"BUNLAR RUSİYANI XAOSA SÜRÜKLƏYİR, VƏTƏNDAŞ MÜHARİBƏSİ BAŞLAYA BİLƏR" - "Bu, Rusiyaya qarşı əsl sanksiya olardı"


"Ukraynanın başqa çıxış yolu yoxdur, çünki o, simmetrik müharibədə uduzur, ona görə də asimmetrik mübarizə aparmaq lazımdır"
Ukrayna PUA-larının Rusiya Neft Emalı Zavodlarına hücumları son aylar işğalçı ölkənin həyatının ayrılmaz hissəsinə çevrilib. Ukrayna dronları dəqiq və müntəzəm zərbələr vuraraq, Rusiyanın Nijeqorodsk, Ryazansk, Novoşaxtinsk, Tuapse, Kuybışevsk və sairə ən böyük Neft Emalı Zavodlarını işi dayandırmağa məcbur edib. Həmçinin, bu dronlar min kilometrdən uzaqdakı hədəfləri vura bilirlər.
Bu yaxınlarda Ukrayna zərbə dronları Tatarıstandakı TANECO Neft Emalı Zavodunu və Yelabuqa şəhərindəki kamikadze dronları hazırlayan zavodu vurublar.
Neft Emalı Zavodlarının işini dayandırması Rusiya üçün çox həssas məsələdir. Bu səbəbdən də Rusiya hökuməti martın 1-dən benzin ixracına altı aylıq qadağa tətbiq etmək məcburiyyətində qalıb. Bununla yanaşı, Rusiya dizel yanacağının dəniz yoluyla ixracını da əhəmiyyətli dərəcədə azaldır. Əgər Rusiya büdcəsinin əsasən neft və qaz ixracı hesabına doldurulmasını nəzərə alsaq, bundan sonra Kreml Neft Emalı Zavodlarına edilən hücumların təsirini daha güclü hiss edəcək.
Siyasi və iqtisadi məsələlər üzrə ekspert Taras Zaqorodnıy Ukraynanın“Qlavred.info” saytına verdiyi müsahibəsində Ukrayna PUA-larının Neft Emalı Zavodlarına vurduğu zərbələrin nə üçün Qərb sanksiyalarından daha təsirli olmasından, həmçinin də bu zərbələrin irəlidə Rusiyanı xaosa və vətəndaş müharibəsinə sürükləyə biləcəyindən danışıb.
“AzPolitika.info” həmin müsahibəni təqdim edir:
- Siz Ukrayna dronlarının Rusiya Neft Emalı Zavodlarına vurduğu zərbələrin səmərəliliyini necə dəyərləndirirsiniz? Bu, yanacaq sektoruna və ümumiyyətlə, Rusiya iqtisadiyyatına nə dərəcədə təsir göstərir?
- Problem təkcə neft və qaz hasilatında deyil, dizel yanacağı da yoxdur. Rusiya ordusu üçün yanacaq çatışmır, ən başlıcası da elə budur. Həm də ki, Rusiya bu zavodlarda sürtkü yağları hazırlayır, bunlarsız isə gəmilər üzməz, tanklar hərəkət etməz. Yaxşı ki, Ukrayna bu cür zərbələri davam etdirir, baxmayraq ki, Qərbdəki bəzi “ağıllılar” Rusiyadan narahat olmağa başlayıblar.
Bizim üçün daha bir vacib obyekt Novorossiysk limanıdır. Rusiya üçün bu ağrılı mövzudur, çünki bu liman vasitəsilə nəinki neft, eyni zamanda taxıl və başqa məhsullar da ixrac edilir. Neft ixracının kəsilməsi Rusiya üçün böyük zərbədir, ona görə ki, onun büdcəsi məhz bu xammal resursu hesabına formalaşır. Bu, Rusiya Federasiyasına qarşı əsl sanksiya olardı.
