Bu göstəriciyə görə Ermənistan və Gürcüstandan geridəyik - Utancverici statistika


Statistikaya əsasən Azərbaycan əhalisinin cəmi 19 faizi ali təhsillidir. Bu rəqəm qonşu ölkələrə nisbətən olduqca aşağıdır. Məsələn, Rusiyada bu göstərici 56 faiz, Gürcüstanda 31 faiz, Ermənistanda isə 28 faiz təşkil edir. Təhsil mütəxəssisləri ali təhsilli insanların sayının aşağı olmasını müxtəlif səbəblərlə izah edir. 
Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov səbəb kimi əvvəlki illərdə plan yerlərinin az olmasını göstərib:
“1995-ci ildə qəbul edilən Konstitusiyasından sonra Azərbaycanda icbari təhsil məcburi oldu. Söhbət ümumi təhsildən gedir. Amma 1995-ci ilə qədər bununla bağlı ciddi bir tələb yox idi. Hazırda ölkənin 4432 ümumi orta təhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Bir tədris ilində orta məktəblərin birinci sinfinə 160 min uşaq başlayır. Bu onu göstərir ki, təhsilin icbariliyi təmin olunub. Ali təhsilli insanların sayının az olması isə 2019-cu ilə qədər ali təhsil müəssisələrinin qəbul planı yerində ödənişsiz plan yerlərinin sayının və ümumi qəbul planının az olması ilə bağlıdır. Statistikaya baxsaq, hər il məktəbə başlayan 160 min şagirddən cəmi 90 mini məzun olur. Böyük əksəriyyəti müxtəlif səbəblərdən təhsilini yarımçıq qoyur. Məzun olan 90 min nəfərdən isə yalnız 30 minə qədəri ali təhsil müəssisələrinə qəbul ola bilirdi. Ölkə prezidentin müvafiq sərəncamından sonra 2022-ci ildə qəbul plan yeri artırıldı”. 
Ekspert son illər plan yerlərinin artırılmasının ali təhsilli insanların sayını çoxaldacağını bildirib:
“Müqayisə üçün deyim ki, 2010-cu ildə ali təhsil müəssisələrinin qəbul plan yeri 29 min olduğu halda, 2023-cü ildə bu rəqəm 55 min 800 oldu. Yəni ali təhsilli insanların az olmasının başlıca səbəbləri ali təhsil müəssisələrində qəbul plan yerlərinin azlığı, universitetlərin sayının az olması ilə bağlıdır. Məsələn, Norveç, Cənubi Koreya kimi ölkələrdə 25 yaşdan yuxarı ölkə əhalisinin 100 faizə qədəri ali təhsillidir. Ölkəmizdə isə bu rəqəm hər 1000 nəfərə cəmi 17-18 nəfərdir. Ali təhsilli insanların çox olduğu ölkələrdə hər zaman sosial rifah, cinayətlərin az olması müşahidə olunur. Statistik rəqəmlər də göstərir ki, Azərbaycanda ali təhsilli insanların sayı olduqca azdır. Bu isə cəmiyyətdə kifayət qədər neqativ halların meydana gəlməsinə səbəb olur”. 
Tarix: 21-02-2024, 22:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}