Falı tərs gələn əqrəblər


 
O gün bir yazımda ulduz fallarına, bürclərə aid yazıların hələ də populyar olduğuna dair bir neçə cümlə yazmışdım, sonra bu söhbət bir az yoğunladı və dostlardan biri Türkiyədə çıxan “Hurriyet” qəzetinin elektron versiyasında 14 il öncə çap olunmuş yazının linkini göndərdi.
Yazının müəllifi ölkəmizdə də məşhur olan Yılmaz Özdildir, məqalənin başlığı isə “Falan-filan”dır.
Müəllif qəzetçiliyə yeni başladığı vaxt müdiriyyətin sifarişi ilə ulduz falları yazdığını etiraf edir. Amma söhbətinin mabədindən belə anlaşılır ki, özü də azacıq aşın duzu olmayıb, fantaziyasına güc verir, olan-olmaz şeylər uydururmuş. Əlbəttə, jurnalist hansısa rəsədxanaya gedib teleskopla ulduzlara baxası deyildi, baxsa da, milyon işıq ili uzaqlıqda sayrışan ulduzlar ona Mehmetin və ya Sabihanın sabahkı həyatı barədə heç bir informasiya verməyəcəkdi. Ona görə də o, nə gəldi yazırmış, yalnız özü Oğlaq bürcündən olduğu üçün bu bürcə aid yaxşı şeylər uydururmuş - hamının “keşkə, Oğlaq bürcündə doğulaydım” deyəcəyi şəkildə.
Ancaq Yılmaz bəy bir az itoynadan adam olduğu üçün şöbə müdirini əməllicə dolayırmış, onun Balıq bürcündən olduğunu bilirmiş və hər gün bu bürcə aid nəsə xoşagəlməz bir şey (“bu bürcdən olanlar əksərən xaraktersiz, xəsis, yaramaz olur”-filan) yazırmış. Nəhayət, bir gün gənc “astroloq” Balıq bürcündən olanların iqtidarsızlığa, cinsi problemlərə meylli olduqları yazanda müdir onun üstünə gəlib dalaşıb, ondan sonra ulduzlar Balıqlardan əl çəkib, onların da gündəlik taleyi normallaşıb.
Heç demə, o zamanlar Türkiyədə də ulduz fallarının oxucusu çoxmuş və bunu ciddiyə alanların arasında ciddi vəzifə yiyələri də varmış. Bir dəfə məşhur bir polis rəisi “Hurriyet”in redaksiyasına gəlib ki, astroloqonuz ulduzların vasitəsilə bir qalmaqallı qətl işini açmağa kömək etsin.
Bizdə hələlik qafanı o cür qapdıran yoxdur, amma bürc xəbərlərini ciddiyə alanlar az deyil. Elə yazanlar da təxminən Yılmaz Özdil kimi adamlardır.
Son vaxtlar bürclərə dair yazıları kim hazırlayırsa, konkret Əqrəb və Tərəzi bürcündən olanlarla ədavəti var. Adam bu bürclərə bir xoş söz yazmazmı? Yazmır. Belə çıxır ki, ən xəsis, ən sədaqətsiz, ən yalançı, ən fırıldaqçı, ən paxıl, ən cırtqoz, ən təhlükəli bürc bu adı çəkilənlərdir. Adam oxuyur, özündən şübhələnir.
Belə işlərdə pərgar olan dostlardan biri danışır ki, qəzetlərin hər gün ulduz falıyla çıxdığı illərdə bu sahənin mütəxəssisi 3-4 qəzeti müvafiq materialla güclə təmin etdiyi üçün o, bu işi özü görürmüş, ağlına gələni yazırmış. Məsələn, ona pul lazım olanda baş redaktorun bürcünə belə bir qeyd edirmiş: “Üstünüzə borca gələni boş qaytarmayın, ziyanını çəkə bilərsiniz”. Baş redaktor hər gün ulduz falı oxuyur və inanırmış deyə, “astroloq” axşaüstü özünü salırmış onun yanına, avans-filan istəyirmiş və heç vaxt əliboş çıxmırmış.
Bir dəfə isə onun başına kuryoz bir iş gəlib. Başı başqa yazılara qarışıb, orijinal fal hazırlamaq yadından çıxıb, son anda səhifəyə qoymaq üçün növbətçi redaktor ondan material istəyəndə fikirləşib ki, bu dəfə kompüterinin yaddaşındakı köhnə yazılardan birini versin. Elə də edib. Fevral ayıymış, ertəsi gün həmin qəzetin ulduz falında Qoç bürcünün abonentləri üçün belə bir qeyd varmış: “Qovurucu istilərdən qaçıb sərinləmək istəyirsinizsə, çimərliyə gedin, günəşin, ilıq suyun dadını çıxarın. Saat 4-dən sonra getmək məsləhətdir, əks halda dərinizi yandıra bilərsiniz”.
Falsevən oxucular zəng edib söyürmüşlər ki, nə dəniz, nə günəş, sinoptiklər qar deyib, siz nə yazırsınız.
Uzun sözün kəsəsi, əziz oxucular, həyatınızı ulduz fallarına görə qurmasanız yaxşıdır. Əgər falınızda “əlinizə gözləmədiyimiz yerdən çoxlu pul gələcək” yazılıbsa, dərhal ümidlənməyin, pul ağac xəzəli deyil ki, yerə tökülə, süpürgə-xəkəndazla torbaya yığasınız. Camaat gözlədiyi yerdən pul əldə edə bilmir heç.
Yaxud rayona getmək istəyərkən “bu gün uzaq yola çıxmayın, çıxsanız da son dərəcə ehtiyatlı olun” xəbərdarlığı oxuyursunuzsa, səfərinizi təxirə salmayın. Bu qeyd olsa da, olmasa da, ehtiyatlı olmaq borcunuzdur.
Birdəfəlik bilmək lazımdır ki, bütün fallar nağıldır, fırıldaqdır, insanları tovlamaq, pullarını qapazlamaq üçündür. Bunlara inanmayın. Düzdür, ulduz falları ziyansızdır, heç kəs ona görə ziyana düşmür, amma yenə də vaxt itkisidir, boşuna ümid, əbəs yerə əndişə yaradır.
Yazıya nöqtəyə qoyanda saytlarda dərc olunmuş yeni ulduz falına nəzər yetirirəm ki, görüm, o Əqrəb düşməni yenə nəsə yazıbmı? Baxıram ki, bəli, əli tökülmüş yenə yazıb: “Əqrəblər işlərini itirmək riski ilə üzləşirlər və sonda ən dibdə qalırlar. Hər şeyi yenidən başlamalı olacaqsınız, artıq heç nə əvvəllər olduğu kimi olmayacaq. Astroloqlar bu sarsıntının Əqrəblərə çoxlu mənfi emosiyalar gətirəcəyinə inanırlar”.
P.S. Budur, mənfi emosiya gəlib artıq, bəlkə bu şoqərib düzdür?
Tarix: 22-04-2023, 10:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}