“İfşa” siyahısı: kim haqlıdır?



“İfşa” siyahısı: kim haqlıdır?
Təhsil haqqını ödəyə bilməyən tələbələrin siyahısının ictimailəşdirilməsi qəbahətdir, amma...

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təhsil haqqını ödəməyən tələbələrin adlarının açıqlanması mətbuatda və sosial şəbəkələrdə böyük qalmaqala səbəb olub. Ayrı-ayrı ixtisaslar üzrə təhsilhaqqı borcu olan 40-dək tələbənin adının tədris korpusunun dəhlizindəki “Məlumat lövhəsi”nə yazılmasına görə universitet rəhbərliyi qınanılır, sərt tənqid edilir, bunu edən şəxslərin cəzalandırılması tələb olunub.

Bildirilir ki, həmin siyahıda “Aktyor sənəti” fakültəsinin ayrı-ayrı ixtisaslarında və müxtəlif kurslarda təhsil alan tələbələr arasında illik təhsil ödənişlərini yerinə yetirməyən və iri məbləğdə borcları yığılıb qalan tələbələrin adları yer alıb. Universitetə təhsilhaqqı borcu olanlar arasında iki tədris ilindən çox ödəniş etməyən tələbələr var. Tələbələrin borcları isə 381-3600 manat aralığında dəyişir. Nəticədə bir tələbənin universitetə ödəməli olduğu təhsilhaqqı borclarının məbləği 3352 AZN, 3500AZN, 3600 AZN-dək böyüyüb. Söhbət təkcə bir fakültə üzrə 110 000 manatdan çox təhsilhaqqı ödənişlərinin yubadılmasından gedir.

O da qeyd olunur ki, təhsilhaqqı borclarını ödəməyən tələbələr arasında III və IV kursda təhsil alanlar üstünlük təşkil edir. Bununla belə, universitet rəhbərliyi iki illik təhsilhaqqını ödəyə bilməyən tələbələrin sosial durumunu nəzərə alaraq, onları xaric etməyib.

Mətbuatda və sosial şəbəkələrdə gedən kampaniya qarşısında universitet rəhbərliyinin çəkingən davranması da təəccüblə qarşılanır. İş o yerə gəlib çatıb ki, universitet rəhbərliyi tələbələrin adını “Məlumat lövhəsi”nə yerləşdirən müəllimi və tütora töhmətlə verməklə, onları cəzalandırıb.

Tələbələrə xəbərdarlıq edilib – votsapla…

ADMİU-dan “Pressklub”a bildiriblər ki, əslində təhsilhaqqı borclarını ödəyə bilməyən tələbələrin adları mətbuatda və sosial şəbəkələrdə deyildiyi kimi, divardan asılmış “Məlumat lövhəsi”ndə deyil, tələbələrin özünün votsap qrupunda yayılıb. Elə qalmaqal da bundan sonra başlanıb. Belə ki, universitetə olan borcunu ödəyə bilməyən tələbələrdən biri həmin siyahının şəklini sosial şəbəkələrdə yayıb və bəzi internet saytları bu məlumatı ictimailəşdiriblər.

Universitetdə bəyan edirlər ki, bu siyahı universitetin daxili sənədidir və onun ictimailəşməsinin səbəbkarı tələbələr özləridir: “Bu xəbər yayılan kimi dərhal araşdırmalara başlanılıb. Universitet rəhbərliyi tələbələrin borcunu əks etdirən heç bir sənədi ictimailəşdirməyib. Həmin siyahı heç universitetin dəhlizindəki “Məlumat guşəsi”ndən də asılmayıb. Sənəd universitetin dekanlığında olan, semestr imtahanları öncəsi dekanlıq daxilində tütorlar və mühasibatlıq üçün hazırlanmış daxili sənəddir. Bu daxili sənəd məhz tütor tərəfindən məlumat kimi foto şəklində çəkilərək, tələbələrin ümumi votsap qrupuna göndərilib. Məqsəd isə borclu tələbələri və valideynlərini xəbərdar etməkdir. Daxili sənədin ictimailəşməsinə səbəb olan əməkdaşlara universitet rəhbərliyi tərəfindən töhmət verilib. Universitet bəyan edir ki, bu ali təhsil müəssisəsi təhsilhaqlarının ödənilməsi məsələsində daim tələbələrin sosial durumunu nəzərə alır və onlara mümkün qədər güzəşt etməyə çalışır. İki il təhsilhaqqını ödəmədiyi halda borclu olan tələbənin kursdan-kursa keçirilməsi də bunun sübutudur. Universitet rəhbərliyi belə hallarda tələbələrin sosial durumunu nəzərə alır, təhsilhaqqının hissə-hissə ödənilməsi üçün imkan yaradır, müəyyən güzəştlər edir. Ancaq hər şeyin həddi var, tələbələr də bunu nəzərə almalıdırlar ki, sonradan xoşagəlməz vəziyyət yaranmasın”.

Cəza mexanizmi: universitetdən xaric etməyədək

Xatırladaq ki, son illər pandemiya şəraiti ilə əlaqədar bəzi sahələrdə iş yerlərinin bağlanması və əhalinin gəlirlərinin azalması səbəbindən ali təhsil müəssisələrində təhsilhaqqı ödənişlərinin toplanmasında çətinliklər yaranır. Təhsil Nazirliyinin Kollegiyası da mövcud durumu nəzərə alaraq, təhsil haqlarının hissə-hissə ödənilməsi ilə bağlı ali məktəblərə tövsiyə xarakterli məktub ünvanlayıb. Universitetlər isə təhsilhaqqı ödənişlərinin vaxtının uzadılması ilə bağlı güzəştləri hansı müddətədək tətbiq etməkdə sərbəstdir və bu, daha çox ali təhsil müəssisəsinin imkanlarından asılıdır.

