Ərəb turistlərə “sağlıqla qalın”, ruslara “xoş gəldiniz”...


“Əgər bir ölkədə xidmət səviyyəsi yüksək və qiymətlər də cibə uyğundursa, turist o ölkədən heç vaxt qaçmaz” - mütəxəssis

Bir vaxtlar Bakı küçələrində barmaqla sayılacaq qədər əcnəbi görmək olardı. Gələnlər də daha çox biznes məqsədilə ölkəmizə üz tuturdu. Lakin son illərdə Azərbaycana kifayət qədər əcnəbi turist gəlir. Turizm sahəsinə diqqətin ayrılması nəticəsində bu sahədə uğurlar əldə edilib.

Bir neçə ildir ki, ölkəmizə Yaxın Şərqdən, xüsusilə Səudiyyə Ərəbistanından olan turistlərin axını müşahidə olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanı 2 milyon 138 min 700 əcnəbi ziyarət edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 8,2% çoxdur. Onların düz 30,6%-i Rusiyadan, 22,1%-i Gürcüstandan, 9,5%-i Türkiyədən, 7,7%-i İrandan, 4 %-i Səudiyyə Ərəbistanından, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərindən, 1,8%-i Ukraynadan, 1,8%-i Hindistandan, 1,7 %-i İraqdan, 1,5%-i Türkmənistan və Qazaxıstandan, 1,4%-i İsraildən, 1,3%-i Pakistandan, 1,2%-i Böyük Britaniyadan, 11,6%-i digər ölkələrdən olan turistlərdir. 0,1%-i isə vətəndaşlığı olmayan şəxslərdir.

Ancaq keçən illə müqayisədə bu il Yaxın Şərq ölkələrindən olan turistlərin sayında azalma müşahidə edilir.

Kənan Quluzadənin ile ilgili görsel sonucu

Bununla bağlı Sputnik.az-a açıqlama verən Dövlət Turizm Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadənin məlumatına görə, bu ölkələrdən olan turistlərin bir özəlliyi var. Onlar uzun illər eyni turistik istiqamətə getmirlər: “Onlar beş-səkkiz il ərzində eyni yerə gedirlər və bu, onlara kifayət edir. Əvvəlcə bir turistik istiqamətə çox böyük axın edirlər, sonra isə bu axın azalmağa başlayır. Bu tendensiya ərəb ölkələrində həmişə izlənilib. Bizim üçün ən çox prioritet olan ölkələr Hindistan, Avropa və Çindir. Ərəb turistlər heç vaxt bizim top beşliyimizdə olmayıblar. Yalnız indi Səudiyyə Ərəbistanından ölkəyə gələn qonaqlar say etibarilə dördüncü yerdədir”.

Müzəffər Ağakərimov ile ilgili görsel sonucu

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov turistlərin sayında azalma olduğu fikri ilə razı olmadığını bildirib: “Əvvəlcə qeyd edim ki, turistlərin dəqiq statistikası mexanizmi hələ aparılmır. Çünki turistin gəlmə statistikasının mexanizmi işlənib hazırlanmalıdır. Amma ”turistlərin sayında azalma var" demək düzgün deyil. İlk növbədə Rusiyadan, Ərəb ölkələrindən, Avropa və Asiyanın digər ölkələrindən ölkəmizə kifayət qədər turist gəlir. Amma biz arzu edərdik ki, turistlərin statistikasını aparma mexanizmi qardaş Türkiyədə, Gürcüstanda olduğu kimi dəqiq şəkildə həyata keçirilsin. Bu da turizm sektorunda qarşıya hansı məqsədləri qoymaqda bizə yardım edəcək. Bəzən görürük ki, statistika idarəsi bir şey deyir, turizm qurumları başqa məlumat verir".

Mütəxəssis ölkədə turizm sahəsində xidmət səviyyəsinin artırılmasının vacibliyini qeyd etdi: “Əgər bir ölkədə xidmət səviyyəsi yüksək və qiymətlər də cibə uyğundursa, turist o ölkədən heç vaxt qaçmaz. ”Ərəb turistlər bir yerə mütəmadi getmir" fikrinə gəlincə isə bu yanaşmanı doğru hesab etmirəm. Turizm siyasətində belə şey yoxdur, deyəsən, bu yeni sahədir. Mən bir tarixçi kimi deyə bilərəm ki, ərəb ölkələri dedikdə buraya bir çox ölkələr daxildir və hər biri də fərqli psixologiyaya sahibdir. Yəni onları ümumiləşdirib demək ki, onlar bir yerə mütəmadi getmirlər, bu yanlışdır. Rusiyalı turistlər hər il Türkiyəyə axın edir. Nəyə görə? Çünki orada istənilən kateqoriyada olan insanın normal istirahəti üçün bütün şərait yaradılıb. Bu bir qayda olaraq belədir. Əgər turistin rahatlığı üçün bütün imkanlar yaradılıbsa, o, növbəti il qohumunu, dostunu gətirəcək".

Rusiyadan gələn turistlərin sayının ildən-ilə artığını qeyd edən Müzəffər Ağakərimov bunun bir neçə səbəbi olduğunu da bildirib: “Bildiyiniz kimi ,Türkiyə-Rusiya münasibətlərində bir ara soyuqluq oldu. Həmin ərəfədə turistlərin bir hissəsi Gürcüstana, bir hissəsi də Azərbaycana üz tutdu. Daha sonra Gürcüstanla Rusiya arasındakı soyuqluq turistlərin bura axın etməsinə səbəb oldu. Gələn turist də ölkəmizdə rahat istirahət etmək üçün bütün şəraitin olduğunu gördükdən sonra  davamlı olaraq gəlməyə başladı. Turistləri ölkəmizə cəlb edən bir neçə amil var. Ən əsası xalqımız qonaqpərvərliyidir. İkincisi, Azərbaycanda stabilliyin olmasıdır. Üçüncüsü də turizm sahəsində yaradılan infrastrukturdur”.

Turizm sahəsində hələ də problemlərin qaldığını bildirən mütəxəssis bu məsələlərin aradan qaldırıla biləcəyini qeyd etdi: “İlk növbədə, göstərilən xidmətin keyfiyyətini artırmalıyıq. İkincisi, turizm kadrları kəmiyyətcə çox olsa da, keyfiyyət baxımdan o qədər də ürəkaçan deyil. Ona görə bu məsələyə diqqət ayırmalıyıq. Üçüncü, sahibkarlarla bağlı olan məsələdir. Sahibkarlar qiymət siyasətinə diqqətlə yanaşsalar, yaxın qonşularla müqayisədə nisbətən ucuzluq olsa, bu turistlərin ölkəmizə axınına səbəb olar. Onu da qeyd edim ki, sentyabrın 27-si turizm işçilərinin peşə bayramıdır. Bu da dövlətin bu sahəyə nə qədər diqqət ayırdığının bir göstəricisidir”.


Tarix: 27-09-2019, 08:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}