molla: Nikahı “bir parça kağız” kimi görənlərin sayı artır


3 manat pul, 1 kəllə qənd, 1 molla: Nikahı “bir parça kağız” kimi görənlərin sayı artır

Azərbaycanda son 12 ildə nikahdankənar 283 min 420 uşaq doğulub. 

Bu, Statistika Komitəsinin məlumatıdır.  Təxminən hər il 27 min uşaq nikahdankənar doğulur və rəqəmlər artıq ciddi narahatlıq yaradır.  Son vaxtlar ailə quran gənclərimiz nədənsə nikah bağlamağa meyl göstərmirlər. Bu problem daha çox bölgələrdə özünü göstərir və məsuliyyət ailə quran gənclərin valideynlərinin üzərinə düşür.  Təbii ki, bu məsələdə aidiyyəti qurumların da müəyyən qədər payı var.  Amma istənilən halda nikahsız ailələrdə zərbə uşaqlara dəyir. Uşaqların istər ailədə, istərsə də gələcək yaşamlarındakı bütün hüquqi təminatları ciddi problemlərlə müşayiət olunur. Bundan əlavə nikahsız tərəflərdə ən çox ağırlıq qadının üzərində qalır ki, bunlardan da ən başlıcası atalığın sübut edilməsi və alimentin təmin olunmasıdır. Həmçinin  uşaqların təhsildən yayınması, sağlamlıq, sığorta və digər bu kimi problemləri ortaya çıxır. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Cebhe.info-ya açıqlamasında deyib ki, nikahdankənar doğulanların sayı ilə bağlı ölkədə ciddi həyəcan təbili çalınmalıdır:

“12 ildə 300 min nikahdankənar uşağın doğulması çox ciddi rəqəmdir. Təsəvvür edin ki, biz 300 min travmalı ordu yaradırıq.  Bu uşaqlar böyüyüb biləcəklər ki, ataları onları qəbul etməyib və  analarını ittiham edəcəklər. Eyni zamanda bu travmalı uşaqların cəmiyyətə verdiyi aqressiya da təhlükəlidir. Ümumiyyətlə, nikahdankənar doğumların sayı ən çox ikinci nikahda baş verir. Amma istənilən halda belə nikahlar uşaqların təhsildən yayınması və inkişafı üçün hüquqi statusunun müəyyən edilməsində problemlər yaradır. Atalıq faktının müəyyən edilməsi də bir ayrı faktordur. Çünki  bu məsələdə rüsumlar həddindən artıq böyükdür və buna qadının gücü çatmır. Kişilərin də bu məsələdə əlinə fürsət düşür və qadını ittiham edərək “onsuz da heç nə edə bilməyəcəksən” kimi əsaslandırmalar gətirirlər. Halbuki hökumət bu rüsumları ya əlçatan etməli, ya da özü ödəməlidir. Həmin uşaqların gələcək taleyi ilə bağlı kifayət qədər hüquqi, psixoloji və tibbi problemlər yaranır. Bu prosesi dayandırmaq üçün ən azı insanların öz həyatlarına məsuliyyəti artırmaları vacibdir. Təkcə onların deyil, eləcə də uşaqlarının gələcək həyatı ilə bağlı problemlərin olmaması üçün məlumatlandırıcı çarxlar hazırlanmalıdır”. 

QHT sədri hesab edir ki, bu məsələdən çıxış yolu kimi Aliment Fondunun yaradılması daha məqbuldur:

“Qadının iqtisadi imkanı olmadığından, dövlət tərəfindən bu məsələdə yaranmış problemləri yoluna qoymaq üçün müəyyən rüsumların ödənilməsi daha əlverişlidir.  Yaxşı olar ki, dövlət qadın və uşaqların sosial müdafiəsinin gücləndirilməsi üçün atalıq faktının müəyyənləşdirilməsini üzərinə götürsün. Sonra ana bunu işləməklə ödəyə bilər. Bəzən normal ailə qurmuş şəxslər belə  “Bu, mənim uşağım deyil” deyir. Danışanda isə mentalitetdən danışırlar. Bu baxımdan, mental dəyərlərimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görülməldir. Məhz bu dəyələrimizi nəzərə alaraq  məsələni kökündən həll etməliyik. Hökumət bu məsələ ilə bağlı ciddi qərar qəbul etməlidir. Hansısa formada əlçatanlığı təmin etmək lazımdır ki, atalığın müəyyən olunması və alimentin alınmasında çətinlik çəkməsinlər”. 

Hüquq müdafiəçisinin sözlərinə görə, Aliment Fondunun yaradılması məsələsi də bir qədər mübahisəlidir:

“Müəyyən mənada büdcədən nə qədər xərclənəcəyi, nə qədərinin geri götürüləcəyi sual doğurur. Amma ideya olaraq məqbuldur. Fondun yaradılmasında ilk növbədə ictimai rəy də nəzərə alınmalıdır. Çoxları elə hesab edir ki, Aliment Fondunun yaradılması boşanmaların sayını artıracaq. Ona görə də ictimai müzakirələr keçirilməli, rəylər toplanmalı və təhlil edilməlidir. Biz bir tərəfdən uşaq hüquqlarının təsdiqini, digər tərəfdən isə ailələrin sosial müdafiəsini istəyirik.  O da istisna deyil ki, bu məsələdə sui-istifadələr də ola bilər. Yəni psixoloji amillər də böyük rol oynayır”.


Tarix: 5-08-2019, 20:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}