KREMLİN NÜVƏ BLEFİ VƏ RUSLARIN QAÇIŞI – Putin Ukraynanı qorxutmaq istəyirdi, rusları qorxutdu...




Putinin səfərbərlik qərarı və nüvə hədə-qorxusunu Qərb cəmiyyətləri hələ tam anlamağa çalışarkən, Rusiya cəmiyyəti artıq bu qərarın dəhşətini yaşamağa başlayıb.
Real görünən odur ki, dünənə qədər yumşaq divanda oturub, Ukraynada baş verən qətliamlara ya səsini çıxarmayan, ya da Putinin “Z” müharibəsini dəstəkləyən ruslar artıq kütləvi şəkildə ölkədən qaçır. Ukraynanın müharibənin əvvəlində yaşadıqlarını bu gün ruslar öz vətənlərində yaşamağa başlayır – müharibə onların evinə gəlib! Bunun nəticəsidir ki, Finlandiyadan Monqolustana qədər bütün sərhədlər Rusiyadan və səfərbərlikdən qaçmaq istəyənlərin axını ilə üzbəüzdür. İstanbul, İrəvan, Bakı və s. aviareyslərinə bilet qalmayıb, hətta piayda Monqolustan sərhədlərini keçərək, qaçanlar da var. Deyilənə görə, Kreml bu köçün qarşısını almaq üçün ümumiyyətlə, sərhədləri bağlamaq fikrindədir.
Eyni zamanda, ayrı-ayrı şəhərlərdə səfərbərliyə qarşı etiraz aksiyaları başlayıb. Bu aksiyalar hələ kütləvi olmasa da, yaxın gələcəkdə onların kütləviləşəcəyini istisna etmək olmaz. Bütün bunlar o deməkdir ki, özünün səfərbərlik qərarı və nüvə blefi ilə Qərbi və hər cür dəhşətləri yaşamış, qorxu hissini itirmiş Ukraynanı qorxutmaq istəyən Putin, nəticədə daha çox öz vətəndaşlarını qorxuya salıb...

Müdafiə naziri Sergey Şoyqu son çıxışında deyib ki, Rusiya ordusu Ukrayna müharibəsinin gedişində bu günə qədər cəmi 5937 hərbçisini itirib. Ukrayna tərəfi isə guya öz ordusunun yarısını itirib və orada ölən və yaralananların sayı üst-üstə 100 min nəfəri ötüb. Yaxşı, əgər doğrudan da elədirsə, o zaman belə çıxır ki, Rusiya bu müharibədə Ukrayna ordusunu demək olar məhv edib və onun qarşısında təxminən 95 min nəfərlik üstünlük qazanıb. Bəs, belə olan halda, səfərbərliyə və yenidən 300 min nəfərin orduya cəlb edilməsinə nə ehtiyac vardı?

Digər yandan, bu qədər insanı bir neçə gündə orduya cəlb etmək olduqca çətindir. Bunun üçün böyük inzibati resurslar, dəqiq uçot-məlumat sistemi, ərzaq, geyim, soial-iqtisadi və maliyyə təminatı və s. lazımdır. Hələ bu qüvvələrin müasir silahlar, rabitə, hərbi texnika və avadanlıqlarla təminatını demirik. Təkcə onu qeyd etmək kifayətdir ki, bütün Rusiya üzrə hərbi komissarlıqların əksəriyyətində uçot sistemi elektronlaşdırılmayıb və məlumat bazası mükəmməllikdən çox-çox uzaqdır. Ölkədən qaçanlar və qaçmaq istəyənlərin sayı-hesabı yoxdur.
Həmçinin, mütəxəssislərin bildirdiyinə görə, 300 min nəfərlik səfərbərlik elan olunsa da, ümumilikdə Rusiya ərazisindəki hərbi təlim mərkəzlərinin maksimal tutumu 50-60 min nəfər arasındadır. Bu qədər adama həmin mərkəzlərdə təlim keçmək, sonra da onları geyindirmək, yedirmək və normal geyimlə, silah-sursatla təmin edib Ukraynaya göndərmək Rusiyanın indiki imkanları daxilində mümkünsüz görünür. 
Nəzərə alsaq ki, yeni səfərbər olunanlar əsasən Rusiyanın mərkəzi və qərb regionlarından toplanacaqlar, o zaman bunun Kreml üçün nə qədər təhlükəli sosial eksperiment olduğunu anlamaq çətin deyil. Çünki ortada Moskva və Sankt-Peterburq kimi həlledici şəhərlərdə əhalinin reaksiyası məsələsi var. Bu, çox riskli eksperimentdir və bu şəhərlərin əhalisinin özünü necə aparacağını heç Kremldə də dəqiq bilmirlər. Çünki bu şəhərlərdən könüllü olaraq Ukraynaya savaşa getmək istəyənlər artıq çoxdan gediblər və onların bir çoxları ya peşmandırlar, ya da ümumiyyətlə geri qayıtmayıblar. 
Yerdə qalanlarınsa böyük əksəriyyyəti ya müharibənin əleyhinədir, ya da bu müharibəyə kənardan durub baxmağın tərəfdarıdır, nəinki həyatını riskə atıb, Ukraynada döyüşməyin. Onlar üçün bu, vətən müharibəsi yox, Putinin şəxsi müharibəsidir. Ona görə də səfərbərliyin bəri başdan uğursuzluğa düçar olacağını proqnozlaşdıranlar olduqca çoxdur.

