İsraillə müharibə davam etsə İran çökəcək – AÇIQLAMA


İran ordusu İraqla müharibədən bəri total müharibə görməyib. Ordu istər təcrübə, istərsə də strateji olaraq buna hazır deyil. İran ordusu müdafiə müharibəsində şərtsiz üstün ola bilər, lakin hücum xarakterli müharibələrdə elə də güclü deyil. Həmçinin İran iqtisadiyyatı nəinki İsrail, heç bir ölkə ilə uzun müddət müharibə aparmağa yetərli deyil. Uzunmüddətli müharibə İran iqtisadiyyatını çökdürə bilər.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev İranın İsrailə hücumunu dəyərləndirərkən deyib. Analitik qeyd edib ki, İranın İsrailə total müharibə elan etməsi Təl-Əvivin maraqlarına cavab verir. İsrail bundan istifadə edib, İranın nüvə obyektlərinə, habelə neft-qaz rezervlərinə hücumlar həyata keçirə bilər:
“Belə bir müharibə İsrailin İran əleyhinə arzuladığı beynəlxalq koalisiyanı formalaşdırmasına gətirib çıxaracaq. Bu isə İranın uzun illərdir çəkindiyi ssenaridir. İsrail uzun illərdir İrandakı etnik azlıqlarla işləyir. Yəni İranın İsraillə müharibə etməsi halında bəluclar, ərəblər, kürdlər, güneylilər ayağa qalxa bilər.
İran bunları yaxşı bildiyindən İsrail ilə uzunmüddətli müharibəyə girməyi gözə almaz. Bununla belə, rəsmi Tehran İsrailə hücum etməli idi. Belə ki, Tehran Dəməşqdəki insidentdən sonra artan ictimai və beynəlxalq təzyiqi yatırtmaq üçün təqdimatı böyük, icrası risksiz hücum təşkil etdi. Yəni bu, sadəcə, şou idi”.
Bunu bir neçə sadə məqamla izah etmək olar:
Birincisi, İranın BMT-dəki nümayəndəliyi bildirib ki, “BMT-nin özünümüdafiə nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirdiyi hərbi əməliyyat sionist rejimin Dəməşqdəki diplomatik binalarımıza hücumuna cavab idi”.
T.Rzayev bildirib ki, Ağ Ev məlum hücumla bağlı yaydığı məlumatda qeyd edib ki, İranın İsrailə hücumu, çox güman, bir neçə saat davam edəcək. Bu isə göstərir ki, İran hücumdan əvvəl ABŞ-la məsləhətləşib.
Tarix: 15-04-2024, 14:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}