Yataqxana sakinlərinin Prezidentə şikayət məktubu-“AMEA elmlə deyil, tikinti biznesi ilə məşğuldur”




“Bizimyol.info” olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Yasamal Rayon Şərifzadə 12 ünvanında yerləşən Aspirantlar yataqxanasının sakinlərinin ev problemləri ilə bağlı silsilə yazılar vermişdik.Dərdlərinə çarə tapa bilməyən yataqxana sakinləri bu dəfə dövlət başçısına açıq məktub ünvanlayıblar. Məktubun məzmununu təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Yasamal rayon A.Şərifzadə12 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında daimi qeydiyyatda olan və yaşayan sakinlər tərəfindən

AÇIQ MƏKTUB

Hörmətli, cənab İlham Əliyev!
Artıq altı ilə yaxındır ki, biz sakinlər 2012 –ci ildə Sizin sərəncamınız əsasında həyata keçiriləcək layihənin başa çatmasını gözləyirik. Ancaq təqvim uzandıqca uzanır, bu sonsuzluğun sonu görünmür. Çox böyuk ümid ilə gözlədiyimiz evlər göz görə-görə əlimizdən alınaraq mənimsənilir və ya heç yataqxanaya aidiyyatı olmayan şəxslərə satılır. İllərdi küçələrdəyik, elə bir dövlət idarə və strukturu yoxdur ki, qapısını döyüb başımıza gətirilən müsibət barədə məlumat verməyək. Hər yerdə, hər vəchlə qarşımıza çıxarılan məmur tramplinlərini keçmək mümkün deyil. Artiq biz yorulmuş, bezmiş ümidini itirmiş vəziyyədəyik. Biz düşdüyümüz bu oyun girdabında çabaladıqca, daha da çox batırıq. Biz bilmirik ki hansı addımı ataq, hansı işi görək ki, bir möcüzə olsun, bizim problemimiz həllini tapsın. Sizlərə ünvanladığımız müraciətlər cavabsız qalır. Bilərəkdən bizi Sizlərdən və dövlətdən narazı salmağa çalışan özbaşına məmurlar niyə Sizin verdiyiniz sərəncamı həyata keçirmirlər? Tikilən göydələnlərlə yataqxananın arasındakı məsafə bütün tikinti qaydalarına pozur(4-5 metr). Baxmayaraq ki, dəfələrlə bu barədə təkrar-təkrar Fövqaladə Hallar Nazirliyinə müraciət edib, yataqxana sakinlərinin həyatının təhlükəli vəziyyətdə olmasını və eyni zamanda fövqəl hadisə baş verən zaman insan həyatının heç bir sığortası olmadığını bildirsək də, numayəndə göndərilməsini, yerində baxış keçirilməsini tələb etsək də, səylərimiz nəticəsiz qalmişdır. Dəfələrlə AMEA rəhbərliyinə qəbul edilməmiz üçün etdiyimiz müraciətlər cavabsız qalır. “Dünya malı çox şirindir” deyən atalarımız sanki AMEA –nın bu günkü rəhbərliyini nəzərdə tutublar. Hanı sakinlər üçün tikilən blok? sualını verdikdə, dəhşətlisi budur ki, belə blokun var olmasından xəbəri olmayan AMEA rəhbərliyinin həmin blokda eyni tarixdə imzaladığı payçi müqavilələrinin sayı bilinmir. AMEA-nin müxtəlif postunda oturmuş məmurlarının bu qədər maddi vəsaiti haradandır . Bu qədər əmlakı mənimsəyən özbaşına məmurlar vəziyyətdən çıxış yolunu bizi sui-istifadəçi adlandırmaqda görür, lap “ oğru elə bağırır ki, doğrunun bağrı yarılır” deyimindəki kimi.
Cənab Prezident!
Bizlər də alim və ziyalılarıq və yataqxananın 22 m2 otaqlarında bir ömür yaşamışıq. İllər ərzində aldığımız quru maaşla ancaq ki, ehtiyaclarımızı ödəmişik. Ümidlə gözləmişik ki, bizim də evimiz olacaq, ancaq özbaşına məmurların dünyagirliyi bizim bu arzumuzu da gözümüzdə qoyub. Bu qədər mənzilləri qeyri-qanuni yollarla mənimsəyən AMEA rəhbərliyi bütün qanunları pozaraq bizi mənzil almaq hüququndan məhrum edibdir. Bu gün bizi özünə problem hesab etməyən AMEA nələrə və kimlərə güvənir bilmirik.
Möhtərəm Prezident!
