“Məsumə Babayevaya ehtiyac olsaydı səhnədə olardı, evdə yox...” - Teatrın direktoru - ÖZƏL

“Məsumə Babayevaya ehtiyac olsaydı səhnədə olardı, evdə yox...” - Teatrın direktoru - ÖZƏL
“Onu zəng edib Azərpaşa Nemətovdan soruşun, qoy o cavablandırsın”
 
Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə bu gün mətbuatın gündəminə çevrilən məsələ ilə bağlı özəl olaraq Moderator.az-ın suallarını cavablandırıb.
 
- Naidə xanım, teatrınızın aparıcı aktrisası Məsumə Babayeva mətbuata açıqlamasında bildirib ki, rəsmi şəkildə müqavilədə olsam da məni tamaşalara çağırmırlar. Belə olan halda isə ona qonorar ödənilmir və aktrisa 321 manat əmək pensiyası ilə dolanır. Yəqin ki, mövzu ilə bağlı sizin də demək istədikləriniz var.

- Başqa insanlar, lap dəqiq desək dövlət qulluğunda çalışanlar bəyəm nə qədər pensiya alır ki?
 
- O axı adi insan deyil, sənətkardır. Sənətkarlar adətən təqaüd, mükafat da alırlar. O bütün bunlardan da məhrum olunub. Əvəzində 50 il teatrda can qoyub. Qazandığı isə tamaşaçı sevgisindən başqa bir şey olmayıb.
 
- Bilirəm, o teatrda can qoyub. Buna görə də ona böyük təşəkkürlərimi, minnətdarlığımı bildirirəm. Kollektivdən onun səhhəti haqda maraqlananlar da var. Ara-sıra xəbər bilirlər. Bu həyatın qanunudur da. Təqaüdə getməli idi ki, əvəzində gənclər teatra gəlsin. Gənclər aylarla, illərlə işsizdir. Bəs o necə olacaq?! O gənclərə heç kim gətirib 321 manat pul vermir. Bəs o gəncləri kim düşünəcək?! Bu axı Gənc Tamaşaçılar Teatrıdır. Bizdə repertuar dəyişir, forma, teatrın abu-havası dəyişilir. Teatrımıza baş rejissor Mehriban Ələkbərzadə gəlib. Üstünlük əlbəttə ki, gənclərə verilir. Biz bunu düşünməliyik ya yox?! Bizim teatrda məktəb repertuarına daxil olan əsərlər səhnələşdirilir.
 
- Səhhəti, sosial vəziyyəti nəzərə alınaraq teatr tərəfindən ona hər hansısa bir qaydada məvacib təyin oluna bilərmi? 
 
- Teatrlarda kömək, maddi yardım bəndi yoxdur. İmkan var idi, tamaşalarına qonorar yazırdıq, gəlib oynayırdı. İndi repertuar dəyişilib. Bu teatrın daxili işidir. 
 
- Burada qayda-qanundan da əlavə insani münasibət əsas mövzudur.
 
- Artıq dərinə gedirsiniz. Siz də bir dəfə kömək edin də.
 
- Biz jurnalist olaraq məsələni işıqlandıra bilərik.
 
- Məsələni işıqlandırmaqla kifayətlənməyin. Bir dəfə qapısını döyüb, nəsə aparıb vermisiniz ona?!
 
- Siz nə bilirsiniz ki, biz onu etməmişik?!
 
- Bəs siz nə bilirsiniz ki, teatr etməyib?
 
- Aktrisa özü deyir ki, teatrdan ona heç bir kömək göstərilmir. Təkcə ötən il doğum günündə 200 manat pul və bir də gül dəstəsi göndərdiyinizi bildirib.
 
- Belə şeylər nə sizə, nə mənə, nə də ona yaraşır. Bütün bunlar qanun çərçivəsində öz həllini tapmalıdır. Hər həyat dövrünün öz hökmü var. Hamının evində yaşlı insanlar, valideynləri var. Zaman gələcək biz də eyni yolla təqaüdə gedəcəyik. Yol gənclərindir. Onlara əl tutmağın zamanı gəlib çatıb. Mənim teatrımda kirayələrdə qalan, çətin dolanan gənclərim var. Onları da düşünməliyəm. Teatr böyük müəssisədir, onu saxlamaq, idarə etmək çətin məsələdir. Bu gün Məsumə Babayevaya ehtiyac olsaydı o səhnədə olardı. Mən ona can sağlığı arzu edirəm.
 
- Demək ki, hələ ehtiyac yoxdur?
 
- Xeyr, ehtiyac yoxdur. Bir çoxları təqaüdə getdi, görün kimlər gəldi. Növbə çatanda hamı gedəcək. Əgər hansısa bir tamaşada ona ehtiyac olarsa dəvət edəcəyik. Buna əlbəttə ki, rejissorlar münasibətini bildirəcək.
 
- Özü də bildirib ki, səhnəyə çıxıb, oynaya bilər.
 
- O bildirə bilər. Deyirsə, qoy desin də. Yəqin ki, o özündə həmin qüvvəni görür. Teatrın baş rejissoru, rejissorları var. Onların repertuar seçimi var. Baxarıq. Mən sizə nə deyim?!
 
- Akrisa müsahibəsində bildirib ki, teatrdan çıxmağım üçün ərizəni mənə zorla yazdırıblar. Həqiqətənmi belə olub?
 
- Necə zorla? Mən onun əllərini bağlayıb, ərizə yazdırmışam?! Təqaüd yaşı çatmış adamdan heç ərizə almamaq da olar. Yaza bilərdik ki, filan maddənin filan bəndinə əsasən təqaüd yaşına çatdığı üçün tutduğu vəzifədən azad olunur. Vəssəlam! Bizim belə bir ixtiyarımız var.
 
- Akademik Milli Dram Teatrında bu gün də 85 yaşlı aktyor Rafiq Əzimov səhnəyə çıxıb, tamaşa oynayır...
 
- O AZDRAMA-dır, zəng edib Azərpaşa Nemətovdan soruşun, qoy o cavablandırsın. Dediyiniz insanın titullarına baxın bir! Heç bir teatrı bir-biri ilə müqayisə etmək lazım deyil. O Akademik Milli Dram Teatrıdır, bura isə Gənc Tamaşaçılar! Fərqi hiss edirsiniz?!
 
- Axı Məsumə xanıma zamanında fəxri ad verilməyibsə bu onun günahı deyil...
 
- Nə günah? Teatrda işləyən bütün insanlar fəxri ad almalıdır?! Uzun sözün qısası. Mən Həmkarlar İttifaqına deyərəm, bütün bu işlərlə onlar maraqlanır. Məsumə xanıma köməklik edərlər. Onun xəstəliyinə görə mənim də ürəyim ağrıyır, qadındır. Elə bu dəqiqə deyəcəm, zəng edib maraqlansınlar.

Tarix: 23-11-2022, 11:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}