Qaçaq səfirin oğlunun yaxtasındakı SİRLİ ÖLÜM- Hadisənin 5 ili tamamlandı -FOTOLAR


 
Ukraynadan qaçan səfir Elmira Axundovanın oğlu Həbib Axundovun yaxtasında baş verən mübhəm ölümdən 5 il ötür. 2017-ci il, iyunun 24-də Həbib Axundova məxsus, özünün idarə etdiyi “Yamaha 242 Limited S” tipli, K-45 adlı ABB 1278 bort nömrəli yaxta Bilgəhdə açıq dənizə çıxıb. O zaman yaxtada “Miss Lafarella” yarışmasının qalibi Günel Rəşid qızı Mirzəyeva da olub. Yaxta dənizin dərinliklərinə doğru irəliləyib və Günel Mirzəyeva müəmmalı şəkildə suya düşüb.

Bu məsələ ictimailəşəndən sonra, dalğıcların Günel Mirzəyevanın meyitini axtardıqları bir vaxtda Elmira Axundova ortaya çıxdı və “mənim oğlum orada olmayıb, olsaydı, gənc qızı xilas edərdi” şəkilində açıqlama verdi.
Amma məlum oldu ki, Elmira Axundova həqiqəti demir, oğlunun hadisə yerində olmasını ciddi-cəhdlə gizlətməyə çalışır. Sonradan üzə çıxanlar Elmira Axundovanın bu sayaq əndişələnməsinin səbəbini üzə çıxardı. Məlum oldu ki, olaydan ilyarım əvvəl ərindən boşanmış Günel Mirzəyeva ilə Həbib Axundovun gizli-aşkar əlaqələri olub. Hətta ölümündən əvvəl Günel Mirzəyeva hamilə olmasını ətrafında olanlardan gizlətmirmiş. Belə bir halda o, müəmmalı şəkildə yaxtadan dənizə düşüb və sulara qərq olmuşdu.

Əgər olayda hər hansı bir kriminal iz yox idisə, niyə Elmira Axundova bu şəkildə ürkək açıqlama verib oğlunu təmizə çıxarmağa çalışırdı? Elə oğlunun özü də hadisədən sonra yaxtada olmasını ciddi-cəhdlə inkar edirdi.
Elmira Axundova, oğlu Həbib Axundovun israrla gizlətmək istədikləri nə idi?
Bu sualların cavabını Günel Mirzəyevanın ölümdən sonra Həbib Axundovun hərəkətliliyini izləməklə vermək olar.
Günel Mirzəyevanın cansız bədənini dalğıclar 3 gündən sonra aşkarladılar. Həmin günlərdə Elmira Axundovanın sürücüsü, Həbib Axundovun özü Bilgəhdə dəniz sahilində keşik çəkirdilər. Məqsədləri aşkarlanacaq meyitin jurnalistlər tərəfindən fotolarının çəkilməsinin qarşısını almaq idi.
Günel Mirzəyevanın cəsədi sudan çıxarılandan sonra tezbazar torpağa tapşırıldı. Aydın oldu ki, Həbib Axundov qəbirqazanlarla hesablaşmamış Günel Mirzəyevanın son dayanacağı olan yaxtasına müştəri axtarmağa başlayıb. Və cəmi 20 gün sonra yaxta Həbib Axundovun adından çıxarılaraq digər şəxsin adına keçirildi!
Həbib Axundovun bu işdə heç bir günahı yox idisə, bu tələskənliyə nə ehtiyac vardı?
Bəs bu həngamə, bu qədər yalan nəyə lazım idi?
Günel Mirzəyeva dənizdə batandan (batırılandan) sonra Həbib Axundov niyə yaxasını kənara çəkib deyirdi, orada olmamışam?  O zaman mətbuat bu məsələnin üstünə getdi və Həbib Axundovun da, Elmira Axundovanın da mövqeyi dəyişdi.
Elmira Axundova bu dəfə oğlunun olay zamanı dəniz sahilində olduğunu açıqladı. Dedi ki, oğlum Həbib orada olub, amma sahildə dayanıb və Günel Mirzəyevanın sahildən 300 metr aralıda batmasını görüb, kömək edə bilməyib.