O ki qaldı Neft Emalı Zavodlarına vuralan zərbələrin səmərəliliyinə, Rusiya benzinin xaricə satışına yarım illik müddətə qadağa qoyub və bununla da səpin və biçin üçün yanacaq saxlayır. Hələlik qadağa olduğuna görə, onlar çətinliklərin öhdəsindən gəlirlər, lakin biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Yəni, Rusiyanın Avropa hissəsindəki bütün Neft Emalı Zavodları məhv edilməlidir. Ən azından Rusyann Neft Emalı Zavodalrındakı zədələnmış avadanlıqları tezliklə əvəz etmək imkanı yoxdur.Bunu hətta dinc dövrdə etmək çətindir,hələ o ki qaldı indi. Zərbələr rektifikasiya sütünlarına vurulur, onlar isə təxminən 16 mərtəbəli ev hündürlüyündədir.
Belə bir sütünu dəyişmək üçün onu yenidən layihələndirmək və hazırlamaq lazımdır. Bu elə bir şeydir ki, onu hansısa mağazada satmırlar. Onun düzəldilməsi üçün mütəxəssislərə ehtiyac var və onlar bunu ölçməli, hesablama aparmalı, layihə işləri həyata keçirməli, bu nəhəng avadanlığı yerinə quraşdırmalıdırlar. Bütün bunların hamısı ən azından yarım il vaxt tələb edir.
Ukrayna Baş Kəşfiyyat İdarəsi və Ukrayna Təhlükəsizlik Xidməti arasında kimin dronunun Rusiyanın hərbi obyektlərinə və ya Neft Emalı Zavodlarına daha çox zərbə vura bilməsi ilə bağlı yarışı çox yaxşıdır. Mən hesab edirəm ki, artıq Novorossiysk tərəfə gələn neft kəmərlərinə keçməyin vaxtıdır, onlardan başlamaq lazımdır.
Beləliklə, biz Rusiyadakı iqtisadi vəziyyətə əhəmiyyətli təsir edə bilərik. Ukraynanın başqa çıxış yolu yoxdur, çünki o, simmetrik müharibədə uduzur, ona görə də asimmetrik mübarizə aparmaq lazımdır. Qərb mətbuatı vasitəsi ilə rusiyalıların haray-həşir qoparması bizim zərbələrin onlar üçün nə dərəcədə ağır olmasını göstərir. Tatarıstanın Yelabuqa şəhərinə dron uçuşu çox maraqlıdır, 1,3 min kilometr uzaqlıqdakı hədəfə zərbə vurulub.
Tatarıstan Rusiyanın donor regionlarından biridir: orada neft, hərbi sənaye və “Ağ qu quşu” adlandırılan strateji “Tu-160” bombardmançı təyyarələrinin buraxıldığı “Kazan Aviasiya Zavodu”var. Oradakı milli faktor da önəmlidir. Hələ üstəlik, əgər Tatarıstana müntəzəm zərbələr endirilərsə, işsizlik başlayacaq və insanlar, ilk növbədə isə milli elita özünə sual verəcək ki, bütün bunlar bizim nəyimizə lazımdır.
Ona görə də bizim PUA-ların uzağa uçması çox yaxşıdır. Nəticələri gözləyəcəyik. Amma nəticələr tezliklə özünü büruzə verməyəcək, çünki ardıcıllıqla hansısa vaxta kimi mühüm obyektlər sıradan çıxacaq.

- Biz Ukrayna dronlarının Rusiya Neft Emalı Zavodlarına vurduğu zərbələrin müəyyən mənada Qərb sanksiyalarından daha effektli olduğunu söyləyə bilərikmi? 
