Yalnız “qadınlardan” ibarət olan “troll fabriki”ni nazirliklə nəsə bağlayır? – Fotofaktlar

27 mart 2024-cü il tarixində Yeniavaz.com saytında “Region ölkələrində insanlar neçə il pensiya ala bilirlər? – Azərbaycan sonuncudur” sərlövhəli yazı dərc olunub.
 
Yazı eyni gündə saytın “Facebook” sosial şəbəkəsindəki eyniadlı hesabında da paylaşılıb.
 
Yazı sosial şəbəkə hesabında paylaşıldıqdan sonra rəy bölməsində eyni üslub və eyni dəsti-xətt ilə ondan çox rəy yazılıb. Rəy yazanlar pensiya ödənişi müddətinə görə Azərbaycanın regionda sonuncu sırada olmasına haqq qazandırmğa cəhd ediblər.

Paylaşıma rəy yazan istifadəçilərlə bağlı diqqət çəkən bir sıra məqamlar var:
- Rəy yazan istifadəçilərin hamısı qadın ad-soyadından istifadə edir.
- İstifadəçilərin heç birinin real profil fotosu mövcud deyil.

- İstifadəçilərin iş yerləri ilə bağlı qeydləri saxtadır. Məsələn, “Gunay Ibraqimova” adlı istifadəçi iş yeri olaraq “Yelo Bank”ı göstərib. Lakin, “Yelo Bank”dan Yeniavaz.com-a verilən məlumatda onların belə bir işçisinin olmadığı bildirilib.

- İstifadəçilərin hamısı yazdıqları rəylərdə oxşar orfoqrafiq səhvlərə yol verirlər.
- Sosial şəbəkə hesablarındakı paylaşımlarda oxşarlıqlar var. Adətən müxtəlif yeməklər, güllər, arxadan çəkilən qadın fotoları və s. paylaşırlar.
- Bu istifadəçilər sosial şəbəkələrdə ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə aid olan paylaşımlara rəy yazırlar. Həmin istifadəçilərdən istənilən birinin ad-soyadını “Facebook”un axtarış bölməsinə yazdıqda bu fakt ortaya çıxır.
- Bu istifadəçilərin əksəriyyəti ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsini bəyənirlər.

- Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilinin paylaşdığı bir məlumatı bu istifadəçilərdən bəziləri eyni anda paylaşıblar.

Məlumat üçün onu da bildirək ki, Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytında yayımlanan “Troll fabriki” necə işləyir?” adlı məqalədə kimlərin “troll” hesab oluna biləcəyi qeyd olunur. Həmin məqalədə “trolları” müəyyən edən bəzi əlamətlər göstərilib. Həmin əlamətlərin bəziləri bizim yuxarıda haqqında bəhs etdiyimiz istifadəçilərin əlamətləri ilə üst-üstə düşür.
Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytında yayımlanan həmin məqalədə, həmçinin qeyd olunur ki, “trollar”ın fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır: “Bu isə, cəmiyyət üçün olduqca təhlükəli haldır. Belə halların qarşısının alınması üçün sosial şəbəkələrdə sözügedən saxta “troll” hesabları haqqında saytlar və ya sosial şəbəkə rəhbərlərinə təcili qaydada məsələ ilə bağlı şikayətlə müraciət etmək məqsədəuyğundur”.
Tarix: 29-03-2024, 16:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}