Həftəbecər



image here

Lüt- ətcəbala şəkilləri ilə gündəmə gələn və müğənnilikdən xəbəri olmasa da, müğənni sayılan Afaq Aslan, bir jurnalistin verdiyi "kamera qarşısına keçəndə həqiqətənmi utancaqlıq hissi keçirmirsiniz?" - sualına belə cavab verib: "Məni həyatda yaxından tanıyan insanlar bilir ki, kameralar qarşısında kompleksizəm, heç nədən utanmıram".
P.S. Utancaqlıq hissi adətən insan sayılmayan məxluqlarda olmur. Ona görə də bu məxluqlar qış, yay təbiətdə həmişə paltarsız, yəni çılpaq olurlar. Afaq xanım isə görüb, bildiyimizə görə insandır. Amma bu xanımın yay, qış, həmişə paltarsız, yəni çılpaq olduğunu və özünün də heç nədən utanmadığını nəzərə alsaq, onda məni qınamayın, adam insanın meymundan əmələ gəlməsi kimi Çarlız Darvinin nəzəriyyəsinə inanmaq istəyir. 

***

Aparıcı Sərxan Kərəmoğlu öz iti üçün ad günü keçirmiş və onun video görüntülərini sosial şəbəkədə paylaşaraq belə yazıb: "Aşkım, ad günün mübarək!"
P.S. Heyvanına şükür, ya Rəbbim! Sərxanı demirəm, itini deyirəm. İtdəki "blata", hörmətə, izzətə bax ki, ilin, günün bu vaxtında, iqtisadiyyatımızın belə çətin bir dönəmində itin ad gününü keçirirlər. Deyirəm, taleyin istehzasına baxın. Bu gün insanlar var ki, it günündə yaşayırlar, amma it var ki, insan kimi yaşayır. Şair Qabil demiş "Müsibət oluruq biz, Səhv düşəndə yerimiz".
***

Müğənni dəstəsindən sayılan Damlanın intim videosunun yayılması barədə "Hər şey daxil" verilişinə telefonla qoşulan Damlanın anası Mədinə xanım videonun yalan olduğunu bildirərək belə deyib: "Mən qızımın bədənini və özünü çox yaxşı tanıyıram. Düzdür, ilk dəfə eşidəndə çox pis oldum".
P.S. Mədinə xanım, sən bir ana hissi ilə Damlanın özünü yaxşı tanıya bilərsən. Amma, bu bədən andıra qalmış o qədər əllərə düşür ki, yəni həkimlərin əlinə, sənin dünyaya gətirdiyin bədəndən əsər-əlamət qalmır. Ona görə də anacan, iman bir yerə, güman min yerə gedir. Bu səbəbdən ana olaraq, sən dəqiq deyə bilməzsən ki, o intim videoda olan sənin qızın Damlanın bədənidi, ya qeyrisinin. Bunu ancaq uyğun mütəxəssislər deyə bilərlər. Sən isə, Mədinə xanım, anasan, mütəxəssis yox...
***
Məlumatlara görə Bakıda qəbir yerinin və baş daşının qiyməti qalxıb.
P.S. Bu millət, yəni bizlər, daşdan pul çıxartmağı bacarırıq dəə... Fərqi yoxdur daş olsun, başdaşı olsun, təki daşbaş olsun.

***
Qəzetlərin biri bakirəliyini 2,4 milyon dollara satan model Məhbubə Məmmədovanı və ailədə iki nəfərin 180 manat alması ilə dolanmağın mümkünlüyünü sübut etməyə çalışan deputat Hadı Rəcəblini qınayaraq yazıb: "Hər kəs öz yerində olsa... nə məhbubələrə həsəd apararlar, nə də hadılar bu qədər qıcıq mənbəyi olar".
P.S. Bu olmadı də, hörmətli həmkarım, zamanda kim nə bacarır və nəyi var onu da satır. Əgər Məhbubənin ortaya qoyduğu məhsul baha, Hadı müəllimin ortaya qoyduğu 180 manata dolanmaq haqqında beyninin məhsulu çox ucuzdursa, buna cəmiyyət neyləsin və niyə də qınağa tuş gəlməlidir? Necə deyərlər, varını verən utanmaz. Məhbubə ilə Hadı müəllimi eyni dəyər ölçüsündə götürmək isə, bu, başqa söhbətin mövzusudur.
***
Tanınmış yazar Ənvər Börüsöy "Hürriyyət" qəzetindəki yazısına belə başlıq qoyub: "Tehran rejimi "erməni soyqırımı"nı tanıyacaqmı?"
P.S. Ənvər bəy, əlbəttə, tanıyacaq. Bəs qardaş qardaşa nə gündə lazımdır?
***

