Dağıstanda Stalinin büstünü sökdülər




Dağıstandakı Dagestanskiye Oqni şəhərində İosif Stalinə aprelin 29-da qoyulmuş büstü söküblər.
Bundan əvvəl bu büstün qoyulması yerli sakinlər arasında birmənalı qarşılanmamışdı.
Şimali Qafqazın bir sıra xalqları məhz Stalinin dövründə repressiyaya məruz qalaraq kütləvi şəkildə deportasiya olunub.
Beləliklə, Dağıstan kommunistlərinin Stalinə qoyduqları büst səliqəli şəkildə mayın 1-də demontaj edilib. Büstün postamenti yerində qalıb.
Büstün sökülməsini videoya çəkiblər.
Insider saytının çəkdiyi videoda yerli sakin bildirir:
“Bugün bu abidəni burda qoymaqla onlar bizim və qardaşlarımız çeçenlərin, inquşların, balkar və ləzgilərin arasına ədavət toxumu səpirlər. Odur ki, şəhərimizin rəhbərliyinin ucbatından baş vermiş bu anlaşılmazlığa görə üzr istəyirik”.
Şəhər sakinlərinin adından danışdığını deyən şəxs bildirir ki, yerlilər Stalinə abidə qoyulmasını istəmirlər və bunun üçün onlardan icazə alan olmayıb.
İkili münasibət
Stalinin büstünün qəfil yox olması sosial şəbəkələrdə geniş müzakirə olunur.
Bəzi şərhlərdə deyilir ki, “babalarımız Stalinin uğrunda döyüşə gediblər”, bir başqaları isə Qafqaz xalqlarının öz yurdlarından sürgün edilməsini yada salırlar.
Şəhərdəki çoxsaylı problemlərə işarə edən bir istifadəçi yazır ki, “hətta Stalin də şəhərimizdə tab gətirmədi”.
Şimali Qafqaz İslam Tədqiqatları Mərkəzinin direktoru Ruslan Gereyev isə baş verənləri tamam başqa cür izah edib:
“Mənim bildiyimə görə büstün demontajı yerli sakinlərin narazılığından daha çox onun qoyulması zamanı inzibati normalara əməl olunmaması ilə bağlıdır. Beləki şəhərdə qoyulan hər bir abidə memarlıq komissiyasından və başqa strukturlardan keçərək təsdiqlənməlidir”.
Büst Rusiya Federasiyası Kommunist Partiyasının (KPRF) yerli şöbəsi tərəfindən qoyulub və bu zaman şəhər sakinlərinin rəyi nəzərə alınmayıb.
Stalinin adı Qafqazın küçələrində yaşayır
Xüsusilə mühüm işlər üzrə keçmiş müstəntiq İqor Stepanov artıq bir neçə ildir ki, Rusiya şəhərlərinin küçələrini Stalin cinayətlərinin yüksək vəzifəli icraçılarının adlarından təmizləmək uğrunda mübarizə aparır.
Lakin ildə bir dəfə əcdalarının Mərkəzi Asiyaya deportasiyasının ildönümü üçün xatirə mərasimləri keçirən Şimali Qafqaz respublikaları bu adların dəyişdirilməsinə tələsmirlər.
Hazırda Şimali Osetiyanın yaşayış məntəqlərində Stalinin adını daşıyan 20-dək küçə var.
Stalinin adını daşıyan küçələr Dağıstanın Qorxmazqala, Şamxal-Termen, Saqasi-Teybuk, Zelenomorsk, Maxaçqala yaxınlığındakı Leninkent şəhərlərində hələ də qalır.
Rusiyada Stalinin adını daşıyan yeganə prospekt də Dagestanskiye Oqni şəhərindədir.
Çeçenistanın başçısı Ramzan Kadırov soydaşlarının deportasiyasına görə İosif Stalini sosial media postlarında dəfələrlə lənətləyib.
Azadliq radiosu
Tarix: 4-05-2021, 10:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}