“ARİF ALIŞANOV ÖLSƏ, ƏMLAKLARI KİMƏ QALACAQDI?” – AzTV sədrinin tutdurduğu iş adamının qızından şok açıqlamalar


Sabah Alışanova qəsd işi üzrə məhkəmə başlayır
“Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, fevralın 23-də cinayət işi üzrə məhkəmədə hazırlıq iclası keçiriləcək. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.


Təqsirləndirilən şəxs Şücayət Əkbərovun qızı Cəmilə Tağıyeva atası barədə irəli sürülən ittihamı qəbul etmir, onun saxta olduğunu, sübutların isə istintaq tərəfindən hazırlandığını deyir. Onun sözlərinə görə, Arif Alışanova qarşı “sui-qəsd planı” başdan-ayağa cəfəngiyyatdır, atası AzTV sədrinə qarşı hər hansı bir dələduzluq da etməyib.

Cəmilə Tağıyeva “AzPolitika.info”ya açıqlamasında bildirib: “Atam həbsə qədər Şamaxı rayonunda torpaq alqı-satqısı ilə məşğul olub. 7 il boyunca AzTV sədri Arif Alışanova Şamaxı rayonunda torpaq sahələrinin alınıb, sənədləşdirilməsinə yardım edib. Bunun üçün Alışanov da atama yaxşı komisyon haqqı ödəyib. Lakin AzTV sədri sonradan həmin pulları müxtəlif yollarla atamdan geri almaq qərarına gəlib. O, saxta sübutlar tərtib etdirərək atamın həbsinə nail olub. İddiasına görə, atam onun 4,6 milyon dollarını mənimsəmək məqsədilə guya sui-qəsd hazırlayıb. Məsələ burasındadır ki, Arif Alışanova sui-qəsd təşkil etmək üçün atamın heç bir səbəbi olmayıb. Əvvəla, onun milyonlarla dəyəri olan əmlakları atamın adına deyil. Alışanov son bir neçə ildə Şamaxı rayonunda 185 hektardan çox torpaq sahəsi əldə edib və bu daşınmaz əmlakları qızları Nigar Alışanova, Aynur Aşurbəyova, bacısı qızı Nilufər Cəfərova, qızının sürücüsü Hacı Babayev və qohumu, AzTV-nin əməkdaşı Camal Nəbiyevin adına rəsmiləşdirib. Bu əmlakların alqı-satqı müqavilələri məndə var. İstintaq da Alışanovun bazar dəyəri 5 milyon manat məbləğində torpaq aldığını təsdiqləyir”.





Cəmilə xanım deyir ki, belə olduqda Alışanovun əmlaklarını ələ keçirmək məqsədilə atasının ona sui-qəsd hazırlama ittihamı absurddur: “Alışanovun ölümü ilə onun heç bir əmlakı atamın adına keçə bilməzdi, Şücayət Əkbərovun adında AzTV sədrinin bir dənə də olsun əmlakı yoxdur. Yəni, atam onun varisi deyil. Aldığı əmlakları o, dərhal qızları, bacısı qızı, sürücüsü və digər qohumlarının mülkiyyətinə keçirib, öldüyü təqdirdə mirası da onlara qalacaq. Belə olan halda iddia edilən sui-qəsd üçün əsas yoxdur”.

Amma Cəmilə deyir ki, atasını həbs etdirmək üçün Alışanovun səbəbi olub. C.Tağıyeva: “AzTV sədrinin məqsədi atama olan 860 min manat borcunu qaytarmamaq, 1,3 milyon manat dəyərində aldığı torpaq sahəsinin verilməmiş qalan 1,2 milyon manatını ödəməmək, həmçinin ona və yaxınlarına məxsus 2 milyon manatlıq əmlaklarını əvəzi ödənilmədən ələ keçirməkdi ki, buna da nail olub. Həqiqətən də, atamın həbsindən on gün sonra Arif müəllim bizə məxsus 2 milyon manat dəyərində daşınar və daşınmaz əmlakları zorakılıqla əlimizdən alaraq, əvəzi ödənilmədən ailə üzvləri və yaxınlarının mükiyyətlərinə keçirib. Bunu bağlanan alqı-satqı müqavilələri təsdiqləyir. Polis idarəsində saxlandığı vaxt notarius oraya gətirilib, əmlakını satdığına dair atamdan etibarnamə alınıb. Biz də məcburi şəkildə notariusa götürüldük, bütün əmlaklarımız Alışanovun qızları və bacısı qızının adına keçirildi”.