Xəbər verilir ki, vətəndaşlarda haqlı narazılıq doğuran pozuntulara yol verdiyinə görə Məhkəmə-Hüquq Şurası tərəfindən 14 hakimin səlahiyyətinə xitam verilib və 4 məhkəmə sədri aşağı işə keçirilib.
P.S. Sonra da deyirlər insan pozulmuş haqqını məhkəmədə bərpa edə bilər. Əgər sənin haqqını, elə məhkəmədə ədalət təmsilçisi olan hakimlər basıb yeyirsə və buna görə 14 hakimin səlahiyyətinə xitam verilirsə, onda gör məhkəmələrimiz necə bərbad gündədir? Axı ədalətsizlik edən, haqqı-nahaqqa qurban verən, ədalətsiz qərarlar çıxaran, insan haqqını pozan, günahsız insanı həbsə atan, vətəndaşın qanuni evini, torpağını məhkəmə yolu ilə əlindən alan hakimlərin sayı 14 yox, bəlkə də yüzlərlədir. Necə deyərələr, ədalətsiz qərarlar çıxardıqlarına görə, səlahiyyətlərinə xitam verilmiş o, 14 hakimin sağ əlləri, özləri kimi olan o biri hakimlərin başlarına olsun.
***

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Azəriqaz"ı tənqid edərkən deyib: "Görünən odur ki, "Azəriqaz" fiziki şəxslərdən əl çəkib, indi də sahibkarların üstünə düşüb".
P.S. Mirvari xanım, "Azəriqaz" yaxşı bilir neyləyir. Fiziki şəxs kimi məndə nə qaz var, nə də qazlanmaq. Yəni yanıqda nə var ki, yoluğa versin? Amma bir çox sahibkarlar qaz vurub, qazan doldurub, yaman qazlanıblar haa... Elə onların qazı alınsa yaxşıdır.
***

Deputat Qüdrət Həsənquliyev müxalifətin son mitinqlərindən danışarkən deyib: "Kütləvi aksiyalara moratorium qoyulmalıdır".
P.S. Deməli, Qüdrət bəy, minitqlərə, kütləvi aksiyalara moratorium, yəni qadağa qoyulmasını istəyir. Niyə, Qüdrət bəy? Sən bu səviyyəyə qədər elə o kütləvi aksiyalar, mitinqlər vasitəsi ilə gəlib çıxmısan axı. Adam pullu gələcəyini görüb, pulsuz keçmişini unutmaz. Şair Adil Cəmilin şeirindən bir misranı bu yerdə kənara qoya bilmərik:
"Yağlı dilim yoxdur, həsrətəm yağa,
Sən məddah çörəyi yeyirsən, qağa".

***
Xalq artisti, professor Arif Babayev küçə danışığını xatırladan mahnı mətnlərinin efirlərdə səsləndiyini bildirərək mətbuata belə deyib: "İnternetə nəzarət edə bilmirik, bunu anladıq. Efirlərə ki, nəzarət etmək imkanımız var".
P.S. Hörmətli professor, dəyərli ustad, tam doğru deyirsiniz ki, efirlərə nəzarət etmək imkanımız var. Sadəcə, şou əhli xanımların lütlənib, orasını-burasını nümayiş etdirənləri görən efir rəhbərləri, o saat həm efirə, həm də özlərinə nəzarəti itirirlər. Bu səbəbdən də efirlər uralanmış bostan kimi nəzarətsiz qalıb.
***

Müğənni Faiq Ağayev (ona xalq artisti demək Rəşid Behbudovun, Lütfiyar İmanovun gorunu çatlatmaq deməkdir). "MTV Azərbaycan" kanalında yayımlanan "Söhbətsiz" proqramında bənzərsiz səs sahibi, milyonların sevimlisi, həm Xalq artisti, həm də xalqın artisti Flora Kərimova ilə küsülü olmasından danışarkən deyib: "O, mənə İlhamə Quliyeva ilə olan dostluğumu bağışlaya bilmirdi".
P.S. Hörmətli manıs Faiq bəy, yəqin bu məşhur deyimi eşitmiş olarsan: "Dostunu göstər, sənin kim olduğunu deyim". Sən bir vaxtlar estradamızın "vor zakon"u olmuş, hazırda isə o dünyada "Qır qazan" MMC-nin sahibi İlhamə Quliyeva ilə dostluq etməklə öz tərcümeyi-halına, sənə deyiləndən daha artıq bir ləkə yazdırmısan. Flora xanım da həm sənətdə, həm də həyatda səndən böyük olduğu üçün istəyib ki, gələcəyin korlanmış yox, yaxşı olsun. Yəni zamanı gələndə öz tərcümeyi-halından utanmayasan, xalqın sevimlisi olasan, xarakterində, xasiyyətində hər hansı şübhələr olmasın və s. Vaxtında böyüyün olan Flora xanımın sözlərinə qulaq assaydın, bu gün sadaladığım o keyfiyyətlərdən məhrum olmazdın. Necə deyərlər, özü yıxılan ağlamaz. Ağlamaq istəyirsənsə, umu-küsün varsa, efirlərə yox "Qır qazan" MMC-nin sahibi, dostun olmuş İlhamə xanımın yanına get və nə qədər istəsən orada dərdləş, ağla, umu-küsü elə...

ELÇİN
elcinmemmedli
[email protected]

Həftəbecər

Tarix: 6-03-2019, 09:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}