Hövsan “donur”: Oğruların apardığı 540 vintili sakinlər almasalar, istilik olmayacaq - SAHƏ RƏİSİ


Hövsan “donur”: Oğruların apardığı 540 vintili sakinlər almasalar, istilik olmayacaq -  SAHƏ RƏİSİ

Binaların istilik sistemi ilə təchizi noyabrın 15-də başlamalı olsa da, paytaxtın bir çox ərazilərinə hələ də istilik verilməyib. 

Sözügedən problem Suraxanı rayonu Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsində yerləşən bina 24-də və Cəbrayıl Xanməmmədov küçəsində yerləşən Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə də qeydə alınıb.

Bununla bağlı Cebhe.info-ya qəsəbə sakinlərindən şikayət ünvanlanıb. 

Şikayətdə bildirilir ki, Hafiz Quliyev küçəsində yerləşən bina 24-ə istiliyin verilməməsi səbəbi  istilik sisteminin vintilinin olmaması ilə bağlıdır. Bina sakinlərinə bu barədə 12 saylı Hövsan qəsəbə İstilik Sistemlərinin İstismar Sahəsindən bildirilib. Sakinlərin iddiasına görə, sahə rəisi Məşdi Cəfərxanov binadakı istilik sisteminin vintilinin dəyişdirilməsi üçün sakinlərdən pul yığılmasını tələb edib. 

Məsələ ilə bağlı 12 saylı Hövsan qəsəbə İstilik Sistemlərinin İstismar Sahəsinin rəisi Məşdi Cəfərxanov Cebhe.info-ya açıqlamasında təkcə Hafiz Quliyev küçəsində yerləşən bina 24-də deyil, ümumilikdə qəsəbədəki binalarda 540 vintilin oğurlandığını bildirib: 

“Sakinlərdən pul yığılması söhbəti yoxdur. Təxminən ay yarım əvvəl qəsəbədə yerləşən binalarda 540 vintilin oğurlanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, ərazi üzrə Polis Şöbəsinə, Suraxanı Rayonu İcra Hakimiyyətinə və “Azəristiliktəchizat” ASC-yə rəsmi müraciət etmişəm. Sahə olaraq sakinlərə bildirmişik ki, binanın aşağı paylama xəttindəki vintillər oğurlanıb və aksesuarlar alınmalıdır. Aksesuarlar alınandan sonra biz qurum olaraq o sistemi bərpa edəcəyik. Heç kəsdən hansısa məbləğdə pul yığılmır. Sadəcə o aksesuarlar bina sakinləri tərəfindən təmin olunmalı və bizim işçilər onu bərpa etməlidir. Çünki vintil məsələsi sakinlərin üzərinə düşən hissədir. Bu hal təkcə Hafiz Quliyev küçəsi bina 24-də deyil. Ümumilikdə 540 vintil oğurlanmışdı ki, onun üçdəbir hissəsində bərpa işləri qalıb. Müraciət etdiyim qurumlar hər halda bu məsələ ilə bağlı araşdırma aparırlar”. 

76 nömrəli məktəbə istilik sisteminin verilməməsinə gəlincə, Məşdi Cəfərxanov bildirib ki, problemlə bağlı məlumat onlara gecə saat 02:00-da gəlib: 

“Məlumat gələn kimi işçilərimizi göndərdik. Oranın məhəllədaxili xəttinin 114 millimetr diametrində açılma olmuşdu. Səhər işə başladıq və artıq məktəb normal istiliklə təmin olunub. Binanın qızması üçün müəyyən zaman tələb olunur”, - deyə qurum rəsmisi əlavə edib. 

Siam.az


Tarix: 21-11-2019, 15:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}