Nəzərinizə çatdırmaq istəyirik ki, AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun Sizə 22 Fevral 2012- ci ildə 01-3-149 sayli müraciətindən sonra Sizin göstərişiniz ilə Bakı şəhər İcra hakimiyyətinin 564 saylı sərəncamına əsasən A.Şərifzadə 12 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında yaşayan sakinlərin mənzil şəratinin yaxşılaşdırılması məqsədi ilə həmin yataqxananın sökülməsi, eyni zamanda yataqxananın həyətyanı sahəsində yeni yaşayış binalarının tikilməsinə icazə verilmişdir. Bundan sonra 08.11.2012-ci il tarixdə AMEA-nın Aspirantlar yataqxanasının sakinləri ilə (118 ailə) yataqxananın komendantı Azər Quliyevin və “Evrostroy-S” MMC-nin nümayəndəsi Bəxtiyar Təhməzovun iştirakı ilə iclas keçirilmiş, yataqxanada daimi qeydiyyatda olub faktiki yaşayan hər bir ailəyə sahəsi 65 m2- dən az olmayan mənzilin yuxarıda qeyd olunan ünvanda olmaqla verilməsi qərarı qəbul olunmuş, 118 ailə tərəfindən razılıq protokolu imzalanmışdır. 14.11.2012-ci il tarixdə “Sifarişçi” AMEA və “Podratçı” Evrostroy-S MMC arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilədə Aspirantlar yataqxanasına məxsus 0,66 ha həyətyanı sahədə 1 (bir) ədəd 4(dörd) girişli 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisini şirkət öz üzərinə götürmüşdür. Müqavilənin 1.3 bəndində “Podratçı” AMEA-ya məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdiyi 1 girişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla “Sifariçi”yə təhvil verməyi öz üzərinə götürdüyü qeyd olunmuşdur. İnşaat pasportunda isə I və II bloklar yataqxana sakinləri üçün nəzərdə tutulmuşdur. Nəhayət, nəzərdə tutulmuş binaların tikintisi başa çatdıqdan sonra bizim üçün ayrılan hər biri 65, 72, 78m2 mənzil sahəsi olan I və II bloklar satışa çıxarıldı. 2014-cü ildə yeni sərəncamla hər biri 65, 99, 78, 86 m2 mənzil sahəsi olan V blokun inşasına başlandı və “sifarişçi”ilə “podratçı” arasında 2012-ci ildə bağlanmış Podrat müqaviləsində dəyişikliklər edilərək 09.07.2015 tarixdə müqaviləyə əlavələr olundu. Beləki “səxavətli” AMEA rəhbərliyi 0.66 ha sahəni 1.026 ha-la əvəz edib, “podratçının” öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasında 5000 m2( beş min) sahənidə ödənişsiz əsaslarla tikilib “ sifarişçiyə” verilməsi nəzərdə tutuldu. Bu dəyişikliklər haqqında isə biz yataqxana sakinləri müqavilədə üçüncü tərəf belə deyil, predmeti olduğumuz üçün vaxtında məlumatlandırılmadiq. Gələcək taleyimizin sükanı artıq AMEA rəhbərliyinin əlində idi. Beləliklə, 13.06.2017 tarixdə AMEA rəhbərliyi və Mənzil komissiyası “dırnqarası püşkatma” yolu ilə ədalətsiz bölgüyə imza atdı. Bəzilərimizi ixtisar adı altında işdən azad etməklə, müxtəlif bəhanlərlə əvvəlcədən bu günkü gün üçün zəmin hazırlayıb, formal meyarlar əsasında mənzil bölgüsü aparan Mənzil komissiyası bizləri mənzil almaqdan məhrum etdilər. Nəticədə 06.11.2017 tarixində rəhbərlik və mənzil komissiyası yeni sürprizlərlə dolu mənzil bölgüsünü “qanuni” şəkildə göstəriş xatirinə başa çatdığını elan etdi. AMEA rəhbərliyi və Mənzil komissiyası apardığı səriştəsiz mənzil bölgüsünə mənzil kompaniyası donu geyindirərək mənzillərin hədiyyə olunduğunu pafosla qeyd edir. Hansı ki, həmin mənzillərdən 6-sı qeyri yaşayış massivi olan zirzəmidə yerləşir. Birinci püşk atmada iştirak edən 10 ailəni mənzil almaq hüququndan məhrum edərək bizim sıralarımıza qoşdular. (Nəzərinizə çatdırırıq ki, bu 10 ailənin 6-sının ailə başçısı AMEA-nın müxtəlif insitutlarında yarım növbəli, digər 4 nəfər isə tam növbəli iş təcrübəsinə malikdirlər). 7 ailəni isə bütün mövcud qanunları pozaraq Masazır qəsəbəsində və artıq şəhər statusu almış Xırdalan şəhərində yerləşdirdilər. Hətta, bu yaşayış binaları “Evrostroy-S” şirkətinə belə aid deyil. Bütün bunlar yetməzmiş kimi, kənardan gələn bu yataqxanaya aidiyyatı olmayan 17 ailəyə isə mənzillər “hədiyyə” edildi.

