Rusiyada VİRUS TƏHLÜKƏSİ: Xəstəxanalar doldu, dəhlizlərə çarpayılar düzülür

Rusiyada VİRUS TƏHLÜKƏSİ: Xəstəxanalar doldu, dəhlizlərə çarpayılar düzülür - VİDEO
Rusiyada koronavirus infeksiyasına tutulan xəstələrin 70 faizində, təkcə Moskvada isə 90 faizində Hindistan ştamı (Delta ştamı) aşkar edilib.
Moderator.az xəbər verir ki, Rusiya epidemioloqları ölkədə koronavirus pandemiyasının üçüncü dalğasının başlandığını bildirirlər. Həkimlərin sözlərinə görə, Hindistan ştamı (Delta ştamı) daha sıx olduğundan, orqanizmə daha asanlıqla düşə bilir. Əsasən, gənclərin və uşaqların yoluxduğu koronavirusun bu növünün daha ağır fəsadları müşahidə edilir. Xəstələr trombların yaranması, insult, qanqren, ağciyər arteriyalarının tromboemboliyası, psixikanın pozulması və digər fəsadlarla üzləşir. Yeni ştamın simptomları əvvəlkindən fərqləndiyindən, bir çox hallarda insanlar koronavirusa deyil, adi respirator xəstəliklərə yoluxduqlarını zənn edir və fəal həyat tərzi sürürlər. Belə ki, Delta ştamı özünü iybilmənin itirilməsi ilə deyil, güclü boğaz və başağrısı, mədə-bağırsaq ishalı, yüksək hərarət ilə büruzə verir.
Rusiyada istifadə olunan “Sputnik V” və digər peyvəndlərin virusun bu növü ilə mübarizədə az səmərəli olduğu da məlumdur. Eyni zamanda, Nyu-Cersidəki Rattgers Universitetinin professoru Konstantin Severinov bildirib ki, yeni ştam peyvənd olunmamış orqanizmə düşür, xəstələrin sayı artır və beləliklə də virus aqressivləşərək peyvənd olunmuş adamlara da yoluxur. Professor çıxış yolunu yalnız kütləvi şəkildə peyvənd olunmaqda görür. Əks halda, onun fikrincə, ölkələrin səhiyyə sistemlərini yeni sınaqlar gözləyir. Delta ştamı, həmçinin peyvənd vurulmuş insanlarda immun müqavimətini bir neçə dəfə azaldır.
Məlumata görə hazırda Sankt-Peterburqda koronavirus xəstələri üçün ayrılmış bütün xəstəxanalar dolub. Əlacsız qalan tibb işçiləri xəstəxana dəhlizlərinə əlavə çarpayılar yerləşdirirlər.
Elm adamları və həkimlər bildirirlər ki, buna səbəb Rusiya xalqının peyvənd olmaq istəməməsidir. Xalq vaksinasiyaya qarşı çıxır./publika.az/ 


Tarix: 20-06-2021, 22:53




Xəbər lenti