Fövqəladə Hallar Nazirliyinin bu hadisə ilə bağlı mətbuata verdiyi cavabdan isə bilinir ki, Həbib Axundov Günel Mirzəyeva dənizin dibinə gedəndə yaxtada olub. Yaxta isə dənizin 300 metr içərisində, dərinliyin 30 metrə qədər çatdığı ərazidə olub. Bu sirli cinayət işinin istintaqı ərazi aidiyyəti üzrə Sabunçu Rayon Prokurorluğuna həvalə olundu. Fakt üzrə Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlandı. Həmin günlərdə Sabunçu prokuroru olan Ceyhun Şirinov ölüm işinin tezbazar bağlanması üçün əlindən gələni edirdi. Bu tələskənlikdə cinayət işində elə biabırçı səhvlər buraxılmışdı ki, sonradan oxuyanlar belə başa düşürdülər ki, iş materiallarını hansısa bir məktəbli yazıb. Təsəvvür eləyin, Günel Mirzəyeva Həbib Axundovun yaxtasında dənizin 300 metr dərinliyinə aparılıb. Orada hansısa şəkildə yaxtadan suyun içinə düşüb və ya atılıb. Sabunçu prokurorunun möhürünü basdığı qərarda isə yazılır ki, Günel Mirzəyeva dənizdə çiməndə batıb!
Dənizin 300 metr içərisinə doğru çimirlər, yoxa üzürlər? Dəniz hamam vannasıdır? Günel Mirzəyevanın dənizdə üzməkdən qorxmasının videosübutu da var. Üstəlik, müəmmalı ölümündən sonra sosial şəbəkələrdə onu tanıyanların şərhlərində bu haqda çoxsaylı fikirlər yer alır.
Sabunçu prokurorunun təsdiq etdiyi xitam qərarında isə Günel Mirzəyevanın dənizdə çimərkən boğulub öldüyü iddia olunur və cinayət işinin bu məqama istinadən sonrakı araşdırması dayandırılır.  Görəsən, Sabunçu prokuroru üzgüçü Həbib Axundovdan soruşubmu ki, Günel Mirzəyevanı niyə xilas etməyib? Ümumiyyətlə, Həbib Axundov Günel Mirzəyevanı xilas etmək istəyibmi? Belə bir niyyəti olubmu? Buna çalışıbmı?
Bundan başqa, FHN-dən verilən açıqlamada digər diqqətçəkən məqam da var:
- Yaxta dövlət qeydiyyatına alınan zaman ona keçirilmiş texniki baxış nəticəsində “istismara yararlı” qiyməti verilmişdir. Sözügedən yaxtanın 8 nəfər sərnişin götürmə qabiliyyəti var, 8 sayda xilasedici jilet və 1 sayda dairə ilə təchiz olunub.
Sabunçu prokurorluğunda bu məqama da nədənsə diqqət yetirilməyib. Əgər yaxtada 8 ədəd xilasedici jilet olubsa, Günel Mirzəyevanın əynində həmin jiletlərdən biri niyə olmayıb? Onun əynində jilet olmayıbsa, buna görə yaxta sahibi Həbib Axundov məsuliyyət daşımır?
Bu qədər suallar ortada ikən, Günel Mirzəyevanın ölümündə kriminal izlər qırmızı xətlə seçildiyi bir vaxtda Sabunçu prokurorluğu işə xitam verib. Halbuki bu sualların cavabı mütləq ortaya qoyulmalıdır.
5 il ötməsinə baxmayaraq bu cinayət qoxuyan işə aydınlıq gətirilməlidir.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
Tarix: 24-06-2022, 15:37




Xəbər lenti

{sape_links}{sape_article}