Hökumət qaldığı yerdən davam edir: 44 günlük pauza götürülmüşdü - bayramın ilk “sürprizi”....



 
 
 
Müharibədəki qələbənin eyforiyası getdikcə buxarlanır. Zəfərlə qarın dolmur çünki. Xalq dövlətə və ordusuna 44 günlük tarixi salnaməyə görə minnətdardır, lakin getdikcə ağırlaşan sosial həyat qalibiyyəti millətin burnundan gətirir. Hərb meydanında qalib gəldikdən sonra ölkənin daxili siyasətinin dəyişəcəyinə inananlar var idi. 
Elə bilirdilər ki, hökumət daha əvvəlki olmayacaq, öz xarakterini dəyişəcək, müzəffər ordusu olan xalqın müzəffər də güzəranı olacaq. Fəqət hökumət cəmi 1 il içində 2020, 27 sentyabrdan qabağa qaytardı: işıq, qaz, su pulunu artırmaqla, bütün dövlət rüsumlarının qiymətini qaldırmaqla, marketlərdə aşkar-gizli gedən sürətli bahalaşmayla, qazilərin haqqının pozulmasıyla, pensiyaların kəsilməsiylə, gömrükdə monopoliyanın saxlanmasıyla, daha nələrlə, nələrlə...
Yəni heç nə dəyişməmişdi, indi də qaldığımız yerdən davam edirik, sadəcə, 44 günlük pauza götürülmüşdü, sonra yenidən yola davam... 
Ona görə də 2022-ci ilin ilk siftəsinin un və çörəyin qiymətində artım olması təəccüblü deyil. Əhali bələddir ki, hər ilin başlanğıcında ona sürpriz edilir. Ardınca maaş və pensiya artımının gətirəcəyi növbəti bahalaşma dalğası qaçılmazdır.
Onsuz da indidən vitrinlərdə qiymətlər yuxarıya doğru yenilənir, hələ maaş-pensiya artımla alınmamış bahalaşma getməkdədir. Ancaq hökumət qurumları bu selin qabağında lal-kar dayanıblar.
Hanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Xidməti? Hanı süni qiymət artımına nəzarət edənlər? Hətta un istehsalçıları çörəyin bahalaşması üçün etdikləri müraciətdə adlarını gizli saxlayırlar. Nə üçün ictimaiyyətə onların kimliyi açıqlanmır, bəlkə dövlət sirrdir? Bu da azmış kimi yenə əhalinin əsəblərini tarıma çəkəcək bir deputat tapıb köntöy-köntöy danışdırırlar. 
Bu dəfə Eldar Quliyev adlı təhsildə kooperativ biznes qurmuş deputat “şir ürəyi yeyib”, sinəsini qabağa verərək şəstlə xalqa ağıl dərsi keçir, az çörək yeməyi məsləhət görür. Ondan qabaq keçmiş həmkarı, əlinə və dilinə nəzarət edə bilməyən Hüseynbala Mirələmov devalvasiya dövründə xalqa az yeməyi məsləhət görmüşdü, axırı bəlli oldu, indi Quliyev insanları ələ salır.
Millətin vəkili olmaqdansa, millətin əleyhinə danışan belə deputatları sanki məqsədli şəkildə media önünə çıxarırlar ki, qoy söyüş yiyəsi olsunlar, hökumət qəzəbdən yayınsın. 
Bütövlükdə hakimiyyət yığdığı reytinqi, müharibədəki qələbə hesabına əldə olunan xalları nəinki xərcləməkdə, tükətməkdədir. Bu yanlış siyasətin qarşısını almaq üçün heç bir strategiya yoxdur. Axı torpaqları azad etməklə mədə illərlə dolmur?!
Yaxşı, hökumətin təbirincə desək, çörəyin qiymətində artım dünyada ərzaq buğdasının bahalaşmasına görədir. Azərbaycan da 99 faiz buğdanı Rusiyadan alır. Amma idxalda yalnız bir ölkədən asılı olmaq nə dərəcədə doğrudur? Rusiya ilə yanaşı Qazaxıstan və Ukraynadan nə üçün buğda alınmır? 
