Anamızın ağ südü halalımızkən, süni qidalar lazımdırmı - Üstəlik fantastik qiymətə


Pediatr: “Əgər anada açıq formalı vərəm, ağır ürək xəstəliyi varsa, ağır ürək əməliyyatı keçiribsə…”
Körpəsini ana südü ilə qidalandıranlar olduğu kimi, bunun əksinə olaraq, süni uşaq qidalarından istifadəni daha üstün tutan və ya müəyyən problemlərə görə buna məcbur qalanlar da var. Bir çox həkimlər ana südünün əvəzolunmaz olduğunu desələr də, uşaq qidalarını da bir ehtiyac kimi analara tövsiyə edən həkimlərin olduğunu eşidirik. Marketlərdə, apteklərdə də belə qidalar xüsusilə diqqətçəkən yerlərdə düzülür. Qidaların üzərindəki yazılar, rənglər sanki valideynləri “heç olmasa, bir dəfə sına” deyirmiş kimi özünə çəkir.
AYNA pediatr Gülnar Abdullayeva ilə süni uşaq qidalarının hansı hallarda tövsiyə olunduğu, uşaq qidaları alarkən nələrə diqqət edilməsi və s. istiqamətində həmsöhbət olub.

- Gülnar xanım, hansı hallarda körpələrə ana südü yox, süni uşaq qidaları tövsiyə olunur?
- Əgər anada xəstəlik - açıq formalı vərəm, ağır ürək xəstəliyi varsa, ağır ürək əməliyyatı keçiribsə, ana südü deyil, uşaq qidası verməyi tövsiyə edirik. Bunlar böyük problemlərdir. Kiçik problemlərə qaldıqda isə o zaman da körpəni uşaq qidasına öyrəşdirməməklə ac qalmaması üçün müəyyən qədər uşaq qidası ilə qidalandırmaq olar. Təbii ki, bu, uşağı ana südünə öyrəşdirənə qədər olmalıdır. 
- Anan südü əvəzolunmazdır, bəs ana südünün özü körpənin neçə aylığına qədər yetərli olur?
- Ana südü körpənin 6 ayına qədər yetərli olur. Körpənin 6 aydan sonra enerji ehtiyacı yüksəlir və ana südü o kalorini verə bilmədiyi üçün əlavə qidalanmaya keçid etmək lazımdır.
- Körpələrə ana südünə paralel əlavə qidaların da verilməsi hansı hallarda tövsiyə olunur?
- Əgər uşağın çəki defisiti varsa, uşaq doymursa, sidik ifrazı azalıbsa, qəbizlik əmələ gəlibsə, uşaq rahatlıq tapa bilmirsə, ağlayırsa, bu zaman əlavə qidalar verə bilərlər. Süni qidalara qaldıqda isə 4 ayından əvvəl yalnız doymama ehtimalı olduqda vermək olar.
- Süni uşaq yeməkləri tərkiblərinə görə bir-birindən nə dərəcədə fərqlənir?
- Bəli, bəzi fərqlər var. Məsələn, hipoalergen qida növləri var. Onlar atopik dermatit ağır allergiyası olan uşaqlara verilir. Anti-reflü qida növləri var, bunlar da qusması olan uşaqlar üçün nəzərdə tutulub. Komfort tipli qidalar var ki, bunlar da qəbizliyi, köpü olan uşaqlar üçündür.
- Valideynlər süni uşaq yeməyi alarkən nələrə diqqət etməlidirlər?
- Valideynlər süni uşaq qidalarını alan zaman qablaşdırmanın üzərini oxusunlar və təbii ki, pediatrları ilə məsləhətləşsinlər.
- Süni uşaq qidaları baha olduğundan, valideynlər yeni doğulmuş uşaqlara inək südü və s. Verirlər. Bu cür etmək olarmı?
- Ümumdünya Səhiyyə Təşkilatının son protokoluna əsasən, bir yaşa qədər olan uşaqlara inək südü vermək qəti qadağandır. Bu, uşaqlarda bağırsaq qanaxması yarada və əmələ gələ biləcək allergik reaksiyaları tezləşdirə bilər. Ona görə də inək südü vermək olmaz.
- Süni uşaq yeməklərinin baha olduğu, bəzi hallarda hətta fantastik qiymətə satıldığının da şahidi oluruq. Olduqca baha qiymətə satılan uşaq yeməklərini digərlərindən fərqləndirən tərkibdə nələr var? Bundan ötrü o qədər puldan keçməyə dəyərmi?
- Əslində hazırda bazarda olan bütün uşaq qidaları eyni tərkibə, formulaya malikdir. Bəzi qidaların üzərində keçi südü, bəzilərində inək südü tərkibli olduğu yazılır. Keçi südünün ana südünə yaxın olduğu deyilir, ancaq təbii ki, bunların heç biri ana südünü əvəz edə bilməz. Ana südü əvəzolunmazdır. Maksimum dərəcədə ana südü verilməsini tövsiyə edirik. Amma ana südü az olduğunda və ya hansısa səbəbdən ümumiyyətlə, körpəyə ana südü verilmədikdə smes vermək olar. Bu zaman da qeyd etdiyim kimi pediatrla məsləhətləşmək lazımdır.
Tarix: 13-05-2022, 09:48




Xəbər lenti

{sape_links}{sape_article}