Sumqayıta uzanan avtobus zolaqları tıxacı niyə artırıb? - AKTUAL

Sumqayıta uzanan avtobus zolaqları tıxacı niyə artırıb?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) deputatın avtobus zolaqları ilə bağlı iradına münasibət bildirib. Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilib ki, avtobus zolaqları avtobusla sərnişin daşımaları zamanı şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır.
Qeyd edək ki, deputat Hikmət Babaoğlu ötən həftə Milli Məclisin iclasında yollarda yeni zolaqların yaradılmasının tıxaca səbəb olduğunu bildirib. Deputat deyib ki, Bakı-Sumqayıt yolunda yaradılan avtobus zolaqları effektiv olmaq əvəzinə əlavə problemlər yaradıb.
H.Babaoğlunun sözlərinə görə, Bakı-Sumqayıt yolunda yaradılan avtobus zolaqları tıxacları artırıb, avtobuslar gecikir, çəkilən zolaqlar faydalı nəticə verməyib.
"Digər tərəfdən, velosiped zolaqları ilə bağlı da çatışmazlıqlar mövcuddur. Zolaqlar bir tərəfdən avtomobillərin hərəkətinə problem yaradır, digər tərəfdən isə velosipeddən istifadə edən şəxslərin təhlükəsizliyi heç də tam təmin olunmur. Yollarımızda əsaslı yenidənqurma işləri aparılmadan bu yenilikləri tətbiq etmək faydalı deyil. Gələcəkdə avtomobil yollarının idarə olunması ilə bağlı bizə yeni qanun lazımdır" – deputat əlavə edib.
AYNA-dan isə bildirilib ki,avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır:
"Eyni zamanda, avtobus üstünlüyünün təmin edilməsi küçənin daşınan əhali sayına görə buraxılış qabiliyyətini artırır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur. Yolların buraxılış imkanlarının artırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Bakı-Sumqayıt şosesində Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi və əks istiqamətə avtobus zolaqları təşkil edilib. Qeyd olunan yol sahələrindən hər iki istiqamətdə gün ərzində 37 müntəzəm marşrut xətti üzrə 1800 dəfədən çox avtobus keçir. Zolaqların tələbinə əməl etməklə 280 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılıb".
Qurumun qeydinə görə, zolağın səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı AYNA tərəfindən aparılan təhlillər onu göstərir ki, Bakı-Sumqayıt yolu istiqamətində xüsusi hərəkət zolaqları təşkil edildikdən sonra avtobusların orta hərəkət sürəti 14 km/saat artıb, sərnişinlərin səfər müddəti isə 25 dəqiqə azalıb. Daşınan sərnişin sayı təxminən 7-8% artıb. Bu zolaqla hərəkət edən Sumqayıt-Bakı ekspres avtobusunun son dayanacağa çatma müddəti 35 dəqiqə təşkil edir.
"Xüsusi hərəkət zolaqları ictimai nəqliyyatının əsas komponentlərindən biri olmaqla yanaşı, zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır" - AYNA-nın məlumatında deyilir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zolaqlar bir çox küçə və prospektlərdə tıxaca səbəb olur. Bununla belə, paytaxt sakinləri buna səbrlə yanaşmalıdır. Çünki, ictimai nəqliyyat növləri üçün zolaqların salınması elə tıxacla mübarizənin bir üsuludur. Bu proses tədricən ictimai nəqliyyatın inkişafına səbəb olacaq ki, nəticədə şəxsi avtomobildən istifadə azalacaq.
"Zolaqların salınmasının məqsədi elə insanları şəxsi avtomobildən çəkindirib ictimai nəqliyyata cəlb etməkdir. Bu tıxacla mübarizənin bir üsuludur. Avtobus zolaqlarının salınması çox effektiv üsuldur və dünyanın bir çox ölkələrində tətbiq edilir" - Elməddin Muradlı deyib.
Ekspert bildirib ki, aparılan bu tədbirlərlə yanaşı, ictimai nəqliyyat da inkişaf etdirilməlidir:
"Avtobus zolağını yaratmaqla yanaşı avtobus sayı da artırılmalıdır. Əgər zolaq yaradılıb avtobus sayı əvvəlki kimi qalırsa, bu, təbii ki, fayda verməyəcək. Ona görə də tez zamanda avtobus parkı yenilənməli, sayı artırılmalıdır ki, sərnişinlər yollarda qalmasınlar. Şəxsi minik avtomobili olanlar da bu zaman görəcəklər ki, ictimai nəqliyyat mənzil başına daha tez çatır. Belə olduğu halda insanlar özləri şəxsi avtomobillərindən könüllü imtina edib ictimai nəqliyyata üstünlük verəcəklər".
Ekspert ancaq bu yolla hədəfə çatmağın mümkün olduğunu söyləyib.
Onu da xatırladaq ki, avtobus zolağına daxil olan minik avtomobillərinin sürücüləri 40 manat məbləğində cərimə edilirlər.
Tarix: 7-02-2024, 19:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}