Pandemiya bəhanədir


Əyani təhsilin əleyhinə olanlar elə şagird və tələbələrdir

Tədrisdə yenidən qapanmaya getmək ciddi fəsadlar yaradacaq


"Hazırda payız fəslidir və mövsümü xəstəliklər var. Amma bütün istiliyi olanlar, öskürənlər koronavirus infeksiyasına yoluxub demək deyil".  
Bu fikirləri "Şərq"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, 2019-cu ilin eyni dövrünün rəsmi rəqəmlərinə baxdıqda, eyni dövrdə 33897 azyaşlı uşaqlarda qrip, yuxarı nəfəs yollarının infeksiyası, angina, sətəlcəm, bakterial dizinteriya və s. xəstəliyinə yoluxub: 

" Bəli, hər kəs haqlı olaraq narahatdır. Hər kəs təşviş içindədir. Hər kəs arqumentində haqlıdır.  Amma mövcud vəziyyətdən sui-istifadə etmək cəhdləri daha çoxdur. Xüsusilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri buna cəhd edir. 22 sentyabra qədər Təhsil naziri Emin Əmirullayevin, Təhsil Nazirliyinin, mənim bütün sosial şəbəkə hesablarına hər kəs yazırdı ki, ənənəvi qaydada dərslər bərpa edilsin.  İndi isə tam əksi baş verir. Böyük əksəriyyət təhsil alanlar tədrisin onlayn rejimdə davam etməsi ilə bağlı müraciətlər edirlər. Hər birimiz gündəlik həyatda görürük ki, pandemiya dövrünün qaydalarına riayət olunmur.  Nə ictimai nəqliyyatda, nə restoran və əyləncə mərkəzlərində, nə küçə və parklarda ara məsafə, dezinfeksiya tədbirləri görülür. Amma yeganə bu qaydalara riayət olunan təhsil müəssisələrini problem olaraq görürük. Deməli, zoopark açılandan sonra bura günlük onlayn bilet satışı min ədəd nəzərdə tutulub. Zooparkın qarşısındakı sıxlığı görürsünüz. Təkcə şənbə və bazar günləri zooparka gedənlərin sayı 5 min nəfərə çatıb. "İpone 13" mobil telefonu satışa çıxarılıb, bir dükanda olan sıxlığı gördünüz. Həmin dükanlara giriş edənlərin sayı 1200 nəfərdən çox olub. Hər gün "MALL" və digər istirahət, əyləncə mərkəzlərində sıxlığı görürsünüz. Təkcə şənbə və bazar günləri uşaq əyləncə mərkəzlərinə gedən məktəb yaşlı uşaqların sayı 12 min nəfərdən çox olub".

K.Əsədov əlavə edib ki, bu arqument doğru deyil ki, həmin yerlərə gediş könüllü, məktəbə məcburidir:

 "Həmin istirahət və əyləncə mərkəzlərinə övladlarını aparan və heç bir sosial məsafə qaydalarına riayət etməyən valideynlər, məktəblə bağlı narahatlıqlarını bildirirlər. Əgər təhsil müəssisələrində dərslər dayanıb onlayn-distant tədrisə keçirilsə nə olacaq? 2 milyon insan hər hansı bir yoxlanılmaya cəlb edilmədən rahatlıqla ictimai nəqliyyatda, restoranda, parkda, əyləncə mərkəzlərində gəzəcək ki, bu, daha təhlükəlidir. Təhsil müəssisələri fəaliyyət göstərəndə 1.6 milyon şagird, 250  min tələbə, 180 min müəllim və digər texniki işçilər hər gün yoxlanılmaya cəlb edilir, əlamət müşahidə olunan şəxslər cəmiyyətdən təcrid olunur.  Bundan başqa onlayn dərslərə qoşulmaq üçün alətləri olmayan 500 mindən çox şagird və tələbə tədrisdən kənarda qalacaq. Onlayn-distant dərsləri tələb edənlərin böyük əksəriyyəti subyektiv olaraq bunu istəyir.  Ya işləyirlər, ya da mövcud vəziyyətdən sui-istifadə etmək cəhdini edir. Ümumilikdə isə bu, bizim üçün virusdan daha təhlükəlidir".

Ekspert çıxış yolu kimi aşağıdakı təhsil alma formalarını təklif edib:

"İndi olan vəziyyət qalsın. Dərslər davam etsin. Kim istəyirsə, ənənəvi qaydada dərslərdə iştirak etməsin, onlar üçün onlayn-distant dərslər təşkil edilsin. Amma daha "Microsoft Teams" platformasında, kamera və mikrofonun söndürülməsi yolu ilə yox. Daha sərt nəzarət, ciddi şəkildə tədris, heç bir güzəşt olmadan. Məsələn, Bakı Dövlət Universitetinin tətbiq etdiyi "BLACKBOARD" proqramında kamera və mikrofon bağlı olan kimi, avtomatik olaraq iştirakçıya qaib yazılır. Müəllim də orta məktəbdə dərsdən 45 dəqiqə, universitetdə 80 dəqiqə tez çıxdıqda dərs keçirilməmiş hesab edilir və əmək haqqı yazılmır. Bizim üçün tədrisin keyfiyyətinin yüksəldilməsi vacibdir. Digər metod ondan ibarətdir ki, iştirakçı nə ənənəvi, nə də onlayn-distant dərslərdə iştirak etmir. Özü öyrənmə yolunu seçir, amma 4 həftədən bir keçirilən dərslərdə ciddi şəkildə yoxlanılır. Əlbəttə ki, bu, rüşvətxorluq hallarına yol açmamalıdır. Yoxlamanı anonim şəkildə başqa bir təşkilat yoxlamalıdır. Qeyd edim ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant-onlayn təhsilə keçməyin tərəfdarıyam. Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni hansı məktəbdə, kollecdə, universitetdə yoluxma halları varsa, yalnız orada tədrisi onlayn qaydada həyata keçirmək lazımdır. Bundan başqa, onlayn dərslər şagirdlərdə fiziki və psixoloji problemlər yaradır. Tədrisdə yenidən qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq. Həmçinin, onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir".

Tarix: 21-10-2021, 07:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}