Andropova kütbeyin, Beriyaya əclaf deyən komsomol – “NKVD”-nin tələsinə düşən 35 yaşlı Kosarevə güllələnmə hökmü oxunub


 
1938-ci ilin iyun ayında Yaroslavl vilayət Komsomol Komitəsində şöbə müdiri işləyən Yuri Andropovun (sonralar DTK sədri və baş katib) komitəyə birinci katib seçilməsi haqqında təşəbbüs irəli sürüləndə, ölkə komsomolunun rəhbəri Aleksandr Kosarev bu məsələni yerində müzakirə etməyi məqsədəuyğun sayıb və avqust ayında Yaroslavlda müşavirə keçirib.

Müşavirənin gedişi sakitliklə ötüşsə də, sonda gərginlik yaranıb. Kosarev Andropovun şəxsi işini səhifələyərək fikirlərini bildirib:

“Belə aydın oldu ki, növbəti plenumda sizin vilayət komsomol komitəsinə birinci katib seçilməyiniz gündəliyə salınmalıdır. Mən isə belə düşünürəm ki, vilayət komsomolçuları bu işdə tələskənliyə yol verirlər, yaxud da onları buna məcbur edirlər. Sizin şöbə müdiri kimi fəaliyyətinizlə yaxından tanış olmuşam. Qeyd edim ki, quru arayışlardan, kağız üzərindəki rəqəmlərdən başqa orada əməli bir işlə rastlaşmadım. Gənclərlə işləmək təkcə onların yaxalarına komsomol ulduzu taxmaqla bitmir. Partiyanın qarşımıza qoyduğu əsas vəzifələrdən biri gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi və onların hərbi xidmətə cəlb edilməsidir. Bəs sizdə vəziyyət necədir? Siz sağlam və fiziki cəhətdən güclü olan gəncləri kəndlərə, kolxozlara göndərirsiniz və dərhal da Moskvaya arayış göndərərək qeyd edirsiniz ki, gənclərimiz kənd təsərrüfatı sahəsində ölkəyə böyük töhfələr verirlər. Hətta bir sıra gənclərə ucqar kəndlərdə “əvəzolunmaz” kadr kimi hərbi xidmətdən möhlət hüququ da verirsiniz. Bilirsiniz bu nəyin nəticəsidir? Bu, sizin kütbeyinliyinizin nəticəsidir. İkinci səbəb isə odur ki, sizin hərbi xidmət haqqında anlayışınız yoxdur, çünki sizin də xəstəliklə bağlı hərbi xidmətdən möhlət hüququnuz var. Buna görə də sizin nəinki komsomol komitəsinin birinci katibi vəzifəsinə, heç şöbə müdirliyinə də haqqınız yoxdur...”

Beləliklə, bu çıxışdan sonra Andropovun vilayət komsomol komitəsinə birinci katib seçilmək məsələsi qapadılıb.
Ümumiyyətlə, Kosarev bütün məsələlərdə, xüsusilə də kadrların seçilməsində həmişə prinsipiallıq nümayiş etdirib və bu prinsipiallıq sonda özünün karyerasına son qoyub.
Nikolay Yejovun “NKVD”-yə rəhbər gətirilməsindən sonra ümumittifaq komsomolunun birinci katibi Kosarevin bu qurumla problemləri başlayıb. Hər dəfə Yejov müttəfiq respublikalarda, vilayət və şəhərlərdə komsomol rəhbərlərini repressiya siyahılarına salanda Kremldə növbəti qalmaqallar başlanıb. Kosarev Yejovla mübahisə etməyi mənasız sayıb və o, problemlə bağlı birbaşa Stalinə müraciət edib. Amma bu müraciətlər də Kosarevin kadrlarını xilas edə bilməyib.
Lavrenti Beriya “NKVD”-yə müavin təyin olunanda Kosarev elə düşünüb ki, “NKVD”-nin komsomola müdaxiləsi səngiyəcək. Amma hər şey əksinə baş verib. Beriya-Kosarev münasibətləri o dərəcədə gərgin həddə çatıb ki, tərəflər bir-birilərini təhqir etməkdən belə çəkinməyiblər. Hətta Kosarev Stalinin də iştirak etdiyi Mərkəzi Komitənin geniş tərkibli iclasında “NKVD”ni sərt tənqid edib.
Sözsüz ki, Beriya komsomolun tənqidini cavabsız buraxmayıb. Ancaq o, Yejovdan fərqli olaraq öz işini “peşəkarlıqla” görüb. Bu işdə Beriya yaxın münasibətdə olduğu ümumittifaq komsomolunun təbliğat və təşviqat şöbəsinin müdiri Olqa Mişkovadan istifadə edib.
Mişkova Cuvaş Muxtar Respublikasında ezamiyyətdə olarkən Beriya ona məxfi tapşırıq verib: “Muxtar respublikada antisovet ab-hava hökm sürür, milli zəmində gənclərin mövqeyi partiya ideologiyasına ziddir. Bunları lazımi dərəcədə araşdırın və birbaşa mənə yazılı arayış təqdim edin...”
Beriyanın tapşırığını əsas götürərək Mişkova öz rəhbərini – Kosarevi məlumatlandırmadan  muxtar respublikada növbədənkənar plenum keçirərək komsomol rəhbərliyini bütün heyətlə dəyişdirməyə nail olub. “Aranı qarışdıranlar”ın siyahısını isə Beriyaya göndərib.
Bu hadisə Moskvada böyük səs-küyə səbəb olub. Kosarev işdən çıxarılan komsomol rəhbərlərini yenidən vəzifələrinə bərpa etməyə cəhd edib. Bütün bunlar muxtar respublikada qarşıdurmaya səbəb olub. Məsələ o dərəcədə ciddi bir problem yaradıb ki, onu Mərkəzi Komitənin plenumuna çıxarıblar.
Plenumda çıxış edənlər, Georgi Malenkov, Andrey Jdanov, Andrey Andreyev Kosarevi xalq düşmənləri ilə mübarizədə laqeydlik nümayiş etdirdiyini bildiriblər. Hətta belə fikirlər də səslənib ki, Kosarevin özü də antisovet fəaliyyətdə olanlarla əlbirdir. Bütün iclas boyu susan Stalin sonda məsələyə bir cümlə ilə münasibət bildirib: “Kosareva qarşı bütün ittihamlarla razılaşıram...”

Artıq hər şeyin, özünü müdafiə etməyin, həqiqəti üzə çıxartmağın mümkünsüzlüyünü anlayan Kosarev yalnız bir söz deməklə kifayətlənib. O, üzünü Beriyaya tutaraq “Sən əclafsan” deyə sonuncu fikrini yekunlaşdırıb.
Kosarev bütün vəzifələrindən azad olunub və həbs edilib. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu vətən xaini maddəsi ilə ittiham edib və haqqında ən ağır hökmü, güllələnmə hökmünü çıxarıb. Yuri Andropov da bu hökmdən sonra Yaroslav vilayət Komsomol Komitəsinin birinci katibi seçilib.
İlham Cəmiloğlu, Musavat.com
Tarix: 2-06-2022, 22:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}