- Əlbəttə. Çünki Rusiya sanksiyalardan yan keçməyi öyrənib. Amma neft və qaz sektoru üçün lazım olan avadanlıqların idxal edilməsi faktiki mümkün deyil. Raket üçün detalları çemodanda gətirmək mümükündür və Rusiya bunu etməyi bacarır, ancaq rektifikasiya sütünunu bu cür gətirə bilməzsən. Çin də bu məsələdə kömək edə bilməz, çünki onların da belə texnologiyası yoxdur. Düşünürəm ki, bunların ardınca Baltikaya və Novorossisysk limanına aparan neft kəmərləri gələcək. Sonra növbədə Xantı-Mansiysk dairəsi var, ora Rusiya qaz hasilatının əsas mənbəyidir. Qaz kəmərləri ilə bağlı mütləq maraqlı şeylər baş verməlidir.
- Əgər Ukrayna Rusiyanın neft və qaz infrastrukturuna planlı surətdə zərbə vurmaqla onu məhv edərsə, bu, Rusiya iqtisadiyyatının iflasına səbəb olarmı? Bunlar Rusiyaya nə qədər ciddi problem yarada bilər ki, onlar müharibəni dayandırmağa məcbur olsunlar?
- Hələ ki, bu barədə danışmaq tezdir. Bunun üzərində sistemli işləmək lazımdır. Orada maraqlı vəziyyət meydana gələ bilər. Axı, Rusiya benzin qıtlığını kompensasiya etməyə çalışır. Onlar mini-zavadlar üzərində dayanacaqlar. Bu kiçik zavodlar keyfiyyətsiz benzin istehsal edirlər və maşınları “öldürürlər”. Bunlar əsasən Çeçenistanda və Şimalı Qafqazda istehsal olunur, ona görə də həmin mini zavodlara “çeçenki” deyirlər.
Bu, ona gətirib çıxara bilər ki, Kadırov və onun kimi digərləri sürətlə varlanacaqlar, mini-oliqraxlar peyda olacaq və özləri hər şeyi müstəqil həll etməyə başlayacaqlar. Bu, Rusiyanın ənənəvi təchizat yollarını pozacaq. Əgər Rusiyanın Avropa hissəsindəki bütün Neft Emalı Zavodları vurulsa, onda hər şey Sibirdən gətiriləcək. Sibirdən yanacaq daşınması isə bütün dəmir yollarının yüklənməsi deməkdir. Yüklənmiş dəmir yolları problemləri üst-üstə yığacaq və iqtisadiyyatın işləməsinə imkan verməyəcək. Beləliklə, bütün bunların hamısı Rusiyanı xaosa sürükləyir.
Ukrayna dronlarının Neft Emalı Zavodlarına vurduğu sistematik zərbələr xaosa və vətəndaş müharibəsinə gətirib çıxara bilər. Amma Rusiya müharibəni davam etdirmək üçün hər şeyi edəcək. Onların hələ resursları var. Məsələn, ölkədə kart sistemini tətbiq edərlər, benizini norma ilə verərlər və sairə. Yəni Rusiyanın hələ resursu və müharibə üçün pulu var. Ona görə də Ukrayna üçün kritik vacib məntəqə Novorossiysk limanıdır, ölməz Kaşşey oradadır. Rusiyanın bütün nəqliyyat infrastrukturu Avropaya tərəf yönəlib, Baltik dənizində və Qara dənizdəki limanlarda yaxşı təchizat mərkəzləri var, onlar həm də qışda donmurlar, xüsusən də Novorossiysk limanı. Həmin obyektlərə zərbələr Rusiya üçün çox təhlükəlidir, bu səbəbdən də onlar çox narahatdırlar.
- Bizim neft infrastrukturuna vurduğumuz zərbələr Rusiya ordusunun müharibə aparmaq imkanlarına təsir edirmi?
