"Dostbazlıq çox şeylərin evini yıxır..."


Xalq artisti Valeh Kərimov Moderator.az-ın suallarını cavablandırıb.
 
- Valeh müəllim, uzun müddətdir sizi heç bir çəkilən filmlərdə, yeni layihələrdə görmürük. Bir sənətkar kimi bütün yaradıcı proseslərdən uzaq düşmüsünüz. Buna xüsusi bir səbəb varmı?

- Heç bir səbəb yoxdur, sadəcə çağırmırlar, mən də gedib kimə deyim ki, mənə rol ver oynayım? Dəvət yoxdur.
 
- Siz tərəfdən səbəb ola bilər buna?
 
- Xeyr, mən tərəfdən heç bir səbəb yoxdur. Çünki cavan uşaqlar işləyir, onlarla da tanışlığım, dostluğum yoxdur. O rejissorlar tanıdıqları aktyorları çəkirlər, məni də yəqin ki, tanımadıqları üçün dəvət etmirlər. Dostbazlıq çox şeylərin evini yıxır. Sənətdə nə dostluq olmalıdır ki? Görürsən ki, bu rol filan aktyorundur ver oynasın da. Böyük sənətkarlarımız Ədil İsgəndərovla Ələsgər Ələkbərovun teatrda münasibətləri soyuq olub. Amma Ədil müəllimin bütün tamaşalarında baş rolları Ələsgər Ələkbərov oynayıb. Səhnəyə çıxırdılar, biri-birinə salam da vermirdilər. Amma rol bölgüsündə Ələsgər Ələkbərov 1-ci idi. İndi hamı deyir ki, filankəs mənim dostumdursa yalnız onunla işləyəcəyəm. Bizim nəsil aktyorlar belə halla rastlaşmayıblar. Mən Sumqayıt Dövlət Dram Teatrında uzun illər çalışmışam. Elə vaxt olurdu ki, rejissor mənə baş rol yox, tamaşada epizod verirdi. Mən o rolu məmnuniyyətlə oynayırdım. Demək ki, rejissor o rolda məni görməyib vermirdi də. Nə küsmürdük, nə də intriqamız olmurdu. Mən heç vaxt rol üçün dava edib, intriqaya getməmişəm. İndi baxıb təəccüb edirəm.
 
- Afaq Bəşirqızı ilə münasibətləriniz necədir?
 
- Afaq xanımla münasibətim çox yaxşıdır. Ümumiyyətlə, hamı ilə münasibətim yaxşıdır. Biz onunla illər sonra 2019-cu ildə Sumqayıt Dövlət Dram Teatrında “Subaylarınızdan görəsiniz” tamaşasında birlikdə oynadıq. Həmin tamaşa 3 dəfə oynanıldı. Daha sonra pandemiya düşdü. Teatrlar hələ də özlərinə gələ bilməyib. 1 ildən sonra yəqin ki, mövcud vəziyyət düzələr.
 
- Hətta bir müsahibənizdə demişdiniz ki, evdə oturub ölümümü gözləyirəm...
 
- Elə çıxır da. Ayrı bir iş yoxdur axı! Məqsəd yox, məram yox, nə edəsən? Çox darıxıram sənətim üçün. Dünən Ağdaş, Göyçay və Mingəçevir şəhərlərində oldum. Göyçayda və Ağdaşda xalq teatrları ilə görüşdüm. Odu söndürüb külü ilə oynayan adamlarıq.
 
- Bir neçə il əvvəl başınıza bir hadisə gəlmişdi. Həyat yoldaşınız faciəli şəkildə dünyasını dəyişmişdi. 
 
- O xəstə idi, sonra da yıxıldı, özünə gələ bilmədi və rəhmətə getdi. Onsuz yaşamaq çox çətindir. Yaşlı insanlara qadın mütləq lazımdır. Təsəllim uşaqlarım, nəvələrimdir. Hələ ki, vətənimizin ucsuz-bucaqsız qamışlıqlarında gəzirəm, Moşu demişkən.

Tarix: 2-12-2021, 08:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}