Hakimiyyət içindən dəyişir: YAP-da yoxlamalardan sonra erkən seçkiyə gedilir...


 
 
 
Fransada Şarl de Qol müharibədə zəfər çalsa da, savaşdan sonra keçiriln seçkilərdə məğlub oldu. Bu, dünya tarixində misli görünməmiş hadisəydi. 
Azərbaycan da 44 günlük müharibədən qalib ayrılıb, lakin bizdə de Qolun aqibəti gözlənməsə də, hakim partiyada köklü dəyişikliklərin ardınca seçkilərə gedilməsi qaçılmazdır. 
Postmüharibə dövrünün şərtlərindən başlıcası seçkilərə gedilməsi, ictimai rəyin öyrənilməsi, hakimiyyətdaxilində olan-qalan tör-töküntüləri təmizlənməsidir. 
Siam.az bu mənada növbədənkənar parlament seçkilərinin YAP-da köklü dəyişikliklərdən sonra baş tutacağını istisna etmir. Hakimiyyət həm iqtidar partiyasının vitrinindən narazıdır, həm hazırkı Milli Məclisin tərkibindən...
2020-ci ilin fevralında keçirilən erkən seçkilərdən sonra təşəkkül tapan parlamentin siyahısı hakimiyyətin ürəyincə olmadı. 
Bu dəfə 80 köhnə deputat mandat qazandı, yenilər isə ictimai rəydə özlərini təsdiqləyə bilmədilər. O baxımdan hakimiyyət sürətli keçidlərlə içindən dəyişməyə, təmizlənməyə üstünlük verir. 
Müharibədən sonra yaranmış yeni reallıqlar da diktə edir ki, hökumətin kabineti də, icra strukturları da, o cümlədən hakim partiya və parlament növbəti dəfə refreş olunsun. 
Çünki iqtidar övladını atasından gizlədən deputat Ramil Həsənlərdən, öz işini yerinə yetirə bilməyən Könül Nurullayevalardan, Nigar Arpadarailərdən və digərlərindən ümidini üzüb.
YAP-da maliyyə təftişi başlanması da bu prosesin təməlinin qoyulmasıdır. Hakim partiya təmizlənməsə, onun parlamentə namizədləri dəyişməsə, Milli Məclisi yenə də istədikləri kimi formalaşdıra bilməyəcəklər. Çünki partiyanın maliyyə-təsərrüfat işlərinə uzun illər “köhnə qvardiya”-nın aparıcı üzvləri rəhbərlik edib. 
Həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub.
Maraqlıdır ki, ilk dəfə olaraq hakim partiyanın maliyyə vəziyyətinin yoxlanması kənar auditə - Hesablama Palatasına həvalə olunub.
Görünür ki, bu təftişin sonunda ciddi cəzalandırmalar olacaq, kimlərinsə başı gedəcək. Eyni zamanda yeni proses başladılacaq.
Sadəcə, seçkilərin keçirilməsi pandemiyadan sonraya nəzərdə tutulur. Hakimiyyət qeyri-müəyyən şəraitdə, Ermənistanda seçkilərdən sonra yaranmış qarışıq vəziyyətdə, regionda gedən mürəkkəb proseslər fonunda tələm-tələsik seçki keçirməyə can atmaz.
Düzdür, pandemiya şəraitində YAP qurultay keçirdi, seçki niyə də olmasın?! Amma hər şeydən əvvəl regionda bəzi məsələlər yoluna qoyulmalı, habelə, partiyada təmizlənmə işləri başa çatmalıdır. 
Hakim partiyanın daxilində gedən proseslərdən biri isə məmurların və deputatların YAP-da tutduqları vəzifələrdən uzaqlaşdırılmasıdır. 
Qurultaydan sonra yerli təşkilatların sədrləri və mərkəzi aparatda vəzifə tutan deputatlar seçim qarşısında qoyulub. Onlara ya mandat, ya da təşkilatdakı vəzifələrindən birini seçmək tələb olunub. 
Nəticədə, YAP Mərkəzi Aparatının Analitik İnformasiya və Təhlil şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə, Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı, partiyanın Beynəlxalq Əlaqələr şöbəsinin sədri, deputat Sevinc Fətəliyeva tutduqları vəzifələrlə vidalaşıblar. 
Bundan başqa YAP Nəsimi təşkilatının sədr müavini, “Azərbaycan Dəmiryolları” QSC-nin rəhbəri Cavid Qurbanov da partiyadakı vəzifəsindən ayrılıb. Bütün bunlar adıçəkilən şəxslərin növbəti parlamentdə olmayacağına bir işarə kimi də qəbul oluna bilər. 
Artıq insanlar A.Mirzəzadə, S.Novruzov, Ə.Əhmədov, M.İbrahimqızı, həmçinin Elman Məmmədov, Ülvi Quliyev, Rüfət Quliyev, Cavanşir Feyziyev, Elman Nəsirov kimi deputatların simalarını görməkdən yorulublar. Hakimiyyət özü də monoton, boz siyasətdən imtina etmək istəyir. 
Bu, ona xalqın gözündə heç bir xal qazandırmır. Əgər həmin deputatların çıxışları əhalinin əsəblərinə toxunursa, insanların hökumətə nifrət etməsinə səbəb olursa, bu zərərli strategiyadan əl çəkmək zamanıdır. Niyə həmin deputatların uğursuz çıxışları, şablon inkişaf nağıllarına görə xalq iqtidarı söyməlidir? 
Artıq sosial medi platformalarının gücünü, təsir imkanlarını, müasir dövrün trendlərini, çağırışlarını qiymətləndirmək lazımdır. Hakimiyyət YAP-ın “qocalar evi” və bəy tərifi vuran deputatları ilə ictimai rəydə mövqeyini gücləndirə bilməz. 
Əlbəttə, müharibədəki qələbə hakimiyyətin əlini kifayət qədər gücləndirib, amma ölkənin problemləri həll olunmayıb, islahatlar real şəkildə aparılmır, siyasi-iqtisadi reformalar kosmetik xarakterlidir, parlament heç bir halda xalqın etimadını, inamını qazana bilmir.
Ona görə Milli Məclis seçicinin nüfuzunu qazanan, reallıqları aşkar şəkildə deməkdən çəkinməyən siyaətçilərdən formalaşmalıdır. 
Siam.az
Tarix: 14-07-2021, 10:51




Xəbər lenti