Tələbələrlə bağlanmış fərdi müqavilənin “Ödəniş qaydaları” bölməsinə əsasən, onlar ödəmənin qaydalarıyla tanış olur və müvafiq imzayla şərtləri qəbul etdiklərini təsdiqləyirlər:

“Bununla belə, ADMİU rəhbərliyi təhsil haqqına görə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tələbəni universitetdən xaric etmir, humanist yanaşaraq, onlara təhsil haqqını ödəməsi üçün müəyyən edilmiş zamandan daha uzun müddət verir” – deyə, universitetin baş verənlərlə bağlı rəsmi açıqlamasında bildirilir.

Ekspertlər isə bildirirlər ki, təhsilhaqqınə vaxtında ödəməyən tələbələrə xəbərdarlıq edilməsi və onların siyahısının tədris korpusunun divarlarına vurulması qəbahət sayılmır və bu, hər hansı hüquqi məsuliyyət yaratmır. Belə ki, mövcud qanunvericiliyin tələblərinə görə, ödənişli əsaslarla universitetə qəbul olan tələbələrlə müvafiq qaydada fərdi müqavilə bağlanır və qarşılıqlı öhdəliklər təhsilalanla təhsilverən tərəfin imzaladığı bu sənədə əsaslanır. Bir qayda olaraq, müqavilədə illik təhsilhaqqının iki mərhələdə – tədris ilinin əvvəlində və ikinci yarımildə ödənişi əsas şərt kimi qoyulur. Əgər təhsil alan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edirsə, universitet öz səlahiyyətləri çərçivəsində cəza tədbirləri görmək üçün hüquqi əsas yaranır. Cəza tədbirləri isə xəbərdarlıq edildikdən sonra tələbəni növbəti imtahanlara buraxmamaq, kursda saxlamaq, hətta universitetdən xaric etmək kimi sərt qərarlar ola bilər. Ancaq istənilən halda verilən qərarlar tələbənin razılığı olmadan ictimailəşdirilə bilməz.

Borcunu ödəməyən tələbələr məhkəməyə verilə bilər

Tanınmış hüquqşünas Ələsgər Məmmədli isə “Pressklub”a açıqlamasında deyib ki, təhsilhaqqını ödəməyən tələbələrin adının “Məlumat lövhəsi”nə vurulması birmənalı olaraq hüquq pozuntusudur. Onun fikrincə, “Məlumat lövhəsi” yalnız təhsilin keyfiyyəti və məzmunu ilə bağlı məsələləri əhatə etməlidir. Tələbələrlə universitet arasında təhsilhaqqı ilə bağlı münasibətlər isə fərdi müqavilələr əsasında tənzimlənir: “Əgər müqavilə öhdəliklərinin icrası ilə bağlı problem varsa, bu, bildiriş əsasında tələbənin özünə şəxsən təqdim olunmalıdır. Təhsilhaqqı borcu olan tələbələrin adının “Məlumat lövhəsi”nə vurulması və ya votsap qrupunda paylaşılması isə tələbənin şəxsi məlumatlarının onun icazəsi olmadan ictimailəşdirilməsi deməkdir və bu, ciddi hüquq pozuntusu sayılır”.

Ələsgər Məmmədli bildirir ki, tələbə ilə universitet arasında bağlanan müqavilə mülki hüquq müqaviləsi sayılır və tərəflər qarşılıqlı öhdəliklərini bu sənəd əsasında tənzimləməlidir. Onun sözlərinə görə, bu tip müqavilə öhdəliklərinin icrası ilə bağlı tərəflər bərabər şəkildə məsuliyyət daşıyır: “Burada söhbət konkret olaraq təhsilalanla təhsilverənin müqavilə öhdəliklərinin icrasının pozulmasından gedir. Əgər tərəflərdən biri müqavilədəki müddəaları yerinə yetirmirsə, digər tərəf məhkəməyə müraciət etməlidir. Məhkəmə müstəvisindən kənar üsullardan, o cümlədən şəxsi basqı altına almaq metodundan istifadə olunması həm qarşı tərəfin şərəf və ləyaqətinə, həm də işgüzar nüfuzu varsa, ona müdaxilədir. Konkret olaraq təhsilhaqqını ödəməyən tələbənin adının ictimailəşdirilməsi ona auditoriya qarşısında qəsdən zərər vurmaqdır ki, bu da hüquqi məsuliyyət yaradır”.

Hansı cəza tədbirlərinin görülə biləcəyinə gəlincə, hüquqşünas deyir ki, bu, ilk növbədə tərəflər arasında imzalanmış müqavilədəki öhdəliklərdən asılıdır. Ələsgər Məmmədlinin sözlərinə görə, müqavilədə təhsilhaqqını ödəməyən tələbənin imtahanlara buraxılmaması ilə bağlı ona əvvəlcədən bildiriş formasında məlumat verməklə öhdəliyin icrasına imkan yarada bilər: “Bunlar tənzimlənə bilən normalardır. Amma tərəflər hər hansı öhdəliyini icra etmirsə, bununla bağlı məhkəməyə müraciət edilməlidir. Tələbə rəsmi bildiriş əsasında verilən xəbərdarlıqdan sonra da müqavilə öhdəliyini yerinə yetirmirsə, bunun hüquqi həll yolu yalnız məhkəmədir. Məhkəmə mülki hüquq müqaviləsindən doğan öhdəliklərin icrası ilə bağlı tərəflərin üzərinə konkret tələb qoya bilər və bunla da problem həllini tapa bilər”.

Elxan SALAHOV
Tarix: 14-01-2022, 09:33




Xəbər lenti