Bizdə restavrasiya adı ilə tarixi abidəni məhv edirlər - Həvəskar araşdırmaçı


Arzu Rzasoy telekommunikasiya mühəndisi olsa da uşaqlıqdan arzusunda olduğu tarixi araşdırma ilə məşğuldur. Jurnalist olmaq istəsə də, rabitəçi ailəsində doğulduğundan bu sahəyə gəlib. Amma zaman tapdıqca ölkəmizdə və xaricdə olan tarixi abidələri, muzeyləri, tarixi şəxsiyyətlərin dəfn olunduğu qəbirləri tapır, ziyarət edir.
İlk səfərini Türkiyədən başlayan müsahibimiz deyir ki, bu səfər artıq kor-koranə deyil, araşdırma xarakteri daşıyıb:
"Öncə Türkiyənin tarixi yerlərini, sultanların məzarlarını, qalalarını, kilsələrini, məscidlərini gəzdim, onlar haqqında araşdırmalar apardım. Həmin il Çanaqqala zəfərinin 100 illiyi idi. O vaxt getdim, Mehmetcik abidəsini də ziyarət etdim".
Daha sonra araşdırmalarını Naxçıvanda və İranda edən müsahibimiz bildirir ki, İrana turist kimi getdiyini deyəndə oranın yerli əhalisi təəcüblənib:

"İrana gedənlər bilirlər ki, onları ya valyuta dəyişənlər, ya da taksi sürücüləri qarşılayır. Dedilər "Bilasuvara gedirsən?", dedim yox, eynəkli olduğuma görə düşündülər ki, yəqin, ya göz həkiminə gəlmişəm, ya da dərman almağa. Onlara turist olduğumu və tarixi məkanları ziyarət etmək üçün gəldiyimi deyəndə təəccübləndilər".
Arzu təəssüf hissi ilə qeyd edir ki, Azərbaycandan xaricə səfər edənlərin böyük bir hissəsi ancaq həmin yerlərin məşhur yerlərini gəzirlər. Bu, bölgələrə də aiddir. Şəkiyə gedənlər Şəki xan sarayını ziyarət edir. Axı Şəki təkcə Xan sarayından ibarət deyil:
"Turların marşrutlarına fikir verin. Şəkiyə gedəcəklərsə, gedəcəkləri yer Marxal, Şəki Xan sarayı, piti yeyə biləcəkləri yeməkxana, Şəki halvası satılan yer və sair yerlər olur. Halbuki Şəki şəhəri açıq hava altında bir muzeydir. Hər daşında bir tarix yaşayır. Orada o qədər dahilər doğulub ki, onların doğulduqları, yaşadıqları evləri ziyarət etmək lazımdır. Eləcə də başqa bölgələrimizdə də tarixi şəxsiyyətlərin ev muzeyləri, tarixi abidələr var. Gedib onları görmək, tanıtmaq lazımdır".

Rzasoyun fikrincə, tarixi abidələrə turizm marşrutu təyin olunsa, xarici ölkələrdən də gələnlər çox olar. Məsələn, gürcülər üçün maraqlı olar ki, Qaxda hələ də Stalinin heykəli qalıb. Bu vasitə ilə həm turizmi inkişaf etdirə biərik, həm də abidələrimizi, tarixi şəxsiyyətlərimizi dünyada tanıda bilərik:
"Tarixi abidələrlə yanaşı onlara aparan yollar da bərbad vəziyyətdədir. Elə Qaxda Hacı Muradın və Yunis Əmrənin məzarına aparan yol o qədər bərbaddır ki, öz vətəndaşlarımız belə, onları tapmaqda çətinlik çəkirlər. Abidələrin üzərinə əvvəl "Mədəniyyət və Turizm nazirliyi tərəfindən qorunur" yazılırdı. İndi Mədəniyyət Nazirliyi ayrıca bir qurumdur. Amma hələ də elə abidələr var ki, onların üzərindəki lövhə dəyişilməyib. Abidələr bu vaxta qədər ona görə qalıb ki, tikildiyi dövrdə təməli möhkəm olub. Yoxsa heç nə qalmazdı".
Həmsöhbətimiz deyir ki, tarixi abidələr haqqında məlumatları əksər hallarda Sputnik Azərbaycan-dan alır:
"Hər hansı bir tarixi şəxsiyyətin qəbrini, heykəlini ziyarət etməzdən əvvəl onun haqqında məlumatları araşdırıram. Sizin saytınızdan yararlanıram. Məsələn, mən bilmirdim ki, Azərbaycanda Stalinin heykəli var. Sizin müəllifiniz olduğu yazını oxudum, getdim o heykəli tapdım. Sonra gördüm ki, sən demə, Qaxda Stalinin başqa bir heykəli də var imiş. Stalinin heykəlini ziyarət edəndə gürcü ailəsində qonaq da oldum".
Həvəskar araşdırmaçını daha çox abidələrə olan ögey münasibət narahat edir. Abidələrin restavrasiyasına toxunan A.Rzasoy onları yeni tikilmiş tarixi binaya bənzədir. Araşdırmaçı hesab edir ki, bizdə restavrasiya adı ilə tarixi abidəni məhv edirlər.