Hətta deyək ki, alternativlərə baş vurulmur, yeganə bazar Rusiyadır, o zaman şmal qonşu ilə digər sahələrdə edilən əməkdaşlıq, ticarətlə bunu kompensasiya etmək mümkün deyilmi? 
Ümumiyyətlə, hökumət heç zaman sosial vəziyyətin əleyhinə olan prosesləri qabaqlamaq üçün addım atmır. Nə manatın çöküşündə, nə kommunal xərclərdə, nə yanacağın qiymətinin artımında bu zərərləri önləyəcək başqa sosial proqramlar həyata keçirilmir. 
Çünki iqtisadiyyat bərbad və yarıtmaz şəkildə idarə olunur, idarəetmə talançı məmurların əlindədir, inhisarçılıqla birbaşa dövlətin vəzifəli şəxsləri məşğul olur və kim kiminlə mübarizə aparsın?
Xalqa bir ovuc rəiyyət, nökər kimi yanaşan, ona büdcədən ayırdığı qəpik-quruşla sürünməyi tövsiyə edən, övladlarına isə xaricdə şirkətlər, otellər açanlardan ədalət gözləmək olmaz.
Və onun xalqdan gen gəzən Eldar Quliyev kimi deputatlarından da vicdanlı çıxışa ümid etməyin. Çünki xalqa az çörək yeməyi “məsləhət” bilən deputat yaxşı bilir ki, əhali kasıb olduğu üçün yavan çörəyə güc verir. Deputat bilməlidir ki, kasıblar varlılardan daha çox çörək istifadə edir. 
Çünki varlılar süfrəsini hər cür naz-nemətlə doldura bildiyi halda, yazıq kasıb həmişə qarnını çörəklə doydurur. Ancaq anti-milli deputatlar, anti-milli hökumət qurumları və məmurlar bu xalqın içində olmadıqları üçün onun dərdlərini də anlamazlar. 
Necə ki heç bir məmur uşağı cəbhədə döyüşmədi, heç bir vəzifəlinin balası şəhid və ya qazi olmadı, eləcə də onlar əhalinin düşdüyü sosial vəziyyəti dərk etməzlər, toxuna acdan nə xəbəri...
İqtisadçıların fikirlərinə gəlincə, faktlardan xalqın yanındadır: problem tək dünyada qiymət artımı deyil, əsas problem özümüzü ərzaq buğdası ilə təmin edə bilməməyimizdədir. 
Hökumət hər zaman çörəyin qiymətini stabil saxlamaq üçün dotasiya verirdi və yenə də bu addımı atmalıdır. Nəzərə almaq lazımdır ki, unun qiymətinin artımı təkcə çörəyin qiymətinə deyil, digər un məmulatlarına da təsir göstərir. 
Yəni dotasiya verərək, unun qiymətini stabil saxlamaq mümkündür. Biz bilməliyik ki, çörək liberal biznesdir, kim istəsə sata bilər. Lakin hökumət zavod çörəklərinə nəzarət edir. Bu bizneslə məşğul olan şəxslər hazırda qırmızı xəttin üzərində dayanıblar. Çünki onlara təzyiq var. Baxmayaraq ki, bu təzyiq qeyri-qanunidir. Hökumət zavod çörəyinə təzyiqi azaltmalıdır. 
Bəs, ərzaq təhlükəsizliyi proqramı harada qaldı? Hətta qədim insanın belə becərə bildiyi buğdanı 30 ildir ki, müstəqil olan Azərbaycan nəyə görə yetişdirə bilmir? Nəyə görə Azərbaycan istehlak etdiyi ərzaq buğdasının 70 faizinə qədərini xaricdən almalıdır? Budurmu kənd təsərrüfatı naziri İnam Kərimovun “islahatı”? Bəli, top indi hökumətdədir. Əgər Qarabağda zəfərin dadını ağzımızda saxlamaq istəyirlərsə, xalqın güzəranını yaxşılaşdırmaqdan savayı heç bir sosial-siyasi yol qalmır...
 
Anaxeber.info
Tarix: 5-01-2022, 11:06




Xəbər lenti

{sape_links}{sape_article}