Möhtərəm Prezident!
Bu gün “Smart City – Ağıllı Şəhər” alimlər şəhərciyi adlandırılan geniş ekranlı mənzil layihələri ilə gündəmdən düşməyən AMEA- nın əsas meyarı elm olsa belə görəsən niyə elmlə deyil,ancaq və ancaq tikinti biznesi ilə məşğuldur. Bu sadəcə AMEA əməkdaşlarını düşünmək deyil, düşünürmüş kimi göstərməkdir. AMEA əməkdaşının aldığı minimuməmək haqqı orta hesabla 150-200 manatdırsa onlar bu layihəyə necə qoşula bilər, sualı meydana çıxır. ” Evrika ” edirmış kimi yataqxanada yaşayan sakinləri də bu layihəyə qoşulmağa dəvət edən AMEA rəhbərliyi bilmirmi ki, bu sakinlərin maddi imkanı olsa idi, bəs niyə indiyə kimi bir ömür (25 İldən artıq) burada yaşamağa məhkum olmuş, cəmiyyətdə isə yataqxana adamı adlandirilırlar. Təssüüflər olsun ki, bu gözəl layihənin görünməyən tərəfində AMEA rəhbərliyinin yeni planları durur. Belə ki, bu gözdən asılan pərdə ilə bizim, yataqxana sakinlərinin mənzillərinin mənimsənilməsi həyata keçirilir. Mənzillərimizi mənimsəyən və buna qanuni don geyindirmək üçün planlar quran AMEA rəhbərliyi Sizin verdiyiniz sərəncama bu qədər biganə yanaşır. Axı, niyə AMEA rəhbərliyi bizim mənzillərimizi vermir? Bu insanlar AMEA-nın istər indi istərsə də keçmiş əməkdaşları və yetişdirmələridir. Burada yaşayan insanlar ortayaşlı nəslin nümayəndələridir. Bu insanlar ev alacaqları günü həyatlarının başlanğıcı hesab edirlər, amma təəssüflər olsun ki, yaranmış vəziyyətdə insan ömrü qısa və insan həyatı dəyərsizdir. Bu stres altında yataqxananın neçə-neçə sakini xəstəliyə tutulub, dünyasını dəyişibdir. Görünür ki, AMEA rəhbərliyi də bunu gözləyir ki, insanlar stres, əsəb keçirə-keçirə məhv olsunlar və onların qalan mənzillərini də əldə etsinlər.
Hörmətli Prezident!
Biz Sizin seçicilərinizik, Sizə güvənib, Sizə səs vermişik! Bir daha Sizin ədalətinizə arxalanaraq, inanırıq ki, bu ölkənin vətəndaşları olaraq bizim problemlərimizi Siz, öz nəzarətinizə götürərək sərt addımlar atacaq, qanunların tələb etdiyi kimi özbaşına məmurların cəzalandırılmasına göstəriş verəcəksiniz.
Siz həmişə xalqımızın yanında olmuş, hər bir vətəndaşa diqqətlə yanaşmış və ağrı-acısına şərik olmuşsunuz.

Qabaqcadan Sizə, bütün sakinlər adından təşəkkür edirik.

Hüquqları pozulmuş yataqxana sakinləri

Bilməyənlər üçün qeyd edək ki, yataqxana sakinləri AMEA və “Yevrostroy -S” M şirkəti arasında baş tutmuş müqavilə əsasında yataqxana həyətində tikilən binadan ev almalı olduqlarını, bu məsələdə çoxlu qanun pozuntularına yol verildiyini, əllərində buna dair sübutların olduğunu,5 nəfərin isə naqd pulla AMEA-dan mənzil aldıqlarını iddia ediblər.Elmlər Akademiyasının Aspirantlar Yataqxanasının sakinləri tikinti şirkəti ilə AMEA arasına yaranmış  anlaşılmazlıq səbəbi ilə  əllərində müqavilə olmasına baxmayaraq, köçməli olduqları mənzilllərə köçə bilmirlər və evsiz qalmaq qorxusu yaşayırlar. Bu qalmaqal artıq uzun müddətdir davam edir. Yataqxana sakinləri dəfələrlə müxəlif qurumlara müraciət etsələr də problem həllini tapmayıb.
“Bzim Yol” olaraq qarşı tərəfin də mövqeyini əks etdirməyi borc bilirik. Mənzil Komissiyasının üzvü AMEA işlər idarəsinin müdir müavini Sərdar Əliyev  redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, yataqxana sakinlərinin söylədikləri həqiqəti əks etdirmir. “Adı çəkilən şəxslərin heç biri AMEA-dan mənzil almayıblar. O evləri göstərin, o mənzilləri biz sizə verək. Mən uzun illərdir, mənzil komissiyasının üzvüyəm, AMEA-da hər zaman bu məsələlərə ədalətlə baxılıb. Sözügedən məsələylə bağlı yataqxana sakinləri məhkəməyə müraciət edə bilərlər. ”,- deyə Sərdar Əliyev bildirib.

İlhamə Loğman

Tarix: 30-05-2018, 17:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}