- Rusiya müharibəyə istənilən halda pul tapacaq, çünki bu, Rusiya hakimiyyətinin prioritetidir. Rusiya hakimiyyəti mülki sektorun və əhalinin istehlakını azalatmaqla müharibəyə davam edəcək. Bu cür templə Rusiya hələ iki il döyüşə bilər. Ancaq biz Baltikada və Novorossiyskdəki neftlə bağlı limanları elə vurmalıyıq ki, oraya heç bir tanker gələ bilməsin, onda vəziyyəti dəyişər. Ukrayna gözlənilməz gedişlər etməldir. Məsələn, Rusiyanın müttəfiqi olan Belarusdakı Mozır Neft Emalı Zavodunu yaddan çıxarmamalıyıq, bizdən oraya 80 kilometrdir. Mən hesab edirəm ki, Moldovadan soruşmadan Ukrayna ordusu Dnestryanına hücum edib Rusiyanın oradakı hərbi anbarlarını ələ keçirməli, bir həftədən sonra isə bu ərazini Moldovaya qaytarmalıdır. Dnesrtyanı ərazi Moldova dövlətinin qanuni torpağıdır və heç kim deyə bilməz ki, biz işğalçılıq edirik. Biz maksimal dərəcədə gözlənilməz hərəkətlər etməliyik ki, Rusiya hakimiyyəti içəridən silkələnsin və bu, klanlar arası savaşa yol açsın.
Mən bu gün Rusiyada bir neçə parçalanma xətti görürəm. Parçalanmanın birinci xətti müsəlman məsələsidir. Yadınıza salın ki, rusiyalılar “Krokus Siti Hol”dakı terror aktında şübhəli bilinən tacikin qulağının necə kəsilməsini, onlara işgəncə verdiklərini həyasızcasına göstərdilər. Mən düşünürəm ki, bu, müsəlman məsələsindəki parçalanmadır.
Parçalanmanın ikinci xətti Rusiayada artıq yetişir. Putin deyib ki, Rusiyada yeni elita meydana gəlib, bu “Xüsusi Hərbi Əməliyyat”ın veteranlarıdır. Bu, o deməkdir ki, onları hakimiyyət orqanlarında yerləşdirmək lazımdır. Elə bunun özü parçalanmaya səbəb olur.
Üçüncü xətt, əgər Putin sənayenin milliləşdirilməsinə başlasa, parçalanma meydana gələcək. Rusiya oliqarxlarının əksərinin özəl ordusu var.
Yəni, bizə Rusiyada vətəndaş müharibəsi olması lazımdır, çünki bu, onu daxildən dağıdacaq. Onda hətta bu qədər resurslara baxmayraq, Rusiya işğalçılıq müharibəsi apara bilməyəcək. Vaxtilə yoldaş Lenin demişdi: “imperialist müharibəni vətəndaş müharibəsinə çevirmək lazımdır”. Mən hesab edirəm ki,Ukrayna məhz bu xətt üzrə işləməlidir.
- Biz söhbət zamanı Ukrayna dronlarının Tatarıstanın Yelabuqa şəhərindəki “Şahed” dron zavoduna və Neft Emalı Zavoduna vurulan zərbələri barəsində danışdıq. Yəni, Ukraynanın min kilometr və daha uzağa uçan dronları var. Bu faktı nəzərə almaq şərti ilə Rusiyadakı neft emalının perespektiv vəziyyətini necə təsvir etmək olar?
- Tatarıstandakı zavodlar da sürtkü yağları, dizel və aviasya kerosini istehsal edir. Aviasiya kerosini yüksək texnoloji məhsuldur, onsuz təyyarələr uçmaz. İdeal variantda Rusiyanın Avropa hissəsində olan bütün Neft Emalı Zavodları zədələnməlidir. Onları tam dağıtmağa gərək yoxdur. Zavodun işləməməsi üçün bir neçə texnoloji qurğunun sıradan çıxarılması kifayətdir. Bizim qarşımzdakı tapşırıq məhz bundan ibarətdir.
Bizim üçün ən vacib məsələ neft emalının dayandırlmasından daha çox, neft ixracının kəsilməsidir. Beləliklə, bu, neft ixrac edə bilməməsi üçün Rusiyaya qoyilmuş əsl sanksiya olardı. Bu, qələbə üçün ciddi təminat və mühüm şərtdir.
V. Nəsibov
“AzPolitika.info”
Tarix: 8-04-2024, 22:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}