Təyyar Bayramovdan oğlu Kənanla bağlı açıqlama: “Oxumağına qadağa qoymuşuq, səsi gücə salmaq olmaz”

Təyyar Bayramovdan oğlu Kənanla bağlı açıqlama: “Oxumağına qadağa qoymuşuq, səsi gücə salmaq olmaz”
“Nəzakət xanımın yenidən teatra qayıtması...”

Əməkdar artist, xanəndə Təyyar Bayramov Moderator.az-ın suallarını cavablandırıb.
 
-Təyyar bəy, sizinlə Milli Musiqi günündə görüşürük. Bu günü necə qeyd edirsiniz?
 
-Bu gün Azərbaycan musiqiçiləri üçün böyük bayramdır. Həm də klassik musiqimizin banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Hal-hazırda tədris etdiyimiz muğam proqramını da vaxtilə o tərtib edib. Özündən sonra yetişdirdiyi sənətkarlar da Azərbaycan musiqisinin gözəlləşməsi üçün çox işlər görüblər. Musiqi gününü həm də Şuşada qeyd edəcəkdik. Hava şəraiti ilə bağlı olaraq tədbirlər təxirə salındı.
 
-Siz həm Opera və Balet teatrında çalışırsınız, həm Milli Konservatoriyada pedaqoji fəaliyyətlə məşğulsunuz, həm də xanəndə kimi böyük bir fəaliyyətiniz var. Sənət istiqamətiniz çoxşaxəlidir.
 
-Teatrda “Leyli və Məcnun” tamaşasında həm ata, həm də İbn Səlam rollarını, “O olmasın, bu olsun” tamaşasında “Şahnaz” muğamını ifa edirəm. Hansı ki, bu muğamı eyniadlı əsərin film versiyasında Xan əmi ifa edib. “Leyli və Məcnun” tamaşasını oynayanda Üzeyir bəyin nə qədər dahi bir sənətkar olmasının şahidi oluruq. 
 
-Xalq artisti Nəzakət Teymurova 6 ildən sonra yenidən teatra qayıtdı. Onu teatrda necə qarşıladınız?
 
-Nəzakət xanım bizim gözəl və əvəzolunmaz Leylimizdir. Düşünürəm ki, Nəzakət xanımın teatra qayıdışı çox gözəl bir hal oldu. Orada gənc nəslin yetişməsində Nəzakət xanımın, Mənsum müəllimin çox böyük rolu var. Bundan sonra daha da böyük işlər üçün bir araya gələcəklər.
 
-Siz ciddi sənətlə məşğul olursunuz. Amma bu gün sənətlə ciddi şəkildə məşğul olmayanlar da var. Onlara münasibətiniz necədir?
 
-Muğam bizim canımızdır, qanımızdır. Onu göz bəbəyimiz kimi qoruyub saxlamalıyıq. Rəhmətlik Əlibaba müəllim deyirdi ki, hər muğam müsabiqəsində 20 nəfər uşaq seçilir. Əgər bu uşaqların ən azı ikisi davam gətirib sənəti davam etdirəcəksə, bu böyük nəticədir. Ustadlarımızın sözündə həqiqət var. Sizin dediyiniz o müəyyən ifaçılar da olub, var və yenə də olacaq. Elə mahnılar var ki, gündəm üçündür, elə mahnılar da var ki, tarix üçün. Gəncləri tarix üçün olan mahnılara yönəltmək lazımdır. Çox təəssüf ki, ciddi olmayan mahnılar da təbliğ olunur. Heç kimə qadağa qoymaq olmaz ki, ona yox, buna qulaq as. Kim necə istəyirsə elə də edir. Bizim musiqimizin kökü, ən-ənəsi var. Onu qoruyub saxlamalıyıq.
 
-Oğlunuz Kənan Bayramov “Xarıbülbül” musiqi festivalında oxuduğu “Bayatı şiraz” muğamı ilə könülləri həqiqətən də fəth etdi. İndi nə işlə məşğuldur?
-Kənan artıq Milli Konservatoriyada 1-ci kurs tələbəsidir. Kənana və onun timsalında bütün tələbələrə uğurlar arzu edirəm. 
 
-Səsinin batdığını demişdiniz. Vəziyyət nə yerdədir?
 
-Bu təbii haldır. Hər bir oğlan ifaçıda bu baş verir. Xanım ifaçılarda az hiss olunur. O ərəfələrdə nə qədər səsinə güc salsaq, sonra biz o səsi əldə edə bilmərik. Ona görə də ifa etməyinə qadağa qoymuşuq. 
 
-Doğma torpağınız Ağdamla bağlı arzularınız varmı?
 
-Biz gedib Ağdamda isti ocağımızı tapmasaq da, yurdumuza, yuvamıza qovuşmuşuq. Bunu şəhidlərimizə borcluyuq, onların ruhları qarşısına baş əyirik. Mən Ağdamın təməlqoyma mərasimində də iştirak etdim. Cənab prezident Ağdamla bağlı elə bir layihə gerçəkləşdirir ki, hətta dünya ölkələri belə Ağdama həsəd aparacaq. Ağdamla bağlı planlarımız, arzularımız çoxdur.
Tarix: 18-09-2023, 23:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}