Hələ rəqəmlər çox aşağı göstərilir


Azərbaycan vətəndaşları bu il ən çox apteklərə pul xərcləyiblər

"Dərmanla bağlı məsələ də ümumi iqtisadiyyatda olan problemlərlə eynidir"


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsullarına və tibbi ləvazimatlara 580 milyon manatdan çox vəsait xərclənib. Dövlət Statistika Komitəsinin hesabatına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,4 faiz artıb. Cari ilin təkcə avqust ayında sözügedən göstərici 75,1 milyon manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 5 faiz çoxdur. 

Azərbaycanda statistikanın doğru-dürüst aparılmadığını deyən iqtisadçı-ekspert Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında bildirib ki, əslində deyilən rəqəmlər çox aşağı göstəricidir. Ekspert qeyd edib ki, beynəlxalq ekspertlərin hesablamalarına görə, Azərbaycanda dərman dövriyyəsi təxminən 2 milyard manat civarındadır: 

"Nəzərə alaq ki, bir çox adamların Azərbaycan səhiyyəsinə və preparatlarına etimadı yoxdur. Məhz bu səbəbdən də əksər vətəndaşlarımız xaricdən dərman gətizdirir. Hətta bir vaxtlar sosial şəbəkələrdə qonşu respublika dövlətlərindən - Gürcüstan, Rusiya, İrandan dərmanların gətirilməsi ilə bağlı məlumatlar yazılırdı. Ancaq indi pandemiya dövrü olduğuna görə, həm gediş-gəliş azalıb, həm də qeyri-leqal yollarla dərmanların gəlişi. Ona görə də, hesab edirəm ki, 75 milyon aşağı rəqəmdir". 

N.Bəydəmirli əlavə edib ki, digər xarici ölkələrdə insanlar dərmanlara bu qədər vəsait xərcləmir: 

"Çünki həmin ölkələrdə bunun qarşılığını müxtəlif sığorta şirkətləri ödəyir. Azərbaycanda isə ümumiyyətlə, səhiyyənin idarə edilməsi arzuolunan səviyyədə deyil, eləcə də icbari sığorta da. Məhz bu səbəbdən də hökumət qurumlarına ciddi etimadsızlıq var. Hesab edirəm ki, dərmanla bağlı məsələ də ümumi iqtisadiyyatda olan problemlərlə eynidir. Bu mənada hökumət ciddi düşünməlidir. Heç olmasa, Gürcüstan təcrübəsindən istifadə edərək, sosial sahəni, sosial müavinət də daxil səhiyyə sistemini doğru-dürüst idarə etməlidir ki, bu, sosial dövlət anlayışına uyğun olsun".
Tarix: 15-09-2021, 08:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}