“Sən xalqın pulu ilə dolanırsan, şəhidə, torpağa biganə qalmaq olarmı?” - Damla hərbi hissəyə gəlməkdən imtina edib?


Əməkdar artist Sevinc Sarıyeva Milli Ordu günü münasibəti ilə sənət yoldaşları ilə birlikdə Suqovuşanda, Ballıqayada əsgərlər üçün təşkil olunan konsert proqramında iştirak etdiyini bildirib. Konsertdə xanəndədən əlavə əməkdar artistlər Cabir Abdullayev, Firuz Səxavət və Ağalar İdrisoğlu iştirak edib. Xanəndə xanım saytımıza “Bir müğənni gəlib, geri qayıtdı, konsertdə iştirak etmədi, bunu əsgərlər də bildi, ar olsun ona” deyə açıqlama da verib.

Moderator.az olaraq biz də həmin müğənninin kimliyini araşdırmaq istədik. Öncə əməkdar artistlər Firuz Səxavət və Cabir Abdullayevlə əlaqə saxladıq. Xanəndələr saytımıza həmin müğənninin kim olması haqda heç bir məlumatlarının olmadığını bildirdilər.

“Mən həmin müğənninin kim olduğunu bilmirəm, bilsəm də demərəm. Amma həmin söhbəti orada eşitdim. Məlumatı sizə deyən Sevinc xanımdır, ondan soruşsanız daha məqsədə uyğun olar” deyə Firuz Səxavət deyib.

Cabir Abdullayev isə “Gənc müğənnilərdən biri idi, amma dəqiq bilmirəm kimdir. Mən onları tanımıram, tanımaq da istəmirəm. Sevinc xanım 100 faiz həmin müğənninin kim olduğunu bilir” deyə o bildirib.

Qiraətçi, əməkdar artist Ağalar Bayramov isə saytımıza bunları bildirib.

“Çox gözəl, uğurla tədbir keçdi, aparıcılığı da mən etdim. Fərrux yüksəkliyini də həmin hərbi hissə işğaldan azad edib, Şuşada da bir çox hərbi əməliyyatları yerinə yetirib, çoxlu şəhid veriblər. Qəhrəmanlıqları sözlə deyiləsi deyil, mən heyrətdən donub qaldım. Hərbi hissədə yaradılan şərait də möhtəşəm idi, hətta sevincimdən kövrəldim də. O ki, qaldı həmin müğənninin kimliyinə. Bu məni qətiyyən maraqlandırmır, çaxnaşmadan, qeybətdən uzaq adamam. Gördüyüm hadisəni danışa bilərəm. Mən ordan da birbaşa şəhid Muxtar Qasımlının qardaşının toyunda iştirak etmək üçün Bakıya gəldim. Çünki mən onun atasına söz vermişdim. Getdim, toyda iştirak etdim. Həmin gün də bir nəfər dostumuzun 70 illik yubileyi idi, mən ad gününü qoydum kənara, şəhidin qardaşının toyunda iştirak etdim. Mənə şəhidimin əmanətinin xoş günündə iştirak etmək daha vacib idi. Çünki o mənim, sənin, bizlərin hamımızın yolunda şəhid olub. İnsanlar var ki, həmin tədbirlərə getməmək üçün 52 yalan uydurur. Nədir ki, orada para, pul yoxdur! Hardakı maddiyat var, o sənət adamlarını qapıdan qovsan, bacadan girəcəklər. Vətənə təmənnasız xidmət edən insanlar bir çox hallarda kənarda qalır. Bizə xalqımızın təşəkkürü bəs edir. Sən xalqın pulu ilə dolanırsan, şəhidə, torpağa biganə qalmaq olarmı? Əlbəttə yox!” deyə o bildirib.

Sənətçilər deməsə də, saytımıza daxil olan məlumata görə həmin müğənni Damla olub. Xəbərin nə qədər doğru olub-olmadığını isə bilmirik. Müğənninin prodüsseri Şamil tezliklə bizimlə əlaqə saxlayacağını bildirib. Qarşı tərəfin fikirlərini təqdim etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik...
//moderator.az//
Tarix: 27-06-2022, 21:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}