150 milyonluq yeyintidə ittiham olunan sabiq nazir hakim qarşısında - TƏFƏRRÜAT

150 milyonluq yeyintidə ittiham olunan sabiq nazir hakim qarşısında
Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri, 144 milyon manatlıq yeyintidə ittiham olunan Rəfael Əliyevin məhkəməsi başlanıb.

Gununsesi.info-nun xəbərinə görə, işə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində baxılır.

R.Əliyev Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mansur Əsgərovla birlikdə mühakimə edilir.

Onların hər ikisi 2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX-nın) Naxçıvanda keçirdiyi əməliyyatlarda həbs olunsa da, bir müddət əvvəl azadlığa buraxılıb.

Məhkəmənin hazırlıq iclasında prokuror adları çəkilən sabiq məmurların azadlıqda qalmasıyla razılaşıb, sadəcə təklif edib ki, hökm çıxarılanadək onların haqqındakı başqa yerə getməməklə bağlı qətimkan tədbiri dəyişdirilməsin.

Məhkəmədə R.Əliyevlə M.Əsgərovun öz vəkilləri olduğu bilinib. Amma Bakıda yaşayan vəkillər Naxçıvanda keçirilən məhkəmə prosesinə qatılmadığından, sabiq nazir və şöbə rəisinə dövlət hesabına vəkil verilib.

Bu işə məhkəmə baxışı aprelin 15-nə təyin edilib. Həmin gün prokuror ittiham aktını açıqlayacaq, ardınca da dindirmələr başlanacaq.

R.Əliyev maliyyə naziri təyin olunmazdan öncə Naxçıvan MR-in Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, 2020-ci ilin avqustunda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamıyla maliyyə naziri təyin edilib. Həbsindən bir müddət sonra – ötən ilin yanvarında vəzifəsindən çıxarılması barədə sərəncam imzalanıb.

R.Əliyev və M.Əsgərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Naxçıvandakı əməliyyatlar nəticəsində milyonlarla yeyinti ittihamıyla həbs olunub, bir müddət DTX-nın istintaq təcridxanasında saxlandıqdan sonra azadlığa buraxılanlar arasında Naxçıvan MR Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov da var.

General-mayor S.Həbibbəyli Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur.

Onların həbsdə olduqları dövrdə yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödədiyi bildirilir.

Naxçıvan MR-da həbs olunan məmurlar arasında Penitensiar Xidmətin rəisi, general-mayor Tofiq Həsənov da vardı. O, hələ də həbsdədir və hazırda Naxçıvan Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edir.

2016-cı ilin sentyabrında Penitensiar Xidmətin rəisi təyin edilən T.Həsənov həm də Naxçıvan MR ədliyyə nazirinin müavini idi. O, külli miqdarda mənimsəmə, rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə ittiham edilir.
Tarix: 3-04-2024, 12:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}