KİYEVİN XİLASKARI, “UKRAYNA QƏHRƏMANI”, RUS ƏSİLLİ GENERAL... – Zalujnını əvəz edəcək Aleksandr Sırski kimdir?


"Belədə düşməninizin hərəkətlərini başa düşmək daha asandır. Bununla da onun müxtəlif situasiyalarda nə edə biləcəyini proqnozlaşdırmaq olar".
Bunu Ukrayna Silahlı Qüvvələrinin yeni Baş komandanı, general Aleksandr Sırski müharibənin ilk aylarında “ABC News” telekanalına müsahibəsində özünün Moskvada ali hərbi təhsil almasının faydaları barədə danışarkən deyib.
O, 1986-cı ildə Moskva Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirib. Rusiyanın tanınmış generallarından olan və bir müddət Ukraynadakı rus qoşunlarına rəhbərlik etmiş Aleksandr Dvornikov da həmin hərbi məktəbin məzunudur. Ancaq Sırskinin rus hərbi idarəçiliyini yaxşı anlamasına təkcə Moskvada təhsil alması yox, həm də onun özünün də milliyyətcə rus olması kömək edir.
Sırski Aleksandr Stanislavoviç 26 iyul 1965-ci ildə Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonunun Novinki kəndində anadan olub. Milliyyəti rusdur. 1982-1986-cı illərdə Moskva Ali Ümumqoşun Komandanlıq Məktəbində təhsil alıb. Hətta hazırda da onun Rusiyada çoxlu sayda qohumlarının olduğu bildirilir. Lakin valideynlərinin kimliyi barədə hər hansı məlumata rast gəlinmir. Yalnız atasının da hərbçi olduğu qeyd edilir.
Sırski 1986-cı ildə sovet ordusunda motoatıcı tağım komandiri kimi xidmətə başlayıb. 1993-cü ildə Xarkov vilayətinin Çuqev şəhərində Ukrayna Milli Qvardiyasının 6-cı diviziyasının motoatıcı batalyonunun komandiri olub və Ukrayna Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. 2000-ci ildə general-mayor rütbəsi ilə Kiyev vilayətində 72-ci mexanikləşdirilmiş briqadanın komandiri olub.
General Valeri Zalujnının ən yaxın silahdaşlarından biri olan Sırski Rusiyada ilkin hərbi təhsil alsa da, sonradan Ukrayna Ordusunun NATO-ya inteqrasiyası istiqamətində ən çox iş görən generallardandır. 2014-cü ildə o, Ukrayna ordusunun NATO-ya inteqrasiyasına cavabdeh olan Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlıq Mərkəzinin rəhbərinin birinci müavini olub.

2014-cü ilin yazında Donbassdakı əməliyyatlara cavabdeh olan şəxslərdən biri olub. Müharibə zamanı Donetskdəki Debaltsevo, Uqleqorsk, Loqvinovo, Redkodub uğrunda döyüşlərdə iştirak edib. O, Debaltsevedəki ağır döyüşləri idarə edənlərdən biri olub. 2016-cı ildə o, Ukrayna Silahlı Qüvvələrinin Birgə Əməliyyat Qərargahının rəisi olub. 2019-cu ildə Zelenski Sırskini Quru Qoşunlarının komandanı təyin edib.


2022-ci ildə Syrskinin adı Ukrayna ordusunun bir sıra uğurları ilə bağlı dəfələrlə mətbuatda yer alıb. Həmin il Rusiya ilə Ukrayna arasında müharibənin aktiv mərhələsində Sırski müdafiənin ən kritik sektoruna - Kiyev şəhərinin müdafiəsinə rəhbər təyin edilib. Şəhəri qorumaq üçün Syrski iki müdafiə həlqəsi yaradıb. Birini paytaxtdan kənarda, digərini paytaxtın özündə. O, şəhərin mərkəzini atəşdən qorumaq və rusların Kiyevin həndəvərində döyüşməsinin qarşısını almaq üçün xarici halqanın daxili halqadan mümkün qədər uzaq olmasını təşkil edib.
Sırski payataxtın müdafiəsinə rəhbərlik etdi və Rusiya Silahlı Qüvvələrinin şəhəri tez bir zamanda ələ keçirmək planlarını pozmağa nail oldu. O, 5 aprel 2022-ci ildə buna görə “Ukrayna Qəhrəmanı” adına layiq görülüb. Kiyevin müdafiəsi əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatdı. Şəhər aylarla davam edən döyüşlərdən sonra təslim olunmadı və ruslar “xoşməramlı jest” etmək qərarına gəldilər, tezliklə Kiyevdən və Kiyev bölgəsindən geri çəkildilər.
General Sırskinin idarəçilik üslubunu şərh edən “The Economist”-in analitikləri onun taktikasında mərkəzləşdirilməmiş komandanlığı, ətraflı planlaşdırma prinsiplərini, hiyləgərliyi və aldatma elementlərindən istifadəni qeyd edirlər.
2022-ci ilin iyul ayında o, Xarkov istiqamətində əməliyyata rəhbərlik etdi, nəticədə rus qoşunları şəhərdən artilleriya atəşinin hüdudlarını aşan məsafəyə qovuldu və bu, Xarkov əhalisinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırdı. Sentyabrda isə Sırskinin komandanlığı altında olan qoşunlar Balakleyanı azad etdilər. Bununla da uğurlu Xarkov əməliyyatının əsası qoyuldu.
Sırski Baxmut uğrunda döyüşlərə rəhbərlik etməsi ilə də tanınıb. Doğrudur, bəzi amerikalı hərbi analitiklər strateji baxımdan əhəmiyyətsiz olan şəhərin müdafiəsinə bu qədər resurslar xərcləməyin düzgünlüyünü şübhə altına alırdılar. Ancaq digər tərəfdən, Rusiya ordusunun əhəmiyyətli qüvvələrinin əhəmiyyətsiz bir məqsəd üçün uzunmüddətli mövqe döyüşlərinə cəlb edilməsinin taktiki cəhətdən uğurlu seçim olduğuna dair də fikirlər var.
Ukrayna mətbuatının yazdığına görə o, qoşunlarda əhval-ruhiyyəyə böyük əhəmiyyət verir, hər gün yüzlərlə əsgərdən gələn mesajları oxuyur və mütəmadi olaraq cəbhədəki qoşunlara baş çəkir.
Bir sözlə, Sırski Zalujnı qədər xarizmatik olmasa da, kifayət qədər xidmətləri olmuş sanballı general sayılır. Ona görə də müşahidəçilər onun təyinatını kifayət qədər uğurlu və ordu üçün ağrısız seçim hesab edirlər./“AzPolitika.info” /
Tarix: 9-02-2024, 16:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}