Müsahibimiz tarixi məkanlara səfər etməklə yanaşı, həmin məkanların problemini də işıqlandırıb. Gürcüstanda Cəlil Məmmədquluzadənin "Qeyrət" mətbəəsinin təmiri ilə bağlı aidiyyatı orqanlara məlumatlandırıb:
"Mən parlamentə vəiyyətlə bağlı yazdım. Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov həmin yerə getdi. Ondan sonra məktub gəldi ki, məsələ nəzərimizdədir. Mədəniyyət naziri Anar Kərimov da gedib, amma təəssüf ki, hələ də bina təmirsiz qalıb. Gürcüstan mənə doğmadır. Çünki, dahi şəxsiyyətlərimiz Mirzə Cəlil, Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski kimi insanlar orada yazıb, yaradıb. Cumhuriyyətimiz orada elan olunub. Oraları gəzəndə elə bilirəm ki, öz vətənimdəyəm. Cumhuriyyətimizin elan olunduğu binaya da getdim. İndi ora məktəb kimi fəaliyyət göstərir. Ona görə də ora girmək mümkün deyil. Çox yalvar-yaxışdan sonra ora daxil ola bildim".
Arzunun ən böyük səfərlərindən biri də Ukraynanın Donetsk Vilayətinin Volnovaxa şəhərinə olub. Orada ictimai-siyasi xadim Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanovun qəbrini ziyarət edib. Arzuya qədər bu işi görkəmli alim Vəli Məmmədov görüb. Nərimanovun ilk tədqiqatçısı 1957-ci ildə Volnovaxa şəhərində olub, Nəcəfin qəbrini ziyarət edib. Amma o vaxtdan bu qərib məzara heç kim baş çəkməyib. Arzunun təşəbbüsünü isə hətta yerli jurnalistlər belə heyrətlə qarşılayıblar. Onlar "Qeyri-adi" qonaq məqaləsi ilə yerli qəzetdə bu addımı dəstəkləyiblər. Həmin yerlərdə müharibə getdiyindən ora getmək heç də rahat olmayıb. Uzun müddət aparılan yoxlanışlardan sonra Arzu öz məqsədinə nail ola bilib:

"2018-ci ilin mayında Kiyevə uçdum, oradan da uzun müddət yol gedərək çətinliklə Volnovaxaya çatdım. Mən deyəndə ki, Volnovaxa şəhərinə getmək istəyirəm. Hamı deyirdi ora maraqsızdır. Oranı gedib tapmayana qədər heç kəsə demirdim. Buradakı kimi, orada da tarixə qarşı laqeyidlik gördüm. Onlarda 1941-1945-ci illər müharibəsi veteranlarının dəfn olunduğu yeri soruşdum, hamısı yanlış istiqamətə yönəldirdilər. Bir məzarlığa getdim, bütün qəbirlərə baxdım, kol-kosun içində idi. Oraları təmizlədim. Sən demə, ora deyilmiş. Nəhəyət getdim Böyük Vətən müharibəsi qəhrəmanlarının muzeyinə. Orada Nəcəf Nərimanovun məzarını axtardığımı deyəndə təəccübləndilər. Dedilər ki, bi illər ərzində heç bir azərbaycanlı bura gəlməyib. Vəli Məmmədovun əlyazmaları o muzeydə var idi. Onların nüsxəsini gətirdim Nəriman Nərimanovun buradakı ev muzeyinə verdim"
Həvəskar araşdırmaçı Volnovaxada daha bir azərbaycanlının məzarının olduğunu öyrənib. O, Böyük Vətən müharibəsi veteranı Musa Məmmədovun məzarını tapsa da, hazırda mərhumun doğmalarının axtarışındadır. Məlum olub ki, həmin şəxs əslən Qubadlıdan olub. Arzu bununla bağlı həmin rayonun İcra Hakimiyyətinə müraciət edib, lakin hələ də cavab gözlədiyini deyir.
Məlumat üçün bildirək ki, Nəcəf Nərimanov 1919-cu dekabrın 2-də Moskvada anadan olub. O cəmi 6 yaşında olanda atasını itirib. Anası Gülsüm xanımla xeyli çətin günlər yaşayıb. Buna baxmayaraq oxuyub, təhsil alıb. Amma müharibə bir çox insanlar kimi onun da həyatını alt-üst edib. Qvardiya baş leytenantı Nəcəf Nərimanov İkinci Dünya Müharibəsində göstərdiyi igidliyə görə "I dərəcəli Vətən Müharibəsi ordeni" və "Stalinqradın müdafiəsi uğrunda" medalla ilə təltif olunub. Moskva şəhərindən hərbi xidmətə çağırılmış Nəcəf taqım komandiri idi, 1943-cü ilin sentyabrın 8 də Volnovaxa şəhərində gedən döyüşlərdə həlak olub. Volnovaxada onun adına küçə də var.
Qeyd edək ki, dahi şairlərimiz Nəsimi və Füzulinin məzarlarını ziyarət etmək Rzasoyun arzusunda olduğu, hələ də reallaşdıra bilmədiyi niyyətlərdir.
//sputnik.az//
Tarix: 18-05-2022, 15:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}