“Paşinyan Moskvada məhşər ayağına çəkiləcək” - hesab zamanı


Politoloq: “İki stulda oturmaq cəhdi onun siyasi karyerasının sonunu gətirə bilər”

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İttifaqının sammitində iştirak etmək üçün iyulun 26-27-də Moskvaya səfər edəcək. Səfər zamanı onunla Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüşə diqqət Avrasiya İttifaqının sammitinə olan maraqdan daha çoxdur. Çünki son zamanlar Ermənistanla Rusiya arasında soyuq yellər müşahidə olunur.

Nikol Paşinyanın 11-13 iyulda Brüsselə səfər edib NATO sammitinə qatılması, Avropa Birliyinin toplantısında iştirak etməsi Moskva-İrəvan münasibətlərində soyuqluğu bir qədər də artırıb. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr sırasında Brüsseldə keçirilən sözügedən zirvə toplantılarına qatılan yeganə ölkə rəhbəri idi. Ekspertlər hesab edir ki, onun bu davranışı Kremldə qəzəb yaradıb.

Kremlin narazılığına səbəb olan digər mühüm faktorlardan biri kimi isə Nikol Paşinyanın Rusiyaya mənfi münasibəti ilə seçilən şəxslərdən ibarət hakimiyyət komandası formalaşdırmasıdır. Təhlilçilər bildirirlər ki, təsadüfən, ya bilərəkdəndir, amma Nikol öz kabinetini praktik olaraq başdan-ayağa rusxoflulardan formalaşdırıb. Məsələn, ABŞ-da təhsil almış, “Soros fondu” proqramının koordinatoru kimi çıxış edən Ermənistan diaspora naziri müavini Babken Ter-Qriqoryan bu sıradadır. Ter-Qriqoryan Paşinyanı hakimiyyətə gətirmiş meydan hadisələri zamanı birbaşa Rusiya prezidentini təhqir edən plakatla gözə dəyib. Ermənistanın yeni əmək naziri Mane Tandilyan isə ölkənin Avrasiya İqtisadi Birliyindən çıxmasını fəal təbliğ edir. Mədəniyyət naziri Lilit Makunts isə 2016-cı ildən, məlum olduğu kimi, MKİ-yə bağlı olan Amerika Sülh Korpusu ilə çalışır.

Ä°lgili resim

Kremlin narazılığının artdığı bir vaxtda Nikol Paşinyanın Moskvaya səfərinin onun üçün heç də yaxşı psixoloji durum vəd etmədiyi şəksizdir. Bu barədə “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Nikol Paşinyan hazırda böyük ehtimalla, ciddi psixoloji gərginlik keçirir: “Yəni bir tərəfdən, Qərbə doğru can atmaq meylləri, hətta NATO-ya can atmaq meylləri və bu meyllərin onu hakimiyyətə gətirmiş insanlara vəd şəklində verilməsi, indi isə Avrasiya İttifaqı sammitinə getmək məcburiyyəti ilə üz-üzə qalıb. Bu səfər Paşinyan üçün ciddi psixoloji baryer yaradacaq. Onsuz da Brüsselə səfərdən sonra Paşinyanla Rusiya arasında ciddi gərginlik yaranıb. Doğrudur, Ermənistan tərəfi Kreml-İrəvan arasındakı qarşıdurmanın bütün nüanslarını büruzə vermək istəmir, gərginliyi heçə endirən mövqelər sərgiləyir. Amma əslində Moskvada İrəvana, xüsusən Paşinyan və komandasına etimad kəskin surətdə azalıb. Rusiya mətbuatında İrəvan əleyhinə olan kəskin tənqidi yazılar da bu münasibətin təzahürləridir. Mənim zənnimcə, Moskva da yaxşı bilir ki, Sorosun yardımı ilə hakimiyyətə gəlmiş Paşinyan bir gün Qərbin təkidi ilə tamamilə Avrasiya İttifaqından uzaqlaşa bilər. Bunun ilk simptomları da özünü göstərdi. Bir neçə gün öncə, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi briqadası hərbi təlimlərə başlayan ərəfədə yaxınlıqda yaşayan erməni əhali briqadanın qərargahı qarşısında mitinqlər keçirdi və rus ordusunun əleyhinə şüarlar səsləndirdilər. Bu zaman isə rus hərbçiləri hərbi texnika ilə erməni kəndlərinin içində nümayişkaranə şəkildə hərəkətlər etdilər. Bu, əslində bir qarşıdurma tipli hadisə idi. Belə görünür ki, həm Ermənistandakı hərbi bazaların rəhbərliyi ilə, həm də Kremlin özü ilə Paşinyan komandası arasında bir uçurum yaranmağa başlayıb. Bu uçurum hələ ki psixoloji münasibətlər səviyyəsində özünü göstərir. Etimadın aşağı səviyyədə olması halında özünü büruzə verir. Amma gələcəkdə ciddi qarşıdurmalara da gətirib çıxara bilər. Odur ki, zənnimcə, Nikol  Paşinyan o qədər xoş olmayan bir əhval-ruhiyyə ilə Avrasiya İttifaqının zirvə toplantısına-Putinlə görüşə yollanır”.

Politoloq qeyd etdi ki, Vladimir Putinin hazırda əsas qayğısı Avrasiya İttifaqında özünü büruzə verməkdə olan mərkəzdənqaçma təzahürlərinin qarşısını almaqdır: “Məsələn, son vaxtlar Avrasiya İttifaqının Rusiyadan sonra aparıcı qüvvəsi olan Qazaxıstanda müəyyən tərəddüdlü meyllər özünü büruzə verməkdədir. Qazaxıstanın Amerikaya Oktauda hərbi baza statusu verməsi və öz ərazisindən Əfqanıstana gedən yüklərin daşınmasına icazə verməsi Rusiya tərəfindən xoşluqla qarşılanmayıb. Bunun ardınca Özbəkistanda da belə bir əhval-ruhiyyə yaranıb. Hər iki ölkənin liderləri Vaşinqtona səfər etdilər və bu səfərlərdən sonra bəyan etdikləri fikirlər Rusiyada xeyli xəyal qırıqlığına səbəb olmuşdu. İndi Ermənistanda başlayan NATO-ya və Avropa Birliyinə meyllənmə Moskvanı ciddi surətdə narahat etməyə başlayıb. Bu günlərdə Putinlə Paşinyanın telefon danışığı olub. O danışıqların gərgin keçməsi barədə məlumatlar var. Bütün bunları nəzərə alanda belə qənaətə gəlmək olar ki, Avrasiya İttifaqının bu sammiti Paşinyan üçün xeyli çətin olacaq. Paşinyan Moskvada məhşər ayağına çəkiləcək, hesab sorulacaq. Paşinyanın eyni vaxtda iki stulda oturmaq cəhdi onun siyasi karyerası üçün ağır nəticələrə gətirib çıxara bilər”.

Etibar SEYİDAĞA

Tarix: 25-07-2018, 11:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}