Sözlərinin doğruluğunu təsdiqləmək üçün bu faktı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən dəqiqləşdirməyin mümkün olduğunu deyən C.Tağıyeva bildirir ki, atasının həbsindən sonra bütün əmlaklarının dövlətdə rəsmi mövqe tutan bir adamın ailəsinə hansı yolla keçdiyini istintaq orqanları araşdırmalıdır.

C.Tağıyeva: “Baxmayaraq ki, anamla atamın nikahı bu hadisədən 3 il əvvəl pozulmuşdu, Alışanov sahibkarlıq fəaliyyəti ilə məşğul olan anam Səlimə Sadıqovanın da bütün əmlaklarına “əl qoyub”. Belə ki, anamın “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürdüyü, dəyəri 100 min manatdan artıq 12 adda kənd təsərrüfatı avadanlıqlarını yağmalayaraq, özünün başqa rayonlardakı təsərrüfatlarında istifadə etdirir. Fermer təsərrüfatımızda olan 246 baş iri və xırda buynuzlu heyvan, 400-dən çox ev quşu, anbardakı tonlarla taxıl da sənədləşmə aparılmadan talan edilib. Alışanovun sayəsində sahibkarlıq edən anamın işi indi iflic vəziyyətdədir.

Respublika Prokurorluğu cənab Alışanovu himayə edir, qanunsuz əməllərinə görə ona cinayət işi açmır, baxmayaraq ki, biz dəfələrlə ərizə yazıb şikayət etmişik. Şamaxı rayon Prokurorluğu da AzTV sədrinin barəsində şikayəti məhkəmə qərarı əsasında Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə göndərib. Bundan üç aya yaxın vaxt keçsə də, adıçəkiklən dövlət strukturu bizə məlum olmayan hansısa səbəblərdən tədbir görmür.

Cənab Alışanovun aylıq məvacibi sədr kimi 1 800 manatdır. Bəlli məvacibli bir dövlət məmurunun son 4-5 ildə 5 milyon minimum dəyəri olan əmlakı ailəsinə almasının hansı əsaslandırması ola bilər? Arif müəllimin bu pulları illərlə halal məvacibindən qəpik-qəpik yığdığını deməyə cəsarəti çatarmı? Jurnalist araşdırmalarına görə, dövlət saytında yer alan bilgilərdən məlum olub ki, AzTV təkcə dörd ildə 4 247 578 manat dövlət vəsaitini xaricdəki offşor şirkətlərə ötürüb. Şübhəli satınalmaları həyata keçirdiyi vaxtla qızları və sürücüsünün adına bahalı əmlakları aldığı zaman üst-üstə düşür”.

“ARİF ALIŞANOV ÖLSƏ, ƏMLAKLARI KİMƏ QALACAQDI?” – AzTV sədrinin tutdurduğu iş adamının qızından şok açıqlamalar

C.Tağıyeva deyir ki, atasının səhhətində ciddi problemlər var, hazırda həyatı təhlükə qarşısındadır: “Atam iki dəfə ürək əməliyyatı keçirib. Bu vəziyyətdə heç bir səbəb olmadan ağır cinayətdə ittiham olunur. Alışanov istintaq orqanlarındakı dayaqlarını işə salaraq bu zülmü dayandırmır. Keçmiş iş yoldaşı və dostu, Respublika Prokurorluğunun mühüm işlər üzrə böyük müstəntiqi Kamal Talıbovun əli ilə atama qarşı əsassız, qərəzli, sifarişli və tamamilə qurma cinayət işi açılmasına nail olub. İttihamın saxta olduğunu sübut edən və ən ziddiyyətli məqamlardan biri də odur ki, guya cinayətdə istifadəsi planlaşdırılan silahı alan şəxs azadlıqdadır. AzTV sədri ilə yaxın münasibətləri olan müstəntiq Talıbov istintaqı birtərəfli və qərəzli aparıb, atamın əleyhinə həqiqətə uyğun olmayan ifadələr alıb, prosesin gedişindən şikayət etməməsi üçün ona hədə-qorxu gəlib. Əks-təqdirdə atamı tibbi yardımsız qoyacağı ilə hədələyib”.

İstintaqın gedişində sərgilənən birtərəfli mövqedən narahatlığını ifadə edən C.Tağıyeva məhkəmənin ədalətli qərar çıxaracağına ümid bəsləməkdən başqa çarələri qalmadığını deyir. O, eyni zamanda vəzifələrinin verdiyi cəsarətdən dolayı özbaşınalıq edən oliqarx-məmurlara qarşı daim sərt mövqe tutan Prezident İlham Əliyevdən bu prosesi nəzarətdə saxlamağı rica edib.

V.Nəsibov
Tarix: 23-02-2018, 08:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}