“Buta” Klinikası bəyanat yaydı – “Barəmizdə saxta xəbərlər tirajlanır”




Paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Buta” klinikası bəzi mətbuat orqanlarında klinikanın fəaliyyətinin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Klinikanın İctimaiyyətlə Əlaqələr departamentindən verilən məlumata görə, klinika hazırda öz fəaliyyətini davam etdirir və bütün personalı ilə iş başındadır.
Bəyanatda deyilir: 24.06.2022-ci il tarixdə bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) və sosial media hesablarında klinikamızda Fövqəladə Hallar Nazirliyinin (FHN) yoxlamalar keçirməsi və fəaliyyətini dayandırması barədə əsassız informasiyalar yayılıb. Tərəfimizdən bildiririk ki, nazirlik əməkdaşları klinikaya baxış zamanı bəzi məhdudiyyətlər tətbiq etsələr də, bunun aradan qaldırılması üçün vaxt təyin ediblər. Biz də öz növbəmizdə mütəxəssislərin iştirakı ilə qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyətə başlamışıq. Qeyd edirik ki, aşkar olunan nöqsanlar aradan qaldırıla biləndir və tərəfimizdən bütün tədbirlər görüləcək.


Əlavə olaraq bildiririk ki, son dövrlər vaxtilə nazirliklərin birində yüksək vəzifədə çalışmış jurnalistlərdən biri tərəfindən klinikamıza və klinikamızın direktoru, Dr. Araz Bayramova qarşı məqsədli şəkildə qarayaxma kampaniyası aparılır. Hüquqi müstəvidə heç bir nəticə əldə etməyən və başdan ayağa böhtanla məşğul olan bu xanım jurnalistin əməllərinə dözümlə yanaşsaq da, Fövqəladə Hallar Nazirliyinin son yoxlama tədbirlərini də “”Buta” klinikası bağlanır, Araz Bayramov dələduzdurmu?!” sual nida başlığı altında mətbuata da o ötürüb. Ednews.net adlı tanınmayan bir xəbər portalında ilkin mənbə olaraq dərc olunan və sonradan bütün mətbuat orqanlarına müxtəlif başlıqlarla yönəldilən bu xəbərdə hüquqi müstəvidə təsdiqini tapmayan məhkəmə iddiasından da bəhs olunur. Həmin jurnalist öz sosial media hesabında “Araz Bayramov, atanın da, sənin də burnundan gətirəcəyik” replikası ilə saytdan xəbəri paylaşıb.
Ednews.net portalını və bu xəbəri tirajlayan jurnalisti məhkəməyə verəcəyimizi, klinikamızın və onun rəhbərinin nüfuzunu ləkələyən ittihamlara görə, xüsusi ittiham qaydasında hüquqi ölçü götürülməsini tələb edəcəyimizi bəyan edirik.
Bir daha bəyan edirik ki, “Buta” klinikası tam gücü ilə fəaliyyət göstərir və müasir tibbin yenilikləri ilə bundan sonra da fəaliyyətini davam etdirəcək.
Sonda bəyan edirik ki, “Buta” klinikasının direktoru, Dr. Araz Bayramov Fransada təhsil alıb və beş il müddətində “Eduard Herriot” adına xəstəxanada çalışıb. 2010-cu ildə Azərbaycana dönən A.Bayramov bu günə qədər minlərlə əməliyyat icra edib. Avropa Uroloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü olan Dr.Bayramov dövlət proqramı məzunudur".
Tarix: 25-06-2022, 14:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}