İndi hələ də normal düşünmək qabiliyyətini saxlaya bilən ruslar anlaya bilmirlər ki, əgər səfərbərlik elan ediləcəkdisə və yüz minlərlə insan orduya qatılacaqdısa, bundan bir neçə gün əvvəl həbsxanalardan oğruların, quldurların, qatillərin orduya cəlb edilərək, onsuz da gözdən düşmüş rus ordusunu daha da gözdən salmağın, alçaltmağın nə mənası vardı?
Hələ kütləvi etirazları, əhalinin narazılığını və s. bir kənara qoysaq, təkcə Rusiya hakimiyyətinin idarəçilik sisteminin özünün axsaması, yararsızlığı, bacarıqsızlığı və korrupsiyalaşması səfərbərliyi uğurlu şəkildə həyata keçirməyə imkan verməyəcək. Bu idarəçilik sistemi hətta “xüsusi əməliyyat” adlandırılan daha kiçik ölçülü tədbiri batırıbsa, səfərbərlik kimi daha böyük tapşırığın öhdəsindən necə gələcək? Ukrayna Prezident Ofisinin müşaviri Aleksey Arestoviçin dediyi kimi, Putin səfərbərlik qərarı ilə, öz tabeçiliyində olanların timsalında, sanki 3-cü sinfin məsələsini həll edə bilməyən şagirdə 11-ci sinfin məsələsini tapşırmış olub...
Putin son müraciətində dünyanı nüvə silahı ilə hədələyərək, bunun blef olmadığını elan etdi. Lakin bir çox politoloqların fikrincə, rus ordusunun dünyada gücünə görə ikinci ordu olması necə blefdirsə, Putinin nüvə hədələri də eyni cür blefdir. Baydenin bu çıxışı “məsuliyyətsiz bəyanat” adlandırması da bundan irəli gəlir. Çünki nüvə silahının tətbiqi şəxsən Putinin məhvi demək ola bilər. Digər yandan, Putin özü deyir ki, Ukrayna Belqorodu və Rusiyanın digər həmsərhəd rayonlarını vurub. O cümlədən Krımı da vuran Ukraynadır. Bəs, niyə o zaman Kreml nüvə silahından istifadə etmədi?
Hazırda hətta Makron və Şolts kimi “gah nala, gah da mıxa vuranlar” belə Putinin son çıxışından və qərarından sonra öz ritorikalarını sərtləşdiriblər. Görünən odur ki, Qərb Putinin şantajları, blef və hədə-qorxuları qarşısında geri çəkilməyəcək. Rusiya ilə nisbətən normal münasibətlər saxlamağa çalışan Türkiyə belə Kremlin “referendum” qərarını pisləyib və Türkiyə XİN bunun məsələnin diplomatik həllinə mənfi təsir göstərəcəyini bəyan edib.
Bir sözlə, səfərbərlik, “referendum” qərarları və nüvə şantajı eskalasiyanı daha da artıracaq. Qərb isə buna cavab olaraq Ukraynaya daha ağır və dəhşətli silahlar verməyə başlayacaq. Çünki Putin özü bunun üçün şərait yaradır və digər yandan da öz vətəndaşlarını toplayaraq, “ət maşını”nın ağzına göndərir. Beləliklə də ölkə iqtisadiyyatını, Rusiyanın beynəlxalq nüfuzunu, daxili sabitliyini, əhalinin gələcəyə, inkişafa olan ümidini məhv etməkdə israrlı olduğunu göstərir. Bu isə o deməkdir ki, Putin Rusiya imperiyasını bərpa etmir, əksinə, onu məhv və dəfn edir...
Elxan Məmmədov
“AzPolitika.info”
Tarix: 22-09-2022, 22:21




Xəbər lenti

{sape_links}{sape_article}