Gəncə-Qazax-Gürcüstan yolunun tikintisi yekunlaşır

Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri üç lot üzrə icra olunur
“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin dörd hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilərək yekunlaşdırılır. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Qeyd olunub ki, layihəyə əsasən, torpaq yatağının ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü  olacaq.
Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri üç lot üzrə icra olunur. 1-ci və 2-ci lotlar, həmçinin 3-cü lotun bir hissəsi üzrə tikinti işləri artıq yekunlaşıb və 2023-cü ilin avqust ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun ümumi uzunluğu 102 kilometr olan sözügedən Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, yenidən qurulan 1b texniki dərəcəli yolun bu hissəsində 67 alt keçid, 19 qovşaq və 17 (36 ədəd) körpünün tikintisi də başa çatdırılıb.
Hazırda tikinti işləri magistralın 28 km-lik Qazaxbəyli-Gürcüstan sərhədi hissəsində, yəni layihənin 102,2-130,15-ci km-lik hissəsində davam etdirilir.
Ümumilikdə layihəyə əsasən, torpaq yatağının tikintisi yekunlaşır, bundan başqa hazırda dənəvər tərkibli əsasın tikintisi, suötürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri davam etdirilir. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.
Ümumilikdə sözügedən hissə boyu dörd yol qovşağı və ötürücüsü, iki çay körpüsü, 14 yeraltı keçid, 13 düzbucaqlı su keçidi, 68 dairəvi suötürücü boru inşa edilir. Layihəyə uyğun olaraq, zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılır. Artıq sözügedən hissədə süni qurğuların tikintisi 74% yerinə yetirilib. Ümumi tikinti işlərinin yerinə yetirilmə faizi isə 90% təşkil edir. Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır.
Uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.
Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.
Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.
Tarix: 9-02